“Ana, bayrağa bükülüb gəlmək bilirsən necə şərəflidir...”-
Xaləddin Cəlilov Ağstafanın 51 şəhidindən biridir. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərib Xaləddin. 2002-ci il aprelin 13-də dünyaya göz açıb. 2008-2016-cı illərdə E. Mustafayev adına Yenigün kənd, 2016-2019-cu illərdə isə Ağstafa şəhərində A. Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Məktəbdə oxuduğu illərdə dürüst, vətənpərvər və intizamlı bir şagird kimi müəllim və şagirdlərin dərin rəğbətini qazanıb. Məktəb illərində rayon, respublika və dünya səviyyəli idman yarışlarında dəfələrlə diplom və medallarla təltif edilib.
2019-cu ildə məktəbi bitirdikdən sonra Azərbaycan İdman Akademiyasına qəbul olunmasına baxmayaraq, təhsilini yarımçıq saxlayaraq Vətənin ağır günündə XTQ sıralarında döyüşə yollanıb. Ordumuzun əsgəri olan Xaləddin Cəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ, Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. Xaləddin Cəlilov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən Xaləddin Cəlilov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" medalı ilə təltif edilmişir.
Xaləddin evin tək oğlu idi. Kiçik yaşlarından idmana böyük marağı olub. Qısa vaxt ərzində idman sahəsində həmyaşıdları ilə müqayisədə kifayət qədər uğurlar qazanıb. Onun nailiyyətləri ölkə sərhədlərini də aşmışdı.
Şəhidimiz 2019-cu ildə Cəlilabad rayonunda keçirilən Mübariz İbrahimovun timsalında bütün şəhidlərin anım gününə həsr olunmuş yarışın qalibi olub. Xaləddin Mübariz kimi qəhrəman olacağını deyirmiş. Elə həmin ilin iyul ayında Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında iştirak edir. Öz çəkisi üzrə bütün rəqiblərinə qalib gələrək, çempion adını qazanır. 2019-cu ilin oktyabr ayının 18-də Ağstafa rayon icra hakimiyyətinin başçısı tərəfindən ilin idmançısı adına layiq görülür, fəxri fərmanla təltif olunur.Xaləddin hərbi xidmətini Cəlilabad rayon N saylı hərbi hissədə çəkib. Xidmət etdiyi müddətdə özünü nümunəvi əsgər kimi tanıdaraq, kəşfiyyat qrupuna seçilib. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. Xaləddin kəşfiyyat qrupu ilə birlikdə 17 post alaraq, yüzlərlə erməni əsgərini məhv edib. Murovdağ istiqamətində gedən döyüşlər zamanı ağır yaralanır. Elə həmin istiqamətdə də şəhid olur.Tez-tez telefon etməyi sevməyən şəhid ölümündən əvvəl ailəsi ilə əlaqə saxlayıb: “Salamatam, məndən narahat olmayın” deyə söyləyib. Sonuncu dəfə anası ilə danışır. Anasına “sən bilirsən bayrağa bükülüb gəlmək necə şərəflidir?
18 yaşlı bir şəhidin də arzuları yarımçıq qaldı. Şəhidlik zirvəsinə ucalan vətən övladlarının mübarizliyi həm də Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsidir.
Lider-Media.az