lider-media.az

AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANLARI

Tarix: 1-10-2024, 07:16

   1 oktyabr Azərbaycanın Milli Qəhrəmanı İmamverdi  Əliyevin doğum günüdür

 

 Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətə və rəşadətə görə verilən Azərbaycanın Milli Qəhrəmanı adı 1992-ci il martın 25-də təsis edilmişdir. Bu adı daşıyan milli qəhrəmanlarımızın hər birinin ailəsi, ya vərəsəsi dövlətimizin daimi qayğısı ilə əhatə olunublar. Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların, qanlı döyüşlərdə misilsiz şücaət göstərənlərin qəhrəmanlığı elə yüksək dərəcəyə çatmışdır ki, bu insanlar ölkəmizin ən ali fəxri adına-Milli Qəhrəman adına layiq görülmüşlər. Milli Qəhrəmanların həyat yolunu, döyüş şücaətlərini hər bir Azərbaycan vətəndaşı bilməli, ondan nümunə götürməli, təbliğ etməlidir.

 Əliyev İmamverdi Barat oğlu 1950-ci il oktyabrın 1-də İmişli rayonunun Qulabəyli kəndində doğulub. 1969-cu ildə Kürdmahmudlu kənd orta məktəbini bitirdikdən sonra İmişli rayon Hərbi Komissarlığına göndərişi ilə Saatlı rayon 9 saylı texniki-peşə məktəbinin sürücülük kursuna deaxil olub. 1970-ci ildə sürücü peşəsinə yiyələnib, hərbi xidmətə gedir. 1972-ci ildə ordudan tərxis olunur və Bakı şəhəri Yasamal rayon Daxili İşlər Şöbəsində sürücü-milis nəfəri kimi əmək fəaliyyətinə başlayır. 1973-77-ci illərdə o, Bakı Maliyyə-Kredit Texnikumunun tələbəsi, 1978-ci ildə isə Bakı Xüsusi Milis Məktəbinin kursantı olur. İmamverdi Əliyev təhsilini başa çatdırdıqdan sonra Daxili İşlər Nazirlyinin göndərişi ilə İmişli rayon DİŞ-nin mühafizə bölməsində baş inspektor vəzifəsində çalışır.1987-ci ildə artıq o, İmişli RDİŞ-də sahə müvəkkili işləyirdi.

 1988-ci ildən başlayaraq Ermənilərin Azərbaycana təcavüzü və torpaq iddiaları İmamverdini gecə-gündüz rahat buraxmırdı. O, bütün varlığı ilə cəbhəyə getməyə can atırdı. Dağlıq Qarabağı işğalçılardan təmizlənməsində iştirak etmək istəyirdi. 

  90-cı illər… Torpaqlarımızın bütövlüyü uğrunda qanlı döyüşlər başlamışdı. Bir azərbaycanlı kimi İmamverdi Əliyevin də ürəyində düşmənə qarşı nifrət hissi alovlanırdı.1991-ci ildə İmişli RDİŞ-nin bir qrup əməkdaşını Cəbrayıl rayon DİŞ-nə ezam etdilər. Onların arasında İmamvedri Əliyev də var idi. O, dəfələrlə ölümlə üzbəüz gəlsə də, çevikliyi, döyüş əzmi sayəsində bütün xatalardan qurtula bilmişdi. Ağır döyüşlərdə düşmənin 4 tankını sıradan çıxarmışdı.

 15 noyabr 1991-ci il… Erməni yaraqlıları Hadrut rayonun Şaqax kəndinə hücuma keçmişdi. Yüzlərlə erməni yaraqlısna qarşı cəmi 17 nəfər polis əməkdaşı döyüşürdü. Həmin döyüşdə ermənilərin 4 tankını sıradan çıxarmışdı. Döyüşdə xüsusi rəşadət göstərən İmamverdi Əliyev qəhrəmancasına həlak oldu. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə Əliyev İmamverdi Barat oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adı verilib. Adına İmişli rayonunda küçə var. Qulubəyli kənd orta məktəbi də Milli Qəhrəmanın adını daşıyır. İmişli rayon polis şöbəsi binasının önündə büstü qoyulub. İki övladı yadigar qalıb.

 Respublikamızın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə-Şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq!!!  Bu gün qəhrəman şəhidimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur, ehtiramla anır.

 Ürəyi Vətən sevgisi ilə döyünən və Vətən üçün canından keçməyi belə gözə alan Vətənin qəhrəman övladları heç vaxt   unudulmayacaq. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi