"Təhsildə Yeni Çağırışlar" V Beynəlxalq Forumu keçirilib
Oktyabrın 4-də ADA Universitetində "Təhsildə Yeni Çağırışlar" V Beynəlxalq Forumu keçirilib.
Beynəlxalq Forum Elm və Təhsil Nazirliyi, Dünya Təhsil Forumu və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və ADA Universitetinin təşkilatçılığı, “Azərbaycan müəllimi” qəzeti, Təhsil TV və “Azərbaycan məktəbi” jurnalının media dəstəyi ilə hibrid formada reallaşıb.
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən və COP29 ideyasını özündə ehtiva edən beynəlxalq forum “Daha təhsilli gələcək” devizi ilə baş tutub.
Forum Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev sözügedən forumun təhsil haqqında müzakirələri peşəkar səviyyəyə qaldıran bir platforma olaraq əhəmiyyətini vurğulayıb və artıq 5-ci dəfə keçirilməsini yüksək qiymətləndirib. Dünyanın bütün təhsil sistemlərində oxşar problemlər olduğunu və onların müzakirəsinin faydalılığını qeyd edən Emin Əmrullayev ölkəmizin təhsil fəlsəfəsi, təhsil liderliyi, elmi tədqiqatlara əsaslanan təhsil prosesi, təhsilin məzmunu, müəllimlər üçün bilik qədər insani keyfiyyətlərin də əhəmiyyətli olması, ali təhsilə baxış məsələlərinə toxunub.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin təhsil sahəsində qlobal trendlərə qoşulmaq üçün çox geniş imkanlar yaradacağına inamını ifadə edən Emin Əmrullayev məktəblərdə ətraf mühit savadlılığı ilə bağlı ölçmələr aparılmasının, yeni mədəniyyət və davranışların formalaşmasının vacibliyini vurğulayıb.
Nazir sonda müəllim adının məsuliyyətini bir daha xatırladaraq 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Forumun moderatoru, "T-Network" platformasının rəhbəri Cəfər Mənsimi qonaqları salamlayaraq forumun məqsəd və əhəmiyyəti barədə danışıb. Bildirib ki, forumun təşkilində əsas məqsəd təhsildə yeni çağırışları müzakirə etmək, ekoloji təhsilə, xüsusilə "yaşıl təhsil" ideyasına diqqəti artırmaq, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır. Forum “Ekoloji savadlılıq və davranış mədəniyyəti, təhsildə yaşıl çağırışlar və öhdəliklər, yaşıl bacarıqlar strategiyası: təhsilin gələcəyi və ekoloji innovasiyalar, təhsildə liderlik və ekoloji səmərəlilik, yaşıl öyrənmə mühiti və müəllim hazırlığı, təhsildə iştirakçılıq və əməkdaşlıq ekosistemi” mövzularını əhatə edir.
Daha sonra Dünya Təhsil Forumunun direktoru Dominik Savaj “Məktəblər yaşıl bacarıqları effektiv inkişaf etdirmək üçün hansı təşəbbüsləri həyata keçirə bilərlər?" mövzusunda təqdimatla çıxış edib. Dominik Savaj ətraf mühitin qorunmasında gənc nəslin rolunun daha önəmli olduğunu, buna görə də ailədə və məktəbdə onların özlərinə dəyər verən şəxsiyyət kimi formalaşmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, özünü dəyərli hiss etməyən insan planetə də hörmət etməz və ona dəyər verməz.
Dominik Savaj bildirib ki, dünya iqlim dəyişikliyinin təsirləri ilə mübarizə apararkən adətən onun təhsilə təsiri nəzərdən qaçırılır. Halbuki planetin artan temperaturu və istilik dalğaları təkcə ətraf mühiti təhdid etmir, həm də bütün dünyada milyonlarla uşağın təhsilinə mane olur. O qeyd edib ki, məktəblər yaşıl bacarıqları effektiv inkişaf etdirmək üçün təşəbbüslər həyata keçirə bilər.
Uşaqlarda yaşıl bacarıqların formalaşmasında COP29-un yaxşı bir fürsət olduğunu deyən Dominik Savaj əlavə edib ki, ölkələrin kurikulum sistemində də iqlim dəyişikliyi mütləq nəzərə alınmalıdır.
Foruma onlayn qatılan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer isə “Dayanıqlı inkişaf yolunda təhsil” mövzusunda geniş təqdimat edib. Andreas Şleyxer PISA tədqiqatları əsasında müxtəlif ölkələrdə 15 yaşlı məktəblilərin ekoloji savadlılığının təhlil nəticələri və təbiət fənlərinə diqqəti artırmaqla planetin gələcəyinə sərmayə qoymağın vacibliyindən danışıb.
Forum çərçivəsində Estoniyada ekoməktəblər üzrə koordinator Maris Məgi “Ekoloji şüurlu şagirdləri necə yetişdirmək olar? Ekoməktəblərdən dərslər”, ADA Universitetinin prorektoru Vəfa Kazdal “Təhsildə iştirakçılıq və əməkdaşlıq ekosistemi”, pedaqogika üzrə tanınmış alim, təhsil tədqiqatçısı Özgür Bolat “Təbiət uşaqların nailiyyətlərinə və xoşbəxtliyinə necə təsir edir?” mövzularında təqdimatlarla çıxış ediblər. Təqdimatlarda ekoməktəblərin təcrübəsindən, fənlərarası inteqrasiyanın artırılmasının yaşıl dünya tələblərinə cavab vermək baxımından vacibliyindən, valideyn-övlad, müəllim-şagird münasibətlərindən danışılıb.
Beynəlxalq forum çərçivəsində “Təhsildə hansı yaşıl çağırışlar var və bu çağırışlar hansı öhdəliklər yaradır?”, “Təbiətlə dost olan şagirdlərin yetişdirilməsi üçün hansı addımların atılmasına ehtiyac var?”, “Ekoloji savadlılıq və davranış mədəniyyətinin inkişafına təkan vermək üçün təhsildə hansı ənənəvi yanaşmaları yeni yanaşmalarla əvəz etmək lazımdır?”, “Yaşıl məktəb ideyası mövcud kurikulumlara necə inteqrasiya olunmalıdır?” sualları ətrafında da müzakirələr aparılıb.
Qeyd edək ki, forumun əsas tərəfdaşlarından biri sayılan Dünya Təhsil Forumu təhsil və bacarıqlar nazirlərinin ən böyük illik toplantısıdır. Hər il Londonda keçirilən Dünya Təhsil Forumunda dünya əhalisinin 80 faizindən çoxunu təmsil edən nazirlər və onların baş məsləhətçiləri gələcək təhsil siyasətini müzakirə etmək üçün bir araya gəlirlər.