Biz Sizlərə borcluyuq
“Evimizdən bayraq asın”
Vətən müharibəsinin unudulmaz qəhrəmanlarından biridir Elnur Talıbov. Ömrünün 24 yaşında sevdiyi vətənin azadlığı uğrunda canından keçib.Elnur Gəgiş oğlu Talıbov 1996-cı ilin 26 dekabrında Lerik şəhərində anadan olub. 1998-ci ildə valideynləri ilə birgə Lənkəran şəhərinə köçüblər. 2003-cü ildə Lənkəran şəhər 9 saylı tam orta məktəbin 1-ci sinfinə gedib və 2014-cü ildə həmin məktəbin 11-ci sinfini başa vurub. 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılan Elnur Abşeron rayonunun Pirəküşgül qəsəbəsində yerləşən N saylı hərbi hissəyə göndərilib. 2016-ci ilin "Aprel döyüşləri"ndə göstərdiyi xüsusi qəhrəmanlığa görə təşəkkürnamə və fəxri fərmanla təltif olunub. Həmin ilin iyul ayında xidmətini başa vurduqdan sonra evinə, ata-anasının yanına qayıdıb.
2020-ci ilin iyul ayında baş verən "Tovuz döyüşləri" zamanı Elnur döyüşdə iştirak etmək üçün könüllü olaraq SHXÇDX rayon şbəsindən qeydiyyatdan keçir. Lakin Elnur döyüşə göndərilmir. Nəhayət onun səbirsizlikə gözlədiyi məqam gəlib çatır. 2020-ci il sentyabr ayının 27-də Vətən müharibəsi başlayan zaman Elnur həmin ayın 21-də çağırılır və döyüş bölgəsinə yola salınır. Müharibənin ilk günüdən etibarən döyüşdə yüksək qəhrəmanlıq və şücaət göstərən Elnur bir sözlə düşmənə qan uddurur. Düşmənə sinə gərir, sarsıdıcı zərbələr endirir və xeyli sayda canlı qüvvəsini məhv edir. Sentyabr ayının 29-da onun olduğu tabor çoxlu şəhid verdikləri üçün tabor komandiri tərəfindən "geri çəkilirik" əmri verilir. Lakin Elnur "Komandir, biz əgər geri çəkiləcəkdiksə, bəs niyə gəlmişik? Mən geri çəkilmək istəmirəm, döyüşmək istəyirəm" -cavabını verir və həmlə taboruna qoşularaq döyüşə davam edir. Qəhrəman Elnur 2020-ci ilin oktyabr ayının 5-də Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olur. Elnur noyabr ayının 1-də Lənkəran şəhərində, "Kiçik Bazar" adlanan qəbiristanlığda böyük izdihamla dəfn edilir.
Şəhidin qardaşı onun haqqında belə xatırlayır: "Qardaşım sonuncu dəfə sentyabr ayının 29-da danışdı. Danışığı mənimlə oldu. Mənə "Qardaşım, evimizdən bayraq asın, atam-anam sənə əmanət. İnşallah oğlun olsa, ona mənim adımı qoyarsan" vəsiyyətini etdi. Onun döyüş yoldaşlarının dediklərinə görə, Elnur döyüşdə mərdliklə, igidliklə iştirak edib. Qarşısı alınmaz bir qəhrəman olub, düşmənə çoxlu sayda sarsıdıcı zərbələr endirib. Ancaq irəliyə doğru hərəkət etməyini fikirləşib".Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Elnur Gəgiş oğlu Talıbov ölümündən sonra "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif edilib.Vətən yolunda həyatını qurban verən Elnur adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı. Ömrü yarımçıq qırıldı, həssas qəlbi, duyğusu ilə Vətənə, torpağa, el-obaya bağlanmış bu igidin. Düşmən onun ömrünə nöqtə qoysa da əbədiyyətə çevrilmiş Vətən sevgisini, həyatda qoyduğu izləri heç vaxt silə bilməyəcək. Elnur xalqımızın yaddaşında qəhrəman bir gənc kimi yaşayacaq.
Lider-Media.az