lider-media.az

27 SENTYABR - ZƏFƏRƏ APARAN YOLUN İLK GÜNÜ

Baxış: 327 Tarix: 27-09-2024, 06:01

     Bu gün xalqımız 27 sentyabr – Milli Anım Gününü qeyd edir. Artıq 44 gün davam edən, şanlı Qələbəmizlə bitən müharibədən dörd il ötür. Sözsüz ki, 44 günün hər anı Azərbaycan xalqının yaddaşına həkk olunub.

    2020-ci il 27 sentyabrında Ali Baş Komandan xalqa müraciət edərək Ermənistanın cəbhəboyu ərazilərimizdə genişmiqyaslı təxribat törətdiyini və nəticədə həm hərbi qulluqçularımız, həm də mülki vətəndaşlarımız arasında itkilərimizin olduğunu bildirdi. Eyni zamanda, Azərbaycan Ordusunun bütün cəbhəboyu əks-hücuma keçdiyini bildirən ölkə başçımız artıq bir neçə kəndin işğaldan azad olunduğu barədə məlumat verdi. Həmin gündən etibarən ölkədə hər bir vətəndaş bütün gündəlik qayğılarını, problemlərini bir kənara qoyaraq cəbhədən gələn xəbərlərə kökləndi.  Gələn xəbərlər isə   xalqımızı sevindirir, Ordumuz və Ali Baş Komandanımızla bir daha fəxr etməyə səbəb olurdu. Tədadüfi deyil ki, həmin günlərdə ölkə başçısının “tvitter” səhifəsinin izləyiciləri də bir anda yüz minlərlə izləyici izləyirdi. Çünki prezidentimiz işğaldan azad olunan ərazilərimiz barədə tvitter hesabında məlumat verirdi. Beləliklə, 2020-ci ilin sentyabr-noyabr ayları Azərbaycanın tarixinə xalq-ordu-iqtidar birliyinin ən yüksək təzahürü kimi düşdü. Ölkədə kimliyindən, yaşından, sosial vəziyyətindən, siyasi düşüncəsindən asılı olmayaraq hər bir kəs bir oldu, Ordusuna, Ali Baş Komandanına dəstək verdi. Əlbəttə ki, bu gözlənilən idi. Çünki, Qarabağ bütün Azərbaycanın şərəf məsələsi idi. İllərlə həll olunması üçün səbrsizliklə gözlənilən bir məsələ idi. Bu məqamda Prezident İlham Əliyevin bir fikri yada düşür: “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!”.

     Bəli, ölkə başçımız təmkinlə, səbrlə ərazi bütövlüyümüzün sülh yolu ilə təmin olunmasına səy göstərdi. 27 sentyabr 2020-ci il! Qeyd etdiyimiz kimi, baş verən hadisələr, illər boyu gedən proseslər sonda müharibəni qaçılmaz etdi. 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə ümumerməni oyunlarında çıxışı zamanı “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı, daha sonra Azərbaycana qarşı irəli sürdüyü qəbuledilməz şərtlər, Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələməsi, Tovuz istiqamətində baş verən təxribat, həmin ilin avqustunda uğursuzluqla nəticələnən diversiya cəhdi və daha bir çox hadisələr sonda səbr kasasını daşırdı və Azərbaycanı əks-hücuma məcbur etdi. Müharibə bütün bu hərəkətlərə ən tutarlı cavab oldu. Sübut olundu ki, Qarabağ Azərbaycandır və nida.

      Həmin günlərdə hətta o torpaqlarda heç vaxt olmayan gənclərimiz belə fəalmübarizə apardı və nəticədə Ermənistan tərəfi ağ bayraq qaldırmağa məcbur oldu. Noyabr ayının 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Beləliklə, Azərbaycan tarixi ədaləti,  ərazi bütövlüyünü bərpa etdi, 30 illik zülmə son qoydu, BMT-nin düz 27 il kağız üstündə qalan qətnamələrini özü, öz gücünə icra etdi. Prezident İlham Əliyev xalqa müraciətində dedi: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq”.  Təbii ki, bu, asan olmadı. 44 gün ərzində dostu da, düşməni də, riyakarlığı da, qardaşlığı da bir daha gördük. Yanımızda olanlarla, qarşımızda duranlar bir daha özünü göstərdi. 30 il ərzində öz missiyasını həyata keçirməkdə aciz olan təşkilatların, həmin günlərdə işğalçıya necə dəstək durmağa çalışdığın izlədik. Xüsusilə, missiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumun üç üzvündən biri olan Fransanın işğalçıya açıq dəstək verməkdən çəkinməməsi bizləri təəccübləndirdi. Əlbəttə ki, Azərbaycan xalqı və rəhbərliyi Fransanın illərdir davam edən ermənipərəst mövqeyinin fərqində idi.  Real olan yalnız bir həqiqət var ki, Azərbaycan müstəqil dövlətdir və onun ərazi bütövlüyü bütün dünya və o cümlədən, Fransa tərəfindən tanınıb. Və Fransanın indiki mövqeyi tarixən qəbul etdiyi və imzası ilə təsdiq etdiyi öz fikirlərinə belə hörmətsizlikdir. Bu da son deyil. Müharibə yekunlaşdıqdan sonra bölgə ilə heç bir əlaqəsi olmayan dövlətlər, Qərb bloku  Azərbaycanın daxili işinə qarışaraq yersiz, əsassız, tarixi reallığa əsaslanmayan bəyanatlar verdi. Amma bu mənasız cəhdlərin hər biri ölkə başçımız tərəfindən qəti şəkildə cavablandırılaraq, neytrallaşdırıldı. Beləliklə, artıq müharibənin başlamasının dörd ilini qeyd ediyimiz bir dövrdə reallıq onu göstərir ki, hansı ölkənin nə deməyindən, nə istəməyindən  asılı olmayaraq Azərbaycan öz torpaqlarını işğaldan azad edib və indi həmin zonada güclənir. Həmin ərazilərdə yenidənqurma, bərpa-quruculuq işləri həyata keçirir və görülən işlərlə bağlı xeyli irəliləyiş də əldə olunub. Azərbaycanın gücü Ermənistanı və onu dəstəkləyən, ona havadarlıq edən ölkələri sözün əsl mənasında məyus edir.  Hər nə qədər çırpınsalar da, ortaya “status”, dəhlizin yolverilməzliyi kimi arxasında dura bilməyəcəkləri fikirlər atsalar da yaxşı bilir ki “dəmir yumruq” yerindədir və lazım gələrsə,  bir daha Ermənistanın başına enəcək. Ən sərt formada.

                                                                                  Nurəngiz Adilqızı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi