lider-media.az

17 oktyabr – Füzuli şəhəri günüdür

Tarix: 17-10-2024, 08:06

Füzulidən başlanan qələbə

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı tarix yazaraq möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsinin 21-ci günündə, 2020-ci oktyabrın 17-də Füzuli şəhəri və ətraf kəndləri erməni işğalından azad edildi. Bundan bir ay sonra, 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev tərəfindən Füzuli şəhərində şanlı Azərbaycan Bayrağı qaldırıldı. Dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən 17 oktyabr – Füzuli şəhəri günü kimi qeyd edilir.Birinci Qarabağ müharibəsi zamanı işğala məruz qalan Füzuli 27 il ərzində ermənilər tərəfindən tamamilə darmadağın edilib. Azadlığına qovuşmuş bütün ərazilərimiz kimi, bu gün Füzulidə də böyük quruculuq və abadlıq işləri aparılır.Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı isə ən müasir səviyyədə inşa edilib və istənilən tip hava gəmisini qəbul etmək imkanına malikdir.Əbədi qürur və iftixar mənbəyimiz olan tarixi Zəfərimizin nəticəsi olaraq artıq Füzuli sakinləri də öz doğma yurdlarına qayıdaraq yenidən tikilən evlərdə məskunlaşırlar. Yenidən qurulan, dirçələn Füzuli şəhərinə həyat yenidən qayıdır.

Zəngin tarixi və mədəniyyəti ilə tanınan Füzuli rayonunda qədim yaşayış məskənləri, tarixi abidələr və təbii gözəlliklər var. Füzulidə aparılan abadlıq və yenidənqurma işləri, şəhərin və rayonun modernləşdirilməsi geniş miqyasda həyata keçirilir. Reallaşdırılan layihələr əraziyə həyat qaytarmaq və Füzulini müasir yaşayış mərkəzinə çevirmək məqsədi daşıyır. Burada yeni infrastrukturlar, o cümlədən yaşayış binaları, məktəblər, xəstəxanalar və yollar inşa edilir. Füzulinin gələcəkdə daha da inkişaf edərək Qarabağın iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilməsi planlaşdırılır.

Füzuli Ermənistanın işğalı nəticəsində ən çox virana, talana və dağıntıya məruz qalmış rayonlardan biridir. Postmüharibə dövründə isə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Füzuli sürətlə yenidən qurulan və abadlaşan rayona çevrilib. Bu mənada, ilk növbədə Füzuli Beynəlxalq Hava Limanının 2021-ci il yanvarın 14-də təməlinin qoyulması və 2021-ci il oktyabrın 26-da açılışı qeyd edilməlidir. Cəmi 9 ay ərzində ən müasir standartlara cavab verən hava limanının inşa edilib istifadəyə verilməsi və bu layihənin tam dağıdılmış, heç bir adi infrastrukturu belə olmayan bir ərazidə həyata keçirilməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətindən, cənab İlham Əliyevin möhkəm siyasi iradəsindən və uzaqgörən strateji baxışından irəli gəlir. Bu hava limanı Füzulinin xüsusən Qarabağın və Şərqi Zəngəzurun hava qapısı rolu oynadığını birmənalı surətdə təsbit edir.

Füzuli rayonunun azad edilmiş ərazilər üçün rolu və əhəmiyyəti təkcə hava limanının inşası ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurun, o cümlədən Şuşanın azad edilməsinə doğru aparan Zəfər yolu məhz Füzulidən başlayır. Qəhrəman əsgərlərimizin faktiki olaraq yolsuzluq şəraitində irəliləyərək addım-addım canları və fədakarlıqları bahasına açdıqları cığırın üzərində Füzuli-Şuşa yolunun təməlinin qoyulması və qısa müddətdə müasir tələblər əsasında və keyfiyyətli surətdə istifadəyə verilməsi, eləcə də Füzuli-Ağdam, Füzuli-Hadrut və digər avtomobil yollarının inşası rayonun Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və məskunlaşması üçün hansı önəm daşıdığını əks etdirir.Füzuli rayonunun işğaldan azad edilməsi tarixi xronologiyası və hərbi əməliyyatların xarakteri baxımından Böyük Zəfərin əldə edilməsində xüsusi əhəmiyyətə malikdir. Biz hələ 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin əmri ilə Füzuli rayonu ərazisində qazanılmış ilk Qələbəni unuda bilmərik. Azərbaycan Silahlı Qüvvələrinin hücumu ilə Füzuli rayonunun 22 yaşayış məntəqəsi erməni işğalından azad edilmişdir. Füzuli rayonunun əhalisinin yarıya qədəri həmin işğaldan azad edilmiş ərazilərdə yaşayırdı. Qazanılmış ilk uğurlar eyni zamanda işğal altında olan bütün torpaqlarımızın düşməndən geri alınacağına olan inancımızın artmasına səbəb oldu.Elə həmin inam da 44 günlük Vətən Müharibəsində qələbənin əldə edilməsinə kömək edən mənəvi gücə çevrildi. Azərbaycan Ordusu 2020-ci il oktyabr ayının 17-də Füzuli rayonunun bir neçə kəndi ilə birlikdə Füzuli şəhərini işğaldan azad etdi. Füzulinin azad edilməsi uğrunda döyüşlər Vətən Müharibəsinin çətin oduğu qədər də xüsusi əhəmiyyətə malik döyüşlərindən biri kimi hərb tariximizin şərəfli səhifələrindəndir.Məlum olduğu kimi, 30 il ərzində düşmən bir neçə xəttdən ibarət müdafiə zolağı yaratmış və möhkəm istehkamlar qurmuşdu. Onlar bu xəttin keçilməzliyinə inanırdılar. Amma Azərbaycan Ordusunun qəhrəmanlığı və iradəsi nəticəsində bu xətt yarıldı və Füzuli qısa müddətdə işğaldan azad edildi. Füzuli döyüşləri ilə Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə və hərbi təchizata malik olduğunu sübut etdi. Ermənilər və bütün dünya artıq Azərbaycanın hərbi gücünü etiraf etmək məcburiyyətində qaldı.İşğaldan azad edilən Füzuli rayonu bu gün yeni inkişaf dövrünü yaşayır. Rayon ərazisi böyük bir tikinti meydanına çevrilib. Füzuli rayonu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səfərləri və səfərlər çərçivəsində müxtəlif təyinatlı layihələrin təməlqoyma və açılış mərasimləri məkanı olmuşdur. Azad edildikdən sonra cəmi 8 ay müddətinə “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi Azərbaycanın iqtisadi qüdrətinin göstəricisi idi. 17 oktyabr Füzulinin işğaldan azad edildiyi, füzulilərin isə yurd həsrətinə son qoyulduğu gün kimi Azərbaycan tarixində əbədi qalacaqdır. Bayramınız, şəhər gününüz mübarək, əziz füzulilər!

Lider-Media.az

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi