lider-media.az

Azərbaycanın milli ruhda tərbiyə almış vətənpərvər gəncləri

Tarix: 7-10-2024, 11:00

Gənc nəsil təkcə döyüş meydanında deyil, arxa cəbhədə də özünün birlik və bərabərliyini düşmənə sübut etdi

 

 “Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, - bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, - yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada birinci yaşayış kompleksinin açılışında və şəhərə köçmüş ilk sakinlərlə görüşündə bildirmişdir.

“Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi.”-deyə, dövlət başçısı söyləyib.

Prezident, Ali Baş Komandanın 44 günlük Vətən müharibəsi dövründə xalqa müraciətlərindəki mətinlik, qətiyyəti onu göstərirdi ki, cənab İlham Əliyev güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz liderinə arxalanır və qələbə müjdəsini səbirsizliklə gözləyirdi ki, bu da çox çəkmədi. Müzəffər Komandanın "Dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu düşməni diz çökdürdü. Azərbaycan Ordusunun hər döyüşü qəhrəmanlıq dastanına çevrildi. "Dəmir yumruq” Müzəffər Ali Baş Komandanın müdrikliyinin və uzaqgörənliyinin, zəka və bacarığının, habelə iradə, qətiyyət və mənəvi gücünün göstəricisidir!

Vətən Müharibəsində Azərbaycanın sağlam, cəsur, qəhrəman bir nəslin yetişdiyini gördük. Onların hamısı Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi. Gənclər torpaq, Vətən uğrunda vuruşdular, 30 illik Vətən həsrətinə öz canları, qanları hesabına son qoydular.  Müharibədə həm də gənc, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bir yumruq kimi birləşdi.Vətənpərvər, milli ruhda tərbiyə almış gənc nəslin təkcə döyüş meydanında deyil, arxa cəbhədə də özünün birlik və bərabərliyini düşmənə sübut etdi.

 Dövlət başçısının  yenilməz siyasi iradə və qətiyyəti, Ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini şərtləndirən əsas amillər oldu. İgid Azərbaycan oğulları şərəfləri ilə ən böyük tariximizi yazdılar, qanları, canları bahasına, heç nədən qorxmadan, çəkinmədən.

 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrupu komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olmuş, bir gözünü döyüş əməliyyatlarında itirmiş qazi Kamil Musəvi hələ 2019-cu il fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı duyğulu anlar yaşatmışdı. Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi tədbirdə çıxış edən K.Musəvi Ali Baş Komandanın “İrəli” əmrinə qazilərin də hər an hazır olduğunu bildirirdi. “Kimlərsə düşünər ki, vücudlarının hər hansısa bir üzvünü itirmiş insanlar nə cür döyüşə bilər. Amma, ayağımız yoxdur, sürünərək, gözümüz yoxdur, hiss edərək döyüşə gedəcək. Yetər ki, yaşasın xalqımız, yetər ki, var olsun müstəqil Azərbaycanımız”.

 Kamilin bu çıxışdan düz il yarım sonra-2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Sevincli, qürurlu, kədərli bir dövrü özündə cəmləşdirən Vətən müharibəsi zamanı xalqımız əsl vətənpərvərlik və birlik nümayiş etdirdi. Yaşından, cinsindən, mənsubiyyətindən, vəzifəsindən asılı olmayaraq hər kəs 44 günlük tarixi Zəfər müharibəsində öz prezidentinə və ordusuna inandı, onların ətrafında “Dəmir yumruq” kimi birləşdi, hər cür dəstəyini müzəffər Azərbaycan ordusuna yönləndirdi. Sözsüz ki, bu müharibədə Azərbaycan gənclərinin rolu böyük oldu. Minlərlə gənc Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışını səssiz qoymadı, müharibənin ilk anlarından etibarən könüllü şəkildə ordumuzun tərkibində bu tarixin bir parçası olmaq üçün yazıldılar. Vətənpərvər gəncləri də vətəndaş olmaqdan öncə vətənin daşı olmağın necə bir hiss olduğunu dünyaya göstərdilər. Onların vətən, yurd sevgisinə heç nə mane olmamışdı.    

      Könüllü olaraq cəbhəyə gemək istəyənlər minlərlə, on minlərlə idi. Gəncləri oraya toplayan Qarabağ sevgisi, vətən eşqi idi. Talışı, Murovu, Suqovuşanı, Cəbrayılı, Füzulini, Daşaltını aşıb, Şuşaya, Qarabağa Şanlı Bayrağımız sancmağa gedirdilər. onları yola salan valideyinlərdən, bacı-qardaşlardan  isə ancaq bu söz eşidilirdi: “Qarabağsız, Şuşasız geri dönməyin. Allaha əmanət olun”.

 Bəli, onlar getdilər və bütün anaların, ataların, o böynu bükük tarixi yaşayan insanların arzularını gerçək edib döndülər. Kimisi qəhrəman, qazi kimi, kimisi də... Onlar Qarabağımızı azad etdilər! Bu müharibə göstərdi ki, Azərbaycanda vətənpərvər və milli ruhda tərbiyə almış gənc nəsil yetişib. Bu illər ərzində onlarda düşmənə nifrət hissi Qələbəyə apardı və Azərbaycanın tarixi ədaləti bərpa etməsinə töhfə verdi.Şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanı döyüş meydanında alındı. Ərazi bütövlüyümüz, suverenliyimiz, beynəlxalq hüququmuz, milli ləyaqətimiz bərpa edilməklə bu gün azad xalq kimi yaşayırıq, qururluyuq və bundan sonra bu topaqlarda əbədi yaşayacağıq.

 Azərbaycanın gəncləri ölkəmizin bu günü, gələcəyi və sabahına olan ümididir. Vətən müharibəsi bir daha əminlik yaratdı ki, Azərbaycanın böyük və güclü gələcəyi var.Gənclərimiz Vətən həsrətinə öz canları, qanları hesabına son qoydular. İşğal altında olan torpaqlarımızın azad edilərək azadlığa qovuşmasında minlərlə gənc şəhidlərimizin qanı və bütün qəhrəman qazilərimizin şücaəti var. Vətən onları heç zaman unutmayacaq!

                                                                                                          

Lider-Media.az

  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi