ANA DİLİMİZİ TAM DOLĞUNLUĞU VƏ GÖZƏLLİYİ İLƏ GƏLƏCƏK NƏSİLLƏRƏ ÖTÜRƏK
1 Avqust- Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Ölkəmizdə avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Ana dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
Əsrlər boyu təqib və təzyiqlərə məruz qalan dilimiz laylalarımızın, bayatılarımızın, nağıllarımızın, “Kitabi-Dədə Qorqud”umuzun dilidir. Nizami müdrikliyi, Nəsimi üsyankarlığı, Şah İsmayıl qüdrəti, Füzuli məhəbbəti, Üzeyir dühası bu dildə ifadə olunaraq xalqımızın yaddaşına əbədi həkk olunub. Azərbaycan dilinin dünya dilləri arasında ən kamil dillərdən biri olduğunu bir çox xalqların görkəmli nümayəndələri də etiraf ediblər.
Ulu Öndərin böyük qətiyyəti, cəsarəti və prinsipiallığı sayəsində hələ sovet dövründə - 1978-ci ildə qəbul olunan respublika Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən maddə salınıb. Bu, həm də ümummilli liderin öz ana dilini dərindən bilmək, onun bütün sirlərinə, gözəlliklərinə bələd olmaq, onlardan məharətlə, yerli-yerində istifadə edə bilmək qabiliyyətindən qaynaqlanıb. Əbəs yerə deyil ki, ulu öndər həm də söz sərrafı kimi tanınıb.
Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunan ilk Konstitusiyasında xalq referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək Azərbaycanda dövlət dilinin Azərbaycan dili adlandırılması müddəasına tərəfdar olduğunu bildirdi.
Sonralar “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında fərmanlar, milli mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolunda göstərdiyi misilsiz xidmətlərdəndir.
Heydər Əliyevin dövlətçilik ənənələrinə və siyasi kursuna sədaqətini nümayiş etdirən Prezident İlham Əliyevin dövlət başçısı kimi imzaladığı ilk sənədlərdən biri də Azərbaycan və dünya klassiklərinin ən məşhur əsərlərinin Azərbaycan dilində latın qrafikalı əlifba ilə kütləvi nəşrinin həyata keçirilməsi haqqındakı Sərəncam olub. Ölkə rəhbərinin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” 2004-cü il 14 yanvar, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” 2007-ci il 30 dekabr tarixli sərəncamları ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirdi. Bu sırada dövlətimizin başçısının “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may və “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may sərəncamları, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamları dilimizə, mədəniyyətimizə, zəngin mənəvi dəyərlərimizə böyük hörmət və ehtiramın bariz nümunəsidir. Dövlət proqramı 2013-2020-ci illər ərzində bu istiqamətdə bir sıra zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Proqramın məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur.
Azərbaycan dilinin elektron məkanda da daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlərin reallaşdırılması müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiq dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Beləliklə, qloballaşan dünyanın yeni çağırışlarına müsbət cavab verən Azərbaycan dövləti dilimizin cəmiyyətdə rolunun daha da möhkəmlənməsini təmin edir.
Azərbaycan dili dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın şəkildə ifadə etmək qüdrətinə malikdir. Dilimizin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı formaları vardır.
Gəlin, dilimizi qoruyaq, ona hörmət edək, hər birimiz üçün müqəddəs olan, babalarımızdan bizə miras qalan bu neməti tam dolğunluğu və gözəlliyi ilə gələcək nəsillərə ötürək. Çünki ilk sözlərin söyləndiyi və fərdi düşüncələrin ifadə olunduğu ana dili hər bir şəxsin tariixi və mədəniyyətinin təməlidir.
Nurəngiz Adilqızı.