lider-media.az

16 oktyabr Ümumdünya Qida Günüdür

Baxış: 268 Tarix: 16-10-2024, 12:32

Etibarlı ərzaq təminatı iqtisadi sabitliyin və sosial dayanıqlığın əsas şərtidir

 

Hər bir dövlətin qarşısında duran ən vacib vəzifələrdən biri əhalinin təhlükəsiz ərzaq məhsulları ilə etibarlı təminatıdır. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxlamış, bunun gələcək nəsillər üçün vacib və aktual olduğunu nəzərə alaraq dövlətçilik strategiyasının əsas elementləri sırasına daxil etmişdir. Ümummilli liderin layiqli davamçısı, Prezident cənab İlham Əliyev də ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı məsələsini  iqtisadi strategiyanın əsas komponenti kimi daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə xüsusi dövlət tədbirləri həyata keçirir.

  Mübaliğəsiz demək olar ki, möhkəm təməl üzərində qurulmuş respublikamızın kənd təsərrüfatı ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunaraq əhalinin ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına ödənilməsi istiqamətində inkişaf edir. Hazırda dövlətimizin diqqət mərkəzində saxladığı ən mühüm problemlərdən biri milli ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir.Ərzaq təhlükəsizliyinin əsas elementi ölkənin milli ərzaq sisteminin iqtisadi baxımından müstəqilliyidir. Strateji məhsullar arasında mühüm yeri tutan taxıl istehsalını artırmaq üçün bugün mühüm addımlar atılır. İlk növbədə məhsuldarlığa xidmət edən iri taxılçılıq təsərrüfatları yaradılır. Təbii ki, bütün bunlar həm ölkəmizin özünütəminatına, həm də xaricdən idxala yönələn maliyyə sərfinin azalmasına ciddi  təsirini göstərir. Bu sahədə atılan addımlar bir daha təsdiq edir ki, dövlətin əsas siyasəti idxaldan asılılığı azaltmaq, ərzaq bolluğu yaradaraq ixrac potensialına münbit şərait yaratmağa yönəlib. Ərzaq təhlükəsizliyinin davamlı olaraq  möhkəmləndirilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir. Müasir şəraitdə isə ərzaq təhlükəsizliyinin təmin edilməsi qlobal xarakter daşıyır. Prezident  İlham  Əliyevin 1 may 2008-ci il tarixdə “Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının hazırlanması haqqında”sərəncamı ərzaq təhlükəsizliyinin təminatı məsələsində yeni bir mərhələnin başlanmasına start verdi. Eyni zamanda dövlət başçısının 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” isə ərzaq təhlükəsizliyi sahəsində ən əsas və aparıcı addımlardan biri oldu.

  Kənd təsərrüfatında sağlam mühitin formalaşdırılması, ərzaq təhlükəsizliyinin təmin olunması iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab olunur. Dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində aqrar sahədə istehsal imkanlarının daha da artırılması üçün önəmli addımlar atılır. Bunun nəticəsidir ki, ölkəmiz kənd təsərrüfatı sahəsində böyük uğurlar qazanılıb. Artıq bəzi kənd təsərrüfatı məhsullarımızın xarici ölkələrə ixrac edilməsi də bu uğurların əyani göstəricisidir.    

  Respublikamızda hazırda kənd təsərrüfatının əməktutumlu sahələrinin inkişaf etdirilməsi qısa müddətdə bu sektorda daha çox insana iş imkanı vermişdir. Qeyd edək ki, aparılan islahatların çoxşaxəliliyi nəticəsində aqroparklarla yanaşı kiçik fermer təsərrüfatlarının inkişaf etdirilməsi həyata keçirilir. Yeni müəssisələrin açılması nəticəsində insanların işlə təminatı ilk növbədə bölgələrdə yaşayan əhalinin sosial rifah halının yaxşılaşdırılmasına təsir göstərir. Bu isə bir daha dövlət siyasətinin əsasında insan amilinin durduğunu göstərir. Dünyada əhalinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi bir şəraitdə ərzaq təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü büruzə verməkdədir. Bu problemin həlli ilk növbədə yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Hazırda ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, kənd təssərrüfatının inkişafı strategiyası uğurla həyata keçirilməkdədir.Dövlət Statistika Komitəsinin məlumatına görə,  2024-cü ilin yanvar-avqust aylarında ölkədə 80960,3 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bunun da 6,0 faizi kənd təsərrüfatının payına düşür.Sözsüz ki, 44 günlük Vətən müharibəsində işğaldan azad edilən torpaqlarımız da  kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Bu torpaqlarda üzümçülük, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı üçün çox böyük potensial vardır. Bu potensialdan düzgün istifadə etməklə, eyni zamanda, aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaq. Qarabağ Azərbaycanın təbii sərvətləri ilə zəngin, həmçinin kənd təsərrüfatı üçün ən münbit torpağı və bol suyu olan ərazidir. Yeni azad edilmiş bu ərazilər təbiət və iqlim qurşağının müxtəlifliyinə görə həm daxili istehlak, həm də ixrac üçün böyük kənd təsərrüfatı istehsalı potensialına malikdir. Sözsüz ki, gözəl təbiəti, yeraltı və yerüstü resursları olan Qarabağ torpaqlarının iqtisadiyyatımıza böyük dividentlər gətirəcəyi şübhəsizdir. Aparılan genişmiqyaslı quruculuq işləri həyata keçiriləndən, insanlar o torpaqlara qayıtdıqdan, torpaqların əkilib-becərilməsindən, sosial-iqtisadi infrastrukturun yaradılmasından sonra  həmin bölgələr inkişafımıza böyük təkan verəcək, öz müsbət təsirini göstərəcək.

 Bu gün uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq kənd təsərrüfatının inkişafının sürətləndirilməsi istiqamətində də genişmiqyaslı işlər həyata keçirilir və reallaşmaqda olan layihələr onu deməyə əsas verir ki, yaxın gələcəkdə respublikamız həm də bu sahədə regionun əsas ixracatçı ölkəsinə çevriləcək. Odur ki, bu sahənin inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. Şübhəsiz ki, əldə olunan uğurların əsasında ardıcıl və düşünülmüş siyasət, fədakar fəaliyyət dayanır.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi