lider-media.az

VƏTƏNİN QƏHRƏMAN OĞULLARI

Tarix: 29-09-2024, 06:39

29 sentyabr - Azərbaycanın Milli Qəhrəmanı Zakir Yusifovun doğum günüdür

 Respublikamızda, Vətənin azadlığı uğrunda şəhid olanların xatirəsinə daim hörmətlə yanaşılır. Tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda, qəhrəman oğullarımız silaha sarılaraq Vətənin müdafiəsinə qalxdı. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda xalqımızın qeyrətli, mübariz oğulları “Təki vətən sağ olsun” deyib canlarını fəda etdilər.

 İstər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ döyüşlərində respublikamızın bütün bölgələrindən fədakar və vətənpərvər eloğulları Ana Vətənimizin və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda qorxu nədir bilmədən özlərini odun-alovun içinə ataraq qəhrəmanlıq göstərmişlər. Kimisi, yeni dünyaya gələn körpəsini qoyub gedib, kimisi də canından çox sevdiyi valideynlərini. Döyüş yoldaşlarını tək buraxmamaq, vətəni düşməndən qorumaq üçün fədakarlıq edən həmin döyüşçülərdən biri də Birinci Qarabağ döyüşlərinin şəhidi, Milli Qəhrəman  Zakir Yusifovdur.

Yusifov Zakir Tofiq oğlu 1956-cı il sentyabrın 29-da Bakı şəhərində dünyaya gəlib. O, orta məktəbə Xətai rayonundakı 194 saylı orta məktəbdə gedir. 1974-cü ildə orta məktəbi bitirən Zakir sənədlərini Sosovski adına Mülki Təyyarəçilik məktəbinə verir və qəbul olur. 1977-ci ildə təhsilini bitirərək Yevlax rayonunda işləməyə başlayır. O, burda AN-2 təyyarəsinə komandir təyin olunur. Bununla kifayətlənməyən Zakir yenidən sənədlərini Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə verərək  qiyabi  şöbəsinə  qəbul  olur və 1988-ci ildə buranı bitir.

 Müharibə şəraitində yaşayan bir dövlət üçün əsas amillərdən olan eskadrilyanın yaradılmasına Zakir Yusifov Milli Qəhrəman Yavər Əliyevlə nail olur. Keçirilən hərbi təlimlərin ardınca Qarabağımızın müdafiəsi üçün onun səmalarında uçuşlar həyata keçirir. Beləcə Zakirin döyüş yolu Füzuli-Xocavənd istiqamətindən başlayır. Onun bu istiqamətlərdə keçirdiyi hərbi uçuşlar çox uğurlu alınır. Ən uğurlu uçuşu isə 11 aprel tarixində olur ki, aldığı tapşırıq əmrini uğurla yerinə yetirib geri dönür. Zakir 100- dən artıq hərbi uçuş tapşırıqlarını yerinə yetirərək düşmənin xeyli sayda zirehli texnikasını sıradan çıxardır. O, tək Füzuli və Xocavənd rayonlarında yox, eyni zamanda Tərtər, Ağdərə, Laçın və Şuşakənddə də xeyli sayda hərbi tapşırıqlar yerinə yetirir.

Onun göstərdiyi bu şücaət, sözün əsl mənasında qəhrəmanlıq kitabının səhifələrini yazmışdı. Zakirin sonuncu uçuşu Laçın rayonunun Səfiyan kəndi istiqamətində olur. 1992-ci il 11 oktyabr tarixində Səfiyan kəndi istiqamətində Zakir aldığı döyüş tapşırığını yerinə yetirərkən  ermənilər onun təyyarəsini vurur. Vertalyotun hərbi heyəti qəzada şəhid olur.

 Bu qəhrəman təyyarəçimizin məzarı paytaxtdakı Şəhidlər xiyabanındadır. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli Fərmanı ilə Zakir Tofiq oğlu Yusifova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Vaxtilə təhsil aldığı 194 saylı orta məktəb və paytaxt küçələrindən biri Milli Qəhrəmanımızın adını daşıyır. Bu cəsur təyyarəçimiz eyni zamanda da gözəl ailə başçısı idi. Onun iki övladı yadigar qalıb.

Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan hər bir Vətən övladının xatirəsi hər zaman bizim üçün əzizdir. Azərbaycançılıq məfkurəsinə könüldən bağlı olan bu insanlar unudulmazdır, onların adları əbədi olaraq Vətən tarixinə yazılıb.

Müstəqil Azərbaycanın ərazi bütövlüyü və dövlətçiliyimizin müdafiəsində vətənpərvər oğullarımız yaddaşlarda əbədi yaşayacaqlar.

     Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi