Türkiyə kitabxanaları ilə əlaqələr genişləndirilir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru dosent Hüseyn Hüseynov Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi yanında Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ankara şəhərində işgüzar səfərdə olub.
Səfər müddəti MEK rəhbəri Türkiyənin Millət Kitabxanasının rəhbəri Ayhan Tuğlu, Türkiyə Milli Kitabxanasının baş direktoru Taner Bəyoğlu, Qazi Universitetinin Mərkəzi Kitabxanası və Türkiyənin bir sıra tanınmış universitetlərinin kitabxana rəhbərləri ilə görüşlər keçirib.
Görüş zamanı MEK-in direktoru rəhbərlik etdiyi kitabxananın yaranma tarixi, fəaliyyəti, həyata keçirdiyi layihə və təşəbbüsləri, elektron kitabxanası, o cümlədən beynəlxalq əlaqələri haqqında məlumat verib, həmçinin Ankara kitabxanalarının fondları, mövcud imkanları ilə yaxından tanış olub. Kitabxanaların hər birinə Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti və qədim tarixi haqqında kitablar hədiyyə edən dosent Hüseyn Hüseynov qarşılıqlı əməkdaşlığın faydalı olacağını və bundan tərəfdaş kitabxana oxucularının da bəhrələnəcəyini bildirib, kitab mübadiləsi haqqında razılığa gəlinib. Türkiyə kitabxanalarının rəhbərləri də öz növbəsində Azərbaycan-Türkiyə kitabxanaları arasında birgə əməkdaşlığın önəmini vurğulayaraq, kitabxana işi sahəsində qabaqcıl təcrübələrə dair fikir mübadiləsi aparıblar.
MEK-in direktoru səfər zamanı, həmçinin oktyabrın 9-da AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və onun rəhbərlik etdiyi bir qrup nümayəndə heyəti ilə birgə Məhəmməd Füzulinin 530 illik yubileyi çərçivəsində Qazi Universitetində keçirilən növbəti mötəbər tədbirdə- dahi şair və mütəfəkkirin zəngin irsinə həsr olunmuş simpoziumun açılışında da iştirak edib.
Ankaraya işgüzar səfər çərçivəsində Türkiyənin aparıcı kitabxanaları ilə sıx əməkdaşlıq əlaqələri qurulub və gələcək əməkdaşlığın perspektivləri müəyyənləşib.
Lider-Media.az