AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANLARI
1 oktyabr - Azərbaycanın Milli Qəhrəmanı Kazım Məmmədovun doğum günüdür
Qəhrəmanlar nudulmur! Belə qəhrəmanlardan biri də Birinci Qarabağ müharibəsi şəhidi Kazım Ərşad oğlu Məmmədovdur. 1969-cu il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində dünyaya göz açmışdır. 1976-cı ildə buradakı 1 saylı orta məktəbə daxil olmuş, 1986-cı ildə oranı bitirmişdir. Həmin il sənədlərini Gəncə İnşaat Texnikumuna vermiş və tələbə adını qazanmışdır.
Kazım 1988-ci ildə ordu sıralarına çağırılır. Hərbi xidmətini Çelyabinsk şəhərində çəkir. 1990-cı ildə ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirmək üçün Gəncəyə gəlir. O vaxt Azərbaycanın üstünü qara buludlar almışdı. Erməni yaraqlıları tez-tez bölgələrimizə hücumlar edirdilər. Ermənilərin torpağlarımıza hücumu onu narahat edirdi. Kazım Məmmədov buna dözməyərək, texnikumun qiyabi şöbəsinə keçir. 1991-ci ilin fevralında Cəbrayıl rayon Daxili İşlər Şöbəsində post-patrul xidmətində işə başlayır və tezliklə də cəbhəyə yollanır. O, ilk gündən öz vəzifə borcunu məsuliyyətlə yerinə yetirir.
15 noyabr 1991-ci il… Gecədən xeyli ötmüşdü. Vəziyət gərgin olaraq qalırdı. Ermənilər böyük qüvvə ilə Xocavənd rayonunun Zamzur kəndinə hücuma keçir. Qüvvələr qeyri-bərabər idi. Sayca üstün olan düşmən hər vəchlə sədləri qırmağa çalışır, döyüşçülərimizi geri çəkilməyə məcbur edirdilər. Mühasirə həlqəsi getdikcə daralırdı. Kazım boş evlərdən birini özünə münasib mövqe seçir. Bir neçə yaraqlını məhv edir. Düşmən geri çəkilmək bilmir, getdikcə qüvvələrini cəmləşdirirdi. Güllələr dolu kimi Kazımın üzərinə yağırdı. Kazım isə ölümün gözünə dik baxaraq erməni qəsbkarlarına təslim olmur. Ermənilər daha da azğınlaşaraq binaya od vururlar. Bina alova bürünür. Kiçik çavuş Kazım Məmmədov burada qəhrəmancasına həlak olur. Böyük Mərcanlı kəndində dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Məmmədov Kazım Ərşad oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Cəbrayıl rayon Böyük Mərcanlı kənd tam orta məktəbi onun adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur. Adına 3 mükafat təsis edilmişdir.
Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Azərbaycan əsgəri torpaqlarımız mənfur düşmənin işğalından azad etdi, ərazi bütövlüyümüz təmin olundu.
2020-ci ilin 27 sentyabrı Azərbaycan xalqının yaddaşında uzun illər Qələbənin, Zəfərin başlanğıc tarixi kimi xatırlanacaq. Məhz həmin gün başlayan haqq savaşımız bizi sonda böyük Qələbəyə apardı. Böyük Qələbə qazanan Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu darmadağın edərək döyüşdə göstərdikləri qəhrəmanlıqlarla sübut etdilər ki, " Qarabağ bizimdir !”, " Qarabağ Azərbaycandır! ”.
Kazım Ərşad oğlu Məmmədovun torpaqlarımızın işğaldan azad olunması naminə göstərdiyi şücaət onun kimi qəhrəmanların ömür yolu gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir. Kazımın və onun kimi qəhrəmanlıqla döyüşən, şəhidlik zirvəsinə ucalan bütün igidlərimizin ömrü bu məmləkətdə nəsildən-nəsilə insanlara ötrülən bənzərsiz bir örnək, əvəzsiz bir nümunə olacaq. Qısa ömür-cəmi 22 il yaşasa da əziz xatirəsi xalqımızın qəlbində əbədi qalacaqdır.