TARİXİMİZİN ŞANLI ZƏFƏR SALNAMƏSİ
Bu gün dünya siyasətçiləri İlham Əliyevin mükəmməl siyasi lider, strateq olmasından bəhs edir. Xarici siyasəti necə məharətlə həyata keçirməsindən fəxarətlə söz açır. Bəli, Vətən müharibəsi bizə bir daha sübut etdi ki, cənab Prezident xalqını sevən, ölkəsinin rifahı, inkişafı üçün çalışan liderdir. Cənab Prezident üçün bu il heç də asan keçmədi: bir tərəfdən dünyanı cənginə alan koronavirusun yaratdığı çətinliklər, bir tərəfdən dünya iqtisadiyyatında baş verən çətinliklərin Azərbaycana təsir etməməsi üçün görülən işlər, digər tərəfdən dünyanın ən şərəfsiz, xəbis, xain, nankor düşməni ilə müharibə etmək... Bu işğal bizim gözümüzü kölgəli, başımızı aşağı etmişdi. Bəli, havadarları sayəsində ermənilərin torpaqlarımızı işğal etməsi, sərvətlərimizi talan etməsi bizim yaralı yerimiz idi. Ölkə Prezidentinin uzaqgörənliyi, düşünülmüş siyasəti tarixi qələbəmizə tuşlanmışdı. Bu gün böyük fəxarət hissi ilə deyə bilərik ki, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi, yenilməz iradəsi və rəşadətli Azərbaycan Ordusunun yenilməzliyi, şücaəti ilə 30 ilə yaxın bir müddətdə düşmən tərəfindən işğal olunmuş torpaqlarımız azad olundu. Cəmi 44 gün davam edən Vətən müharibəsində Şanlı Ordumuz tərəfindən düşmən ordusu tamamilə dağıdıldı, 80 faizə qədər hərbi sursatı və çoxlu sayda canlı qüvvəsi məhv edildi. Beləliklə, 30 illik işğala son qoyuldu. Düşünülmüş siyasət nəticəsində, Ağdam, Laçın, Kəlbəcər rayonları isə siyasi yolla, heç bir itki vermədən tam azad olundu və bu qələbə dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Ümumiyyətlə, Azərbaycanın Silahlı Qüvvələri sülhün və əmin-amanlığın keşiyindədir.
İnsanlarımızın, sərhədlərimizin təhlükəsizliyi naminə sayıqdır, mətanətlidir. O, hər hansı bir təcavüzün qarşısını qətiyyətlə almağa və maneələri dəf etməyə qadirdir. Şəhidlərimizin ruhunu sevindirməyə, qisasını almağa nail olan, çətin döyüşlərdə misilsiz hünər göstərən, öz qəhrəmanlıq nümunələri ilə dünyanı heyran qoyan və hərb tariximizə qızıl səhifələr yazan Silahlı Qüvvələrimizlə hər birimiz fəxr edirik. Əlbəttə, bu, dünyaya məlum olan bir həqiqətdir. Uzun illər Azərbaycan dövləti, ölkə rəhbəri, xalqımız təcavüzkarların əməllərinə, torpaqlarımızın işğal altında qalmasına dözdü, ümidini beynəlxalq təşkilatların qətnamələrinə, qərarlarına, böyük dövlətlərin vədlərinə bağladı. Danışıqlara, sülhə dəyər verdi, təşəbbüslərə, çağırışlara inandı. Bununla yanaşı, müharibənin qaçılmaz olduğunu anladı. Ölkə iqtisadiyyatı inkişaf etdirildi, ordu quruculuğu möhkəmləndirildi, əsgər və zabitlərin peşəkarlığı artırıldı, müasir silahlar alındı və onlardan mükəmməl istifadə olunmasının üsulları öyrənildi.
Güclü və qüdrətli bir ordu yaradıldı, silahlı qüvvələrin təchizatına, modernləşdirilməsinə, hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə böyük qayğı və diqqət göstərildi. Məhz, onun nəticəsində bu misilsiz tarixi qələbə əbədiyyətə qədər yaddaşlara, tarixə qızıl hərflərlə yazıldı. Həmin gün tarix yazan, Qarabağı 44 gün içərisində işğaldan azad edən, dövlət rəhbərimiz cənab İlham Əliyev QARABAĞIN İŞĞALDAN azad edildiyini böyük sevinc içərisində vurğuladı. On milyondan çox Azərbaycan xalqı sevinc göz yaşlarını tuta bilmədi. Çünki həmin gün Şəhidlərimizin qisası alınmışdı. Bu Qələbəni xalqımıza yaşatdığı üçün göstərdiyi şücaətə, möhtəşəm iradə və mübarizəyə görə möhtərəm Prezident İlham Əliyevə və Müzəffər Ordumuza minnətdarıq! Müzəffər Ali Baş Komandanın rəhbərliyi, yenilməz iradəsi və rəşadətli Azərbaycan Ordusunun yenilməzliyi, şücaəti ilə torpaqlarımız azad olundu. Bəli, bu qələbə bizim haqqımız idi. Bu gün hər bir Azərbaycan vətəndaşı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın qələbəsi ilə başa çatması sevincini yaşayır. Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, Dünya Azərbaycanlıları!
Lider-Media.az