DÖVLƏT SƏRHƏDLƏRİMİZİN MÜHAFİZƏSİ ƏMİN ƏLLƏRDƏDİR
31 İyul Dövlət Sərhəd Xidmətinin yaradılması günüdür
“Vətəni qorumaq öz ana torpağını, evini, obasını, yurdunu qorumaqdır. Vətəni qorumaq öz namusunu, şərəfini qorumaqdır. Vətəni qorumaq öz atasını, anasını, balalarını, övladlarını qorumaqdır. Vətəni qorumaq Azərbaycan xalqının tarixini, mənəviyyatını, əsrlər boyu əldə etdiyi milli mədəniyyətini, milli iftixarını qorumaq deməkdir. Bu, şərəfli yoldur. Bu, şərəfli vəzifədir”.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Ümummilli Lideri.
Müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin ölkəmizdə bütün sahələrin inkişafında əvəzsiz rolu olmuşdur. Məhz onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə dövlət üçün mühüm əhəmiyyət kəsb edən bir strukturun fəaliyyətə başladı. 2002-ci il iyul ayının 31-də ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə imzaladığı fərmanın ölkəmizin sərhədlərinin etibarlı mühafizəsində önəmli rolu oldu.
Müstəqilliyimizin ilk illərində Sərhəd Qoşunlarının formalaşdırılması prosesində çətinliklər var idi. Dövlət sərhəd zolağının bəzi yerlərində keçilməz tikanlı məftillər sökülmüş, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə dövlət sərhədində mövcud mühəndis-texniki qurğular dağıdılmış, hərbi texnika və digər vasitələr yararsız hala salınmışdı. Ölkə ərazisinin 20 faizi ermənilər tərəfindən işğal edilmiş və bu səbəbdən də İİR-lə dövlət sərhədinin 132 kilometr sahəsi nəzarətsiz qalmışdı. Narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya, insan alveri, radioaktiv maddələrin və kütləvi qırğın silahlarının komponentlərinin qanunsuz daşınması cinayətləri ilə məşğul olan transmilli kriminal qruplar ölkə sərhədlərində yaranmış vəziyyətdən faydalanmağa çalışırdılar.
Azərbaycanın varlığını qorumaq üçün Sərhəd Qoşunlarını formalaşdırmaq, onu sərhədlərin mühafizəsinə nəzarət edə biləcək hərbi bir quruma çevirmək lazım idi. Keçmiş sovet sərhədçilərinin Azərbaycan ərazisindən çıxarılması prosesi 1993-cü il aprel ayına qədər davam etdi. Aprel ayının 5-də sonuncu sovet sərhədçisi ölkəmizin ərazisini tərk etdi. Dağıdılmış zastavalar, bərbad hala salınmış kazarmalar, sıradan çıxarılmış mühəndis-texniki və rabitə qurğuları bərpa edildi. Sərhədçilərimiz böyük iradə nümayiş etdirərək bu şərəfli vəzifənin öhdəsindən layiqincə gəldilər. 1991-ci il dekabr ayının 9-da yaradılan Dövlət Sərhədini Mühafizə Komitəsi (DSMK) 1992-ci il oktyabrın 9-dan Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsi kimi fəaliyyət göstərməyə başladı.
1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə qayıdan dahi öndər Heydər Əliyevin müdrikliyi sayəsində dövlət sərhədinin mühafizəsi işində mühüm irəliləyişlər baş verdi. 1993-cü ilin noyabrında ümummilli liderin radio və televiziya ilə xalqa müraciətindəki vacib tezislər Sərhəd Qoşunlarının inkişaf edib möhkəmlənməsi yolunda Dövlət Proqramına çevrildi. Xalqımızın vətənpərvər oğulları müstəqil respublikamızın sərhədlərini qorumağa hazır olduqlarını bildirdilər. Doğrudur, onların çoxu mülki insanlar idi, lakin az bir müddətdə sərhədçi peşəsinə yiyələndilər, qoşunların kadr potensialı tədricən formalaşmağa başladı. Nümunəvi xidmətilə fərqlənən zabit, gizir və əsgərlərin sayı artdı. 1994-cü il dekabr ayının 1-də Heydər Əliyev Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında Fərman imzaladı. Eyni zamanda kadrların hazırlanması və təkmilləşdirilməsi kursları yaradıldı və peşəkar sərhədçilərin hazırlığı intensivləşdirildi.
Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. 2002-ci il oktyabrın 24-də sərhəd aviasiyası da yaradıldı. DSX-nın balansına verilmiş təyyarə və vertolyotlar əsaslı təmir edilərək xidmətə cəlb olundu, sərhədin havadan mühafizəsinin təşkili, dövlət sərhədində baş verən hadisələrə çevik reaksiya verilməsi və şəxsi heyətin təyinat yerinə vaxtında çatdırılması, dağlıq ərazilərdə və dənizdə xilasetmə əməliyyatlarının aparılması üçün sərhəd aviasiyasının fəaliyyəti bir az da genişləndirildi.
