ERMƏNİSTAN TƏXRİBATÇI ƏMƏLLƏRDƏN ÇƏKİNMƏLİDİR
İkinci Qarabağ müharibəsində əldə etdiyimiz Qələbə Azərbaycanın gücünü bir daha göstərdi. Ölkəmiz Ermənistanın 200 illik işğalçılıq siyasətinə son qoymaqla ərazi bütövlüyünü bərpa etdi. İstər müharibə zamanı, istərsə də münaqişə bitdikdən sonrakı dövrdə ölkəmiz qonşu dövlətə sülh, barışıq təklifi etmiş, regionun əmin-amanlıq şəraitində yaşayışı naminə böyük səy göstərmişdir. Bu gün də proses davam edir. Azərbaycan sülh istəyir, Ermənistan isə əksinə. Münaqişənin sona yetməsinə baxmayaraq, yenidən bəzi dövlətlər tərəfindən silahlandırılır, fürsət düşdükcə sərhəddə gərginlik yaratmağa çalışır. Fevralın 12-də yenidən sərhəddə atəş səsləri eşidildi. Belə ki, Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyi Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri tərəfindən atəşə tutulmuş, "N" saylı hərbi hissənin əsgəri yaralanmışdır. Snayperdən açılan atəş nəticəsində yaralanan hərbi qulluqçu Xəlilzadə Pərviz Ağakişi oğlu ərazidən təxliyə olunaraq tibb müəssisəsinə yerləşdirilmişdir. Növbəti dəfə sakitliyi pozan Ermənistan bu addımı məqsədyönlü şəkildə atmış və yenidən vəziyyəti gərginləşdirməyə çalışmışdır. Çünki snayper silahını sərhəddə yerləşdirib, qarşı tərəfə atəş açmaq planlaşdırılmış haldır. Azərbaycan Silahlı Qüvvələrinin apardığı əməliyyat nəticəsində ermənilərin postu tamamilə dağıdılıb və döyüş mövqeləri susdurulub. Göründüyü kimi, Ermənistan yenə də öz ampulasından çıxış edir. Sərhəddə vəziyyətin gərginləşdirilməsi bu dövlətin hər zaman təxribatçı və xain məqsədindən xəbər verir.
Onu da qeyd edək ki, son zamanlar Fransa kimi dövlətlərin Ermənistanı silahlandırması, üstəlik son günlər fransalı generalın bu ölkəyə səfəri və Azərbaycanla sərhədə təşrif buyurması, hayların üçüncü müharibə şəraitinin yaradılmasında maraqlı olduğunu təsdiq edir. Azərbaycan isə tam əksinə, regionda sülh yaradılmasında Ermənistanın da qaydalara əməl etməsini vacib bilir. Əslində, iki dövlət arasında sülh müqaviləsinin imzalanması heç də çətin məsələ deyil. Sadəcə, Ermənistan ciddi siyasi iradə nümayiş etdirə və kölgəsində süründüyü qərb dövlətlərinin "himayəsindən" çıxa bilmədiyinə görə proses uzanır. Qonşu dövlət bir şeyi anlamalıdır ki, regionun sabitliyi və bu istiqamətdə atılan bütün addımlar onun inkişafına və düşdüyü böhranlı vəziyyətdən çıxmasına təkan verəcək. Bu mənada Qərbin oyunlarına gəlməməli, siyasi iradəsindən çıxış edib Azərbaycanın səy göstərdiyi sülh prosesinə öz töhfəsini verməlidir. Görünən odur ki, Ermənistan sülh istəmir, bu "məzlum" dövlət kimlərinsə kölgəsində yaşamağı daha münasib sayır. Əgər belə olmasaydı, məğlub ölkə olaraq müharibə bitəndən həmən sonra bütün şərtləri qəbul edərdi. Ermənistanın qərarsızlığı və revanşist əməlləri ilə bağlı Ali Baş Komandan İlham Əliyev hələ 2022-ci ildə Laçında Azərbaycan bayrağını ucaldarkən demişdi:
"Biz müharibədən dərhal sonra onlara sülh təklif etdik. Bu da dünya hərb tarixində bəlkə də nadir hallardan biridir ki, 30 il ərzində torpağımız işğal altında olsun, insanlarımız əzab-əziyyət içində yaşasın, tarixi-dini abidələrimiz dağıdılsın, şəhərlərimiz dağıdılsın, milyondan çox mina döşənsin, buna baxmayaraq biz sülh təklif etdik. Ancaq yenə də görürük ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır. Biz təklif etdik ki, delimitasiya prosesinə start verək. Bunu təxminən bir ildən çox müddət ərzində uzatdı. İndi isə bu proses başlasa da, sırf formal xarakter daşıyır, mahiyyət üzrə heç bir danışıqlar aparılmır, xəritələr üzrə heç bir müzakirə aparılmır. Biz bütün xəritələri hazırlamışıq. Həm XX əsrin xəritələrini, həm əvvəlki dövrün xəritələrini və delimitasiya işləri bu xəritələr üzrə aparılmalıdır".
Beləliklə, Ermənistan Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq məqsədyönlü şəkildə münaqişənin yenidən alovlanmasına cəhd göstərir. Ümumiyyətlə, bu ölkə müharibədəki məğlubiyyətdən, baş verən hadisələrdən düzgün nəticə çıxarmır, ənənələrinə sadiq qalaraq, müxtəlif güclərin əlində vasitəyə çevrilir. Beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğu halda, böhtan xarakterli ittihamlar səsləndirir və regiona dayanıqlı sülhün gəlməsini əngəlləyir. Son baş verən hadisələr də özündə bütün bunları ehtiva edir. Yəni Ermənistan tərəfi sülh müqaviləsinin bağlanması üçün heç bir səy göstərmir, sərhəddə gərginlik yaratmaqla demarkasiya və delimitasiya işlərinin gedişinə mane olmağa çalışır. Bunun da yalnız tək bir səbəbi var, bölgədə daha bir münaqişə ocağı yaratmaq və yenidən gərginliyi alovlandırmaq. Üçüncü qüvvələrin vasitəsilə Azərbaycan-Ermənistan arasında növbəti, münaqişənin başlanmasına cəhd göstərilir. Baxmayaraq ki, olanlardan və olacaqlardan ən çox ziyan görən məhz elə Ermənistanın özüdür. Bu baxımdan Ermənistan bütün təxribatçı əməllərdən çəkinməlidir. Əks halda, öz təhlükəsizliyi üçün növbəti əks-hücum əməliyyatları keçirmək Azərbaycanın ligitim hüququdur.