HƏR KƏS HİMNİMİZİ AYAQÜSTƏ DİNLƏDİ
İrqindən, dinindən asılı olmayaraq, müxtəlif millətlərin nümayəndələrini bir araya toplayaraq onların ədalətli oyun prinsipləri əsasında idman mübarizəsinə qoşulmasını təmin edən olimpiya oyunları beynəlxalq həyatın ən möhtəşəm və mötəbər tədbiridir. Bu tədbirdən hər bir dövlət kənarda qalmamağa, olimpiya oyunlarında layiqincə təmsil olunmağa çalışır. Çünki olimpiya oyunlarında göstərilən nəticə yalnız dövlətin idman sahəsinin deyil, həm də onun iqtisadi potensialının, ictimai, sosial-mədəni həyatının göstəricisidir. Olimpiya oyunlarında qazanılan yüksək nəticələr beynəlxalq miqyasda ölkənin nüfuzunu yüksəltməklə yanaşı, imkanlarını da nümayiş etdirir.
Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Təbii ki, buna görə ilk növbədə, dövlətimizin idmana göstərdiyi diqqət və qayğını xüsusi vurğulamaq lazımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyilə bu sahədə həyata keçirilən düzgün və məqsədyönlü dövlət siyasəti sayəsində ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib. İyulun 29-da Fransanın paytaxtı Parisdə keçirilən “Paris 2024” Olimpiya Oyunlarında Azərbaycan cüdoçusu Hidayət Heydərovun qazandığı qələbə də məhz bu diqqət və qayğının nəticəsidir.
Bu günlər Azərbaycan xalqı daha bir möhtəşəm qələbənin sevincini yaşayır. Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında böyük qələbə qazanan Azərbaycan yığmasının lideri, cüdoçu Hidayət Heydərov finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalına sahib oldu. 28 yaşlı idmançının fəxri kürsünün ən yüksək pilləsi uğrunda çəkdiyi əziyyətin qələbəsi Azərbaycan idmanı üçün böyük uğurdur. Hidayət bu qələbə sayəsində medal kolleksiyasını tamamladığını bildirərək deyib: “Medal kolleksiyamı tamamladım. 4 il idi ki, bu yarışa hazırlaşırdım. Bundan sonra 2028-ci ildə Los-Ancelesdə keçiriləcək olimpiadaya hazırlaşacağam. Səhifələrdə mənimlə bağlı yazılan rəyləri oxuyuram. Məni dəstəkləyən hər kəsə öz təşəkkürümü bildirirəm. Biz qalib xalqın övladlarıyıq. Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək”. Bəli, Fransada hər kəs himnimizi ayaq üstə dinlədi, Azərbaycanın uğuruna sevinən də, xislətindən ürəyi paran-parça olanda. Bax, bunun mənəvi cəhəti xalqımız üçün olduqca şərəfli və qürurludur.
Bu, “Paris 2024” Olinpiya Oyunlarında ilk uğurumuzdur, ümid edirik ki, son olmayacaq. Bütün olimpiyaçılarımızdan yaxşı nəticələr gözləyirik. Hidayət Heydərovun məhz fransız idmançı üzərində qələbə qazanması isə doğurdan da qürurverici və unudulmaz bir an idi. Fransızlar öz təmsilçisini yaxşı dəstəkləməsinə baxmayaraq, onlar mükafatlandırma mərasimində Dövlət Himnimiz səslənən zaman ayaqüstə alqışladılar.
Nurəngiz Adilqızı.