lider-media.az

Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Baxış: 307 Tarix: 9-09-2024, 14:51

2024-cü ilin dekabr ayında Azərbaycanın Xalq şairi, ictimai xadim, Dövlət mükafatları laureatı Nəbi Xəzrinin (Nəbi Ələkbər oğlu Babayevin) anadan olmasının 100 ili tamam olur.

Nəbi Xəzri Azərbaycan ədəbiyyatını yeni poetik obrazlarla zənginləşdirərək onun inkişafında özünəməxsus rol oynamış görkəmli söz ustasıdır. Çoxcəhətli yaradıcılığı boyu sənətkar insanın mənəvi aləminin saflığını geniş lirik-epik lövhələrlə tərənnüm etmiş və daim ülvi ideallarla yaşamağa çağırmışdır. Azərbaycan xalqının tarixi-mədəni yaddaşının bir çox səhifələri onun yüksək vətəndaşlıq qayəsindən yoğrulan əsərlərində öz bədii təcəssümünü tapmışdır. Təbiət gözəlliklərinə vurğunluq və doğma torpağa bağlılıq hissləri aşılayan Nəbi Xəzri poeziyası dərin lirizmi, ifadə tərzi və həyata fəlsəfi münasibəti ilə səciyyələnir. Nəbi Xəzrinin dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuş və müəllifinə şöhrət qazandırmışdır. Nəbi Xəzri eyni zamanda ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, Azərbaycan mədəniyyəti və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq işlər görmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Nəbi Xəzrinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 


İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 9 sentyabr 2024-cü il.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi