Müəllimlərin sertifikatlaşdırılması prosesi vacibdirmi? - Ekspert açıqladı
“Təhsilverənlərin sertifikatlaşdırılması prosesi Azərbaycanda bu sistemdə keyfiyyətin yüksəldilməsi məqsədilə həyata keçirilən vacib addımlardan biridir. Bu proses müəllimlərin peşəkar bacarıqlarının artırılması, tədrisin keyfiyyətinin yaxşılaşdırılması və ümumilikdə təhsil sistemində şəffaflığın təmin edilməsinə yönəlib”.
Bunu Lider.media-az-a təhsil üzrə ekspert Kamran Əsədov deyib.
“Sertifikatlaşdırma prosesi vasitəsilə müəllimlərin bilik və bacarıqları daha obyektiv qiymətləndirilir. Bu, onların tədris keyfiyyətinin artırılmasına təkan verir. Bundan başqa, sertifikat alan müəllimlər daha yüksək əmək haqqı almağa və peşəkar səviyyədə inkişaf etməyə stimul əldə edirlər. Bu, təhsilverənlərin daha çox öz üzərində işləməsinə, innovativ tədris metodlarını tətbiq etməsinə gətirib çıxarır. Nəticədə məktəblərdə tədrisin keyfiyyəti artır və tələbələr daha yaxşı təhsil alır. Sertifikatlaşdırma həm də müəllimlərin kompetensiyaları əsasında yerləşdirilməsini təmin edir. Bu da güclü və zəif müəllimlərin müəyyən edilməsi və təlimlərə yönləndirilməsinə səbəb olur”.
Ekspert müsbət hallarla yanaşı, mənfilərin də olduğunu açıqlayıb. Belə ki, sertifikatlaşdırma prosesində bəzi müəllimlər üçün ciddi psixoloji təzyiq yaranır. Xüsusilə yaşlı müəllimlər üçün bu proses olduqca stresslidir, nəticədə onların iş keyfiyyəti azala bilər.
“Bundan başqa sertifikatlaşdırma prosesinin qiymətləndirmə meyarları və obyektivliyi barədə müəyyən narahatlıqlar mövcuddur. Bəzi müəllimlər öz bilik və bacarıqlarının tam olaraq əks olunmadığını bildirir. Böyük şəhərlərdə və paytaxtda çalışan müəllimlər sertifikatlaşdırma prosesinə daha yaxşı hazırlaşa bilsələr də, kənd rayonlarında resurs çatışmazlığı olan müəllimlər üçün bu, çətin keçə bilər”.
Analitikin fikrincə, sertifikatlaşdırma prosesində iştirak edən müəllimlərin nəticələri bu prosesin gələcək təhsilin keyfiyyətinə təsirini ölçmək üçün əsas göstəricilərdən biridir. Məsələn, sertifikatlaşdırılmış müəllimlərin iş keyfiyyətində artım müşahidə olunarsa, tədris olunan fənlər üzrə nailiyyətlərdə də inkişaf gözlənilir. Həmçinin sertifikatlaşdırma prosesindən uğurla keçməyən müəllimlərin peşə inkişaf proqramlarına yönləndirilməsi nəzərdə tutulur.
O, əlavə edib ki, bu proses təhsilin məzmununa yenidən baxılmasına və daha müasir, effektiv təlim metodlarının tətbiqinə təkan verə bilər. Müəllimlər müasir tədris metodlarını tətbiq etmək üçün daha yaxşı hazırlanmış olurlar. Bu da şagirdlərin akademik nəticələrinə müsbət təsir göstərə bilər:
“Ümumiyyətlə, müəllimlərin sertifikatlaşdırılması təhsilin ümumi keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Bunun nəticəsində məktəblərdə daha bilikli və peşəkar müəllimlərin sayı artacaq, bu da təhsilin daha keyfiyyətli olmasına şərait yaradacaq”.
Kamran Əsədov dünya təcrübəsindən də söz açıb. Belə ki, dünyanın bir çox ölkələrində müəllimlərin sertifikatlaşdırılması prosesi artıq uzun müddətdir ki, tətbiq olunur. Məsələn, ABŞ, Kanada və Avropa ölkələrində sertifikatlaşdırma müəllimlərin təlim keyfiyyətini ölçən əsas meyar kimi qəbul olunur. Təcrübə göstərir ki, sertifikatlaşdırma təhsilin keyfiyyətinin yüksəldilməsinə və müəllimlərin peşəkarlıq səviyyəsinin artmasına böyük təsir edir.
Beləliklə, sertifikatlaşdırma prosesi müəllimlərin peşəkar inkişafı üçün vacibdir və tədrisin keyfiyyətini artırmaq məqsədilə həyata keçirilən ən mühüm addımlardan biridir. Bununla yanaşı, prosesin obyektivliyinin təmin olunması və müəllimlərin psixoloji hazırlığının artırılması kimi problemlərin həll edilməsi lazımdır ki, təhsil sistemi daha yüksək keyfiyyətli nəticələrə nail ola bilsin.