Azərbaycan - Özbəkistan strateji tərəfdaşlıq münasibətləri daha da möhkəmlənir
Müasir müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Bütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini dəfələrlə bəyan edən ölkəmiz ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə layiqli töhfələr verir. Etibarlı tərəfdaş, sözü ilə əməli bir olan, dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıq yaradıb. Regionda və dünyada nüfuzu durmadan artan Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir.
Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlərin əsası 1995-ci ildə qoyulub. Amma xalqlarımızın ənənəvi dostluq və qardaşlıq münasibətlərinin tarixi müstəqillik illərindən əvvəl başlayıb. İki ölkənin möhkəm dostluq, qardaşlıq əlaqələri uzun illərin sınağından keçərək yüksək səviyyəyə çatıb. Bu günə qədər Azərbaycan və Özbəkistan arasında əlaqələr bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf edir və ölkələrimiz ən vacib məsələlərdə daim bir-birinə dəstək göstərirlər. İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq üçün yaxşı perspektivlər formalaşıb. Artıq Özbəkistan-Azərbaycan liderləri arasında səfərlər mütəmadi xarakter daşıyır, eləcə də münasibətlərin dərinləşməsinə xidmət edir. Prezident İlham Əliyevlə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli şəxsi münasibətlərə malik olması iki ölkə arasındakı əlaqələrin inkişaf dinamikasına mühüm təkan verir. Dövlət başçısının 21-22 iyun 2022-ci ildə Özbəkistana dövlət səfəri zamanı Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamənin, eləcə də Şavkat Mirziyoyevin 22-23 avqust 2023-cü ildə Azərbaycana dövlət səfəri zamanı Azərbaycan-Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında müqavilənin imzalanması əlaqələrimizi daha da möhkəmləndirib. Özbəkistan keçmiş Qarabağ münaqişəsində də ölkəmizin ədalətli mövqeyini hər zaman dəstəkləyib. İşğaldan azad olunan ərazilərimizin bərpası istiqamətində Özbəkistanın təşəbbüsü ilə Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəb binası inşa edilib.
Prezident İlham Əliyevin 22-23 avqustda Özbəkistana növbəti dövlət səfəri xüsusi məqamlarla yadda qalıb. Qardaş ölkəyə dövlət səfərinə gedən Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddəki Heydər Əliyev Meydanında ümummilli liderin barelyefi önünə gül dəstələri qoyub, daha sonra Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər. Avqustun 23-də Daşkənddəki "Kuksaroy" dövlət iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin strateji müttəfiqlik xarakteri daşıması məmnunluqla vurğulanıb, enerji, nəqliyyat, turizm sahələrində əməkdaşlıq müzakirə olunub, beynəlxalq və regional məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni gündə Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib.
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin vacib məqamlarından biri də Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması olub. Həmçinin hər iki ölkənin rəsmi şəxsləri müxtəlif sahələrdə 10-dan çox sənədi imzalayıblar. Həmin sənədlər arasında 2024-2026-cı illər üzrə turizm sahəsində Fəaliyyət Planı, 2024-2026-cı illər üçün mədəni-humanitar əməkdaşlıq üzrə yol xəritəsi, məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlıq haqqında, peşə təhsili, orta ixtisas, ali təhsil və elm sahəsində əməkdaşlıq haqqında protokol imzalanıb və başqa sahələr üzrə əməkdaşlıq haqqında razılığa gəlinib. Daşkənddə sənədlərin mübadiləsi mərasimi başa çatdıqdan sonra prezidentlər - İlham Əliyev və Şavkat Mirziyoyev mətbuata bəyanatla çıxış ediblər. Dövlətimizin başçısı vurğulayıb: "Bu gün biz rəsmən müttəfiqlər olduq. Əslində razı olardım ki, bu, tarixi məqamdır. Müttəfiqlik münasibətlərinə dair müqavilə iki ölkənin imzalaya biləcəyi ali səviyyədə beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldu. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək".
Şavkat Mirziyoyev müttəfiqlik münasibətlərinə dair müqavilənin imzalanmasını tarixi hadisə kimi dəyərləndirib: "Özbəkistanın müttəfiqlik münasibətləri saxladığı ölkələrin sayı çox azdır, amma indiyədək heç bir ölkə ilə bu cür qısa müddətdə belə müqavilə imzalanmayıb. Biz bu gün tarix yazdıq. Bu tarix öz təcəssümünü Azərbaycan və Özbəkistan xalqlarının rifahında tapacaq".
Göründüyü kimi, Azərbaycan-Özbəkistan münasibətləri milli-mənəvi, mədəni əlaqələrlə məhdudlaşmır. Bu əlaqələr müasir trendlərə uyğun olaraq iqtisadi və siyasi çalarlar daşıyır. Strateji müttəfiqlik hər iki tərəfə dividendlər qazandırır. Prezident İlham Əliyevin Daşkəndə dövlət səfərinin proqramında Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əlaqələrin genişləndirilməsi xüsusi yer tutub. Bu isə şübhəsiz ki, gələcəkdə daha böyük layihələrin həyata keçirilməsinə imkan verəcək.