Prezident İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk gündən ulu öndərin milli sərhəd quruculuğu istiqamətindəki fəaliyyətini uğurla davam etdirdi. 2004-cü ilin yanvarında Naxçıvan sərhəd dəstəsinin bazasında sərhəd diviziyası, 2005-ci ilin fevralında isə DSX-nın Sahil Mühafizəsi yaradıldı. Bununla da Xəzərdə ölkəmizin maraqlarının təmin edilməsi üçün imkanlar artdı. 2007-ci ildə isə Prezident Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzaladı. Bundan sonra sərhəd-buraxılış məntəqələrinin yaradılması istiqamətində işlər sürətlə davam etdirildi. 2010-cu ildə Göytəpə sərhəd dəstəsi qarnizonunun, Biləsuvar, Samur və Balakən sərhəd-buraxılış məntəqələrinin açılışı oldu. Daha sonra 2011-ci il fevralın 9-da Azərbaycan-Gürcüstan dövlət sərhədinin "Şıxlı" dövlət sərhədindən, aprel ayının 15-də Azərbaycan-İran dövlət sərhədinin "Astara" dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin təşkili beynəlxalq standartlara uyğunlaşdırıldı, sərhəd nəzarəti məntəqələrində sənədlərin yoxlanılması üzrə müasir tipli laboratoriyalar yaradıldı, bütün sərhəd keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması nəticəsində miqrasiya prosesləri ciddi nəzarətə götürüldü. Bütün bunlar sərhədlərimizin bərpasına, onun göz bəbəyi kimi qorunmasına xidmət edir.
İkinci Qarabağ müharibəsində də DSX-nın Sərhəd Qoşunları xüsusi qəhrəmanlıq göstərmişdir. Qazanılmış Zəfər sayəsində 132 kilometrlik Azərbaycan-İran sərhədi Silahlı Qüvvələrimizin nəzarətinə keçmişdir. 2023-cü il aprelin 23-də Həkəri çayı üzərində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə müstəqilliyimiz, suverenliyimiz tam bərpa olundu. Bununla da ölkəmizə qanunsuz silah-sursat, canlı hərbi qüvvə daşınmasına son qoyuldu. Hazırda Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyasına başlanılıb, artıq 12,7 km ərazi müəyyənləşdirilib.
İşğaldan azad edilmiş ərazilərdə sərhəd zastavaları və hərbi hissələrin yaradılması işləri də davamlı şəkil alıb. Belə ki, 2020-ci il oktyabrın 16-da Cəbrayıl rayonu ərazisindəki "Çaxırlı", "Mahmudlu", oktyabrın 30-da Cəbrayıl və Zəngilan rayonları ərazisindəki "Soltanlı", "Xələfli", "Xudafərin" və "Qumlaq" sərhəd zastavalarında dövlət bayrağı ucaldılıb. Noyabrın 9-da isə Dövlət Sərhəd Xidmətinin Zəngilan rayon ərazisində Mincivan qəsəbəsində sərhəd zastavasının açılışı olub.
Azərbaycan sərhədçiləri bu gün dövlət sərhədindəki döyüş səngərlərində ağır iqlim və relyef şəraitində xidməti vəzifələrini uğurla davam etdirirlər. Çiyinlərində uzun illərdən bəri "Zəfərə doğru" daşıdıqları üçrəngli bayrağımız artıq Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşa, Xocalı və Xankəndidə qürurla dalğalanır. Prezident İlham Əliyev Vətən müharibəsində sərhədçilərin rolunu dəyərləndirərək deyib: "...Sərhədçilərimizin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm...".
. Bəli, bu gün ölkəmizdə nizami ordu səviyyəsində çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Heydər Əliyev ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən hər bir sərhədçi müstəqil ölkəmizin dövlət sərhədlərini gecə-gündüz bir ana övladının keşiyini çəkdiyi kimi Vətənin keşiyində dayanır. Onun daşının, torpağının, hətta əsən mehinin də keşiyini çəkir. Sərhədçi üçün qızmar günəşin, qarın, boranın, çovğunun əhəmiyyəti yoxdur. O, gözünü bir an belə, qırpmadan Vətən torpağının hər qarışını əzmlə, mərdliklə qoruyur. Bir sözlə, sərhədlərimizin mühafizəsi əmin əllərdədir. Bu çətin və şərəfli işdə sərhədçilərimizə uğurlar arzulayırıq.
Nurəngiz Adilqıızı.