“Xaricdə təhsil şirkətləri insan alveri ilə məşğuldur” – EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Hər il avqust-sentyabr təhsil sahəsində ən qaynar aylar sayılır. Bir çox tələbələr yerli təhsil ocaqlarına, qalanları isə xaricə üz tutur. Təəssüf ki, paralel olaraq təhsil dələduzları da bu zaman ortaya çıxmağa başlayır. Xaricdə təhsil adı altında insanların pullarını alıb, onları aldadırlar. Şüarları isə belədir: “Təkcə attestatla, ölkədən kənara çıxmadan dünyanın nüfuzlu ali məktəblərinə qəbul almaq mümkündür”. Lakin bu heç də belə deyil. Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xaricdə onlayn formada təhsillə bağlı xəbərdarlıq edərək bildirib ki, tanınma (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi) Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (bundan sonra Qaydalar) əsasən yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə həyata keçirilir.
Təhsil eksperti Elçin Əfəndi isə Lider-media.az-a bildirib ki, xaricdə təhsil çox riskli məsələdir. Belə ki, vətəndaşlar burada dəllallar, işbazlarla qarşılaşa, hətta insan alverinin qurbanına çevrilə bilərlər. Bir sıra şirkətlər var ki, insanların pulunu alır və onlara yalan vədlər verirlər. Vətəndaşlar belə şirkətlərdən uzaq durmalıdır.
Ekspert tələbələrə və onların valideynlərinə dövlət xətti ilə rəsmi qəbul almağı tövsiyyə edib. Hazırda gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı mövcuddur.