lider-media.az

Fond: Taxıl sahələrinə dəyən zərərlər üzrə sığorta ödənişlərinə başlanılıb

Tarix: 16-10-2024, 18:51

Aqrar Sığorta Fondu çoxsaylı hadisələr nəticəsində bitkiçilik və heyvandarlıq sığortası üzrə fermerlərə indiyə qədər ümumilikdə 10 milyon manatdan çox ödəniş edib. Davam edən araşdırmalar və zərər dəyərləndirməsi nəticələrinə görə cari ilin sonuna bu rəqəmin daha da artacağı gözlənilir.

Aqrar sığorta ödənişlərinin 77 faizdən çoxu bitkiçilik üzrə baş vermiş hadisələrə görə həyata keçirilib. İndiyə qədər əkinlərə dəyən zərərə görə fond tərəfindən fermerlərə 7 milyon 784 min manat ödəniş olunub.Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr müavini Ləman Alıyeva-Məmişova bildirib ki, sığorta ödənişlərinin artımı fermerlərin aqrar sığorta sisteminə inamının yüksəldiyini və sistemin əhatəsinin artmasını göstərir.

“2023-cü ildə aqrar sığorta hadisələri üzrə müraciətlər 30 rayondan qeydə alınmışdısa, cari ildə respublikamızın 50 rayonundan müraciətlər daxil olub. Cari ildə qeyri-sabit hava şərtlərinin əkinlərə vurduğu zərərə görə fonda 1700-dən artıq müraciət daxil olub. Müraciət sayı 2023-cü illə müqayisədə 42 faiz artıb. Bu müraciətlər fondun sığorta etdiyi 400 min hektardan artıq əkin sahəsinin 140 min hektarını əhatə edir”, - deyə sədr müavini vurğulayıb.

Sədr müavini bildirib ki, bütün ölkə ərazisini əhatə edən qeyri-sabit təbiət hadisələri arasında güclü yağış, sel-subasma, leysan, fırtına, doluvurma üstünlük təşkil edir. Məhz buna görə də əsas zərər bitkiçilik sahəsində müşahidə olunur. Hazırda bütün bu hadisələr araşdırılır və müvayfiq ödənişlər həyata keçirilir: “Artıq taxıl sahələrinə dəyən zərərlər üzrə sığorta ödənişlərinə başlanılıb, yaxın vaxtlarda pambıq sahələrinə dəyən zərərlərin də tənzimlənməsinə start veriləcək”.

Kənd təsərrüfatı heyvanlarının sığortası şərtlərinə güzəştlərin tətbiq olunması bu sahədə də fermerlərin sığortaya marağının artmasına və zərər ödənişlərinin yüksəlməsinə səbəb olub. 2022-2024-cü illər ərzində heyvandarlıq sığortası üzrə fermerlərə ümumilikdə 2,5 milyon manata yaxın ödəniş edilib. Müraciətlər arasında heyvanların yoluxucu xəstəlikdən və yemdən zəhərlənmə nəticəsində tələf olması hallarına görə ödənişlər üstünlük təşkil edir. Bundan əlavə, vəhşi heyvanların hücumu, ilansancma, ildırımvurma, üçüncü şəxslərin hərəkətləri ödəniş olunan risklər arasındadır.Aqrar Sığorta Fondunun sədr müavini Ləman Alıyeva-Məmişova yeni sığorta mövsümünün başlandığını xatırladaraq fermerləri təsərrüfatlarını vaxtında sığortalamağa çağırıb: “Fermerlərmizi təsərrüfatlarını çoxsaylı risklərdən qorumaq üçün vaxtında sığortaya müraciət etməyə çağırırıq. Eləcə də, mümkün zərərlərin daha yaxşı qarşılanması üçün məhsuldarlıq göstəricilərini düzgün göstərməyi tövsiyə edirik”.

Lider-Media.az

Xatırladaq ki, sığorta haqqının 50 faizi fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilir. Nəticədə əkin sahələrinin sığortası olduqca sərfəli və əlçatandır. 1 hektar taxıl sahəsinin və ya 1000 manatlıq taxıl məhsulunun sığortalanması fermerə cüzi məbləğə, təqribən 8-20 manata başa gəlir.Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun “www.asf.gov.az” rəsmi internet səhifəsindən və səhifədəki “Bitkiçilik sığortası kalkulyatoru” və “Heyvandarlıq sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür. Fermerlər həmçinin Fondun 1651 Çağrı Mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi