lider-media.az

Qalib Azərbaycanın Müzəffər Sərkərdəsi

Tarix: 10-10-2024, 10:53

Müasir müharibə yalnız döyüş əməliyyatları ilə məhdudlaşdırılmır, o həmçinin diplomatiya, iqtisadi, informasiya və təbliğat sahəsində də davam edir. 44 günlük Vətən Müharibəsi də bütün bu amilləri özündə birləşdirdi və Azərbaycan hər sahədə düşmənə "qan uddurdu".Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu coxvektorlu və balanslı xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq cevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Prezident İlham Əliyev dünya siyasətinə təsir gücünə malik beynəlxalq aktor statusunda dövlət başçısıdır. Bu statusuna tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir. Hər dövlət başçısına nəsib olmayan bu unikal şəxsi keyfiyyətlərin daşıyıcı olan Prezient İlham Əliyev harada çıxış etməsindən və mövqe bildirməsindən asılı olmayaraq artıq start vəziyyətində qarşı tərəf və ya tərəflər üzərində ilkin üstünlüyünü təmin etmiş olur.

Xalqa müraciətində Ali Baş Komandan bəyan etdi ki, biz öz torpaqlarımızda vuruşuruq, erməni əsgəri Azərbaycan torpaqlarını tərk etməyincə əməliyyatlar dayanmayacaq. Sülh danışıqları isə o zaman başlaya bilər ki, Ermənistan rəhbərliyi ordusunun torpaqlarımızdan nə zaman çıxması ilə bağlı Azərbaycana təqvim planı təqdim etsin. Əks təqdirdə düşmən məhv ediləcək.

Ali Baş Komandanın xalqa müraciətindəki mətinlik, qətiyyət onu göstərdi ki, cənab İlham Əliyev güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz liderinə arxalanır və qələbə müjdəsini səbirsizliklə gözləyirdi ki, bu da çox çəkmədi. Müzəffər Komandanın “dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Azərbaycan Ordusunun hər döyüşü qəhrəmanlıq dastanına çevrildi. İgid Azərbaycan oğulları şərəfləri ilə ən böyük tariximizi yazdılar, qanları, canları bahasına, heç nədən qorxmadan, çəkinmədən, ölümün gözünə dik baxaraq xalqın 30 illik həsrətinə son qoydular. 

Hər bir xalqın tarixində xilaskar rolunu oynayan Lider var. O Lider xalqının taleyüklü məsələsinin həllində xilaskarlıq missiyasını üzərinə götürüb cəsarət nümayiş etdirir və adını əbədi olaraq dövlətinin şanlı tarixinə yazdırır. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan Ali Baş Komandan İlham Əliyev məhz həmin liderlərdən biridir. Çünki məhz İlham Əliyevin Sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. 

Məhz cənab İlham Əliyevin diplomatik məharətinin nəticəsində Ermənistan illərlə möhkəmləndiyi, “keçilməz” istehkamlar qurduğu Ağdamı, Laçını, Kəlbəcəri bir güllə atılmadan Azərbaycana qaytardı. Bu, Ali Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, cəsarətinin təntənəsi idi. Şanlı Zəfərlə cənab İlham Əliyev hər bir azərbaycanlının qəlbində əbədi heykəlini ucaltdı və bir daha alternativsiz Lider olduğunu isbatladı.
  Qarabağı “dəmir yumruq”la azad edən Ali Baş Komandan bu gün dəmir iradə ilə qədim yurdumuzu yenidən qurur. Bütün şəhər və qəsəbələrin, rayonların, kəndlərin baş planını təsdiq edir və aparılan tikinti-quruculuq işləri ilə şəxsən maraqlanır. İşğaldan azad edilən ərazilərimizə Qalib Sərkərdə kimi səfər edərək düşmənə gözdağı verir. 
 Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən parlaq səhifələri və həlledici məqamları məhz lider fenomeni və liderlik amili ilə əlaqədardır. XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycan dövləti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaos və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoyub. 

Ulu Öndərin xalqımız qarşısında müstəsna xidmətlərindən biri isə siyasi varisliyin təmin edilməsidir. 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Ümummilli Lider Heydər Əliyevin inamı özünü doğrultdu, 15 oktyabr 2003-cü il tarixində xalqın cənab İlham Əliyevə böyük etimadı nəticəsində dövlətçilik tariximizin yeni və möhtəşəm mərhələsinin əsası qoyuldu. 

Bütün vədlərinə sadiq olan və xalqın etimadını doğruldan Lider  Cənab İlham Əliyev 31 oktyabr 2003-cü il tarixdə keçirilən andiçmə mərasimindəki nitqində “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır”, - deyə bildirmişdi. İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra verdiyi bütün vədlərə əməl edib, Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. Bu isə xalqın Prezident İlham Əliyevə inamını və güvənini daha da artırıb. Azərbaycan xalqı həm də onunla qürur duyur ki, dünya miqyasında nüfuzlu siyasətçi olan cənab  İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanın təkcə sürətli inkişafını təmin etməyib. Onun ideyaları, əməli fəaliyyəti həm də bəşəriyyətin inkişafına vacib töhfələr verib. Bu gün  Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafında, dünya miqyasında təhlükəsizliyin təmin olunmasında çox əhəmiyyətli rol oynayır.

Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, idarəetmənin səmərəliliyinin artırılması və digər mühüm addımlar Azərbaycanın uzunmüddətli inkişafını təmin edir. Beləliklə, Azərbaycan ötən 21 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib, bütün sahələrdə yüksək nailiyyətlər əldə edilib. Azərbaycan inkişafın milli modelini yaradıb.

 Bu gün Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, dahi şəxsiyyət Heydər Əliyev özünün qurub-yaratdığı şah əsəri olan müstəqil respublikamızın taleyini öz məktəbinin layiqli davamçısı cənab İlham Əliyevə əmanət edib. Heydər Əliyev dühasından bəhrələnərək onun siyasi kursunu 21 ildir ki, ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində bu gün müstəqil Azərbaycan daha möhtəşəm gələcəyə doğru addımlayır.

Lider-Media.az

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi