Vətən müharibəsinin ilk xanım şəhidi-- Arəstə Baxışova
Baxışova Arəstə Kərim qızı 1989-cu il mayın 4-də Xaçmazda anadan olub. 1995–2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004–2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə təhsil alıb. Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qaldı. Arəstə Baxışova 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi.Arəstə Vətənpərvər olmaqla yanaşı, həm də ana idi. Onu tanıyan hər kəs bilir ki, bu qadın Vətənə, torpağa olan sevgisini hər şeydən üstün tutub. İki azyaşlı övladının olmasına baxmayaraq, Vətəni çətin məqamlarda tək buraxmayıb. Vəziyyətin çətinliyindən qorxmayaraq Vətənin əsgəri olub. Bu gün hər bir azərbaycanlı bu adı eşidəndə qürur hissi keçirməyə bilmir. Azərbaycanın ləyaqətli, qeyrətli, mərd vətənpərvər qadını olan bu xanım, düşmən gülləsinin qurbanı olur.
Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Vətən müharibəsinin başladığı 27 sentyabr günü hərbi formada evə gəlib anasına “mən könüllü cəbhəyə yazılmışam və ordumuzun yaralı əsgərlərinə köməyə gedirəm” – deyir...
...Və iki uşaq anası gənc qadın müharibənin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanır. Bir neçə istiqamətdə yorulmadan vəzifəsini icra edir. Amma ailəsinə döyüşlərin ən qızğın yerlərində olduğunu bildirmir. Onar elə bilirlər ki, Arəstə hərbi hospitalda yaralı əsgərlərə xidmətdədir.
O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhidin anası Məktubə Baxışova vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunmasında qızının da payı olduğu üçün qürur duyur: “Arəstə cəbhədə əsgərlərimizə ana-bacı olub, onlara kömək edib. Ali Baş Komandanın dəmir iradəsi, ordumuzun şücaəti nəticəsində torpaqlarımız işğaldan azad edilib, düşmənə yeri göstərilib. Arəstə də xidməti vəzifəsini yerinə yetirən zaman şəhidlik zirvəsinə ucalıb. Qızım iki övladını mənə əmanət edib. Mən onun ruhu qarşısında söz verirəm ki, iki övladını Vətənə layiqli övlad kimi yetişdirəcəyəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.
Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın oğlu Mərdan Məmmədli : “Mən qəhrəman xanımın oğlu olduğum üçün fəxr edirəm və qürur duyuram. Anamı çox sevirdim. O, bizim qayğımıza qalırdı, ana sevgisi verirdi. Anamın şəhadəti xəbərini qürurla qarşıladıq. Hərbçi olmaq fikrim var. Kiçik yaşlarımdan belə fikrim olub. Yəqin ki, anamın Vətənə bağlılığından belə bir istək məndə yaranıb. Şəhidlər ölmür, onlar hər zaman bizim qəlbimizdə yaşayacaq”.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Arəstə Baxışova ölümündən sonra 2021-ci il mayın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan "Florence Nightingale" medalı ilə təltif edildi.
Vətən, xalq yolunda canını fəda edən, həyatını qurban verən igid oğullarımız və qızlarımızla fəxr edir, qürur duyuruq! Onlar öz vətənpərvərlik borclarını qətiyyətlə, böyük əzmlə yerinə yetirdilər. Şəhidlərimizin qanı ilə alınan torpaqlarda bu gün üçrəngli bayrağımız qürurla dalğalanır. Vətən uğrunda şəhidlik məqamına yüksələn şəhidlərimizin qəhrəmanlıqları, fədakarlıqları heç zaman unudulmayacaq. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Azərbaycan əsgəri torpaqlarımız mənfur düşmənin işğalından azad etdi, ərazi bütövlüyümüz təmin olundu.
2020-ci ilin 27 sentyabrı Azərbaycan xalqının yaddaşında uzun illər Qələbənin, Zəfərin başlanğıc tarixi kimi xatırlanacaq. Məhz həmin gün başlayan haqq savaşımız bizi sonda böyük Qələbəyə apardı. Böyük Qələbə qazanan Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu darmadağın edərək döyüşdə göstərdikləri qəhrəmanlıqlarla sübut etdilər ki, " Qarabağ bizimdir !”, " Qarabağ Azərbaycandır! ”.
Lider-Media.az