“Beynəlxalq Əlillər Cəmiyyəti” İB Yardımlı rayonunda müharibə əlilləri və şəhid ailələri ilə görüş keçirdi
Məlumat verdiyimiz kimi, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi (BƏC İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Müharibə əlilləri və şəhid ailələri ilə iş" adlı layihə icra edir.
Cəmiyyətin mətbuat xidmətindən Lider-media.az-a verilən məlumatda bidirilib ki, 19 iyul tarixində layihə iştirakçıları Yardımlı rayonunda, YAP-ın Yardımlı Rayon Təşkilatının binasında müharibə əlilləri və şəhid ailələri üzvləri ilə görüş keçirdi. Əvvəlcə Ulu Öndər Heydər Əliyev və bütün şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Yardımlı Rayonu İcra Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova təbdiri açıq elan edərək sözü BƏC İB-in sədri və layihə rəhbəri Tahir Xudiyevə verdi. Tahir Xudiyev layihə və tədbirin məqsədi barədə ətraflı məlumat verdi. BƏC İB-in İdarə Heyəti üzvü, şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət xanım çıxış edərək şəhid valideynlərinə övladlarının şənini daima uca tutmağı, ruhuna xələl gətirə biləcək hərəkətlərə yol verməməyi tövsiyyə etdi.
Layihədə könüllü kimi iştirak edən BƏC İB-in İdarə Heyəti üzvü, filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist, ədliyyə polkovniki Allahverdi Məmmədli şəhid ailələri və müharibə əlillərinə dövlət qayğısından söz açdı.
Tədbirdə çıxış edən BƏC İB-in üzvü, Yardımlı rayonu ağsaqqallarından biri, şair Mirsəfər Fətiyev, BƏC İB-in üzvü, Biləsuvar rayonu Bəydili kənd sakini Mirsahib Zəkiyev bu layihənin vacibliyini vurğuladılar.
Çıxışlardan sonra şəhid ailələri üzvləri və müharibə əlillərinin sualları layihə iştirakçıları tərəfindən cavablandırıldı, onların mövcud problemləri dinlənildi, və aidiyyati dövlət qurumları vasitəsi ilə köməklik göstərilməsi üçün qeydiyyatı aparıldı.
Tədbirdə iştirak edən Yardımlı Rayonu İcra Başçısının müavini, Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rövşən Süleymanovun hər bir şəhid ailəsi üzvlərinin, müharibə əlillərinin problemləri ilə yaxından tanış olduğu hiss olunurdu. Onların problemlərinin müsbət həllinə köməklik göstərilməsinə qəlbən çalışırdı. Rövşən Süleymanovun öz vəzifəsinə məsuliyyətlə yanaşan bir dövlət məmurundan əlavə, həm də bir insan kimi onların dərdlərinə şərik olması layihə iştirakçılarının diqqətindən yayınmadı.
Şəhid ailəsi üzvləri və müharibə veteranları ilə keçirilən sorğu zamanı da Rövşən müəllimin onlara əlindən gələn köməkliyi əsirgəmədiyini söylədilər.
Layihə iştirakçıları Yardımlı rayonunda Şəhidlər Xiyabanını ziyarət etdilər.
Bundan başqa BƏC İB kollektivi 4500 ildən çox tarixə malik Yardımlı rayonunun Perimbel kəndində əlilliyi olan insanlarla da görüş keçirdi, İmam Hüseynin oğlu Bimar Zeynalabdinin övladları Xəlifə Kəmaləddin, Həzrəti Xəlifə Qiyasəddinin mübarək qəbri-şəriflərini və digər müqəddəs yerləri ziyarət etdilər. Hacı Mirsəfər Fətiyev, Hacı Mirsahib Zəkiyev və Yardımlı Rayonu İcra Hakimiyyətinin Perimbel kənd iəd nümayəndəliyinin rəhbəri Miribadulla Qubadov həmin ziyarətgahlar, tarixi məkanlar barədə dəqiq məlumatlar verdilər.
Onu da qeyd edək ki, tədbirdən bir gün öncə layihə iştirakçıları həm də Milli Qəhrəman Mübariz İbrahimovun ev-muzeyini ziyarət etdilər. Atası Ağakərim İbrahimov qonaqları yüksək səviyyədə hörmətlə qarşıladı, Mübarizin xatirəsini əziz tutan hər bir kəsə təşəkkürünü bildirdi.