ADA Universiteti Özbəkistanın ali və orta məktəblərində təhsil proqramları təqdim edəcək
ADA Universiteti Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə fevralın 19-dan 24-dək bu ölkənin ali və orta məktəblərində təhsil proqramları təqdim edəcək.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, hazırda ADA Universitetində İctimai və Beynəlxalq münasibətlər, Hüquqşünaslıq, Biznes, Təhsil, Dizayn və Memarlıq, Kənd təsərrüfatı və Qida elmləri fakültələrində bakalavriat və magistratura səviyyələrində ixtisaslar təklif olunur. Bununla əlaqədar, ADA Universitetinin mütəxəssislərindən ibarət nümayəndələrin Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində yerləşən ali və orta təhsil müəssisələrində görüşü və sərgidə iştirakı nəzərdə tutulur.
Özbəkistanın tədrisi ingilis və rus dillərində olan orta məktəblərinin sonuncu sinif şagirdləri üçün ADA Universitetinin bakalavr proqramlarının, ali təhsil müəssisələrinin isə sonuncu kurs tələbələri üçün magistratura proqramlarının təqdimatı keçiriləcək.
Təqdimatlar paytaxt Daşkənd şəhəri ilə yanaşı, Səmərqənd şəhərindəki universitetlər və orta məktəblərdə baş tutacaq.