lider-media.az

AQTA bioloji aktiv qida məhsulları ilə bağlı xəbərdarlıq edib

Tarix: 8-07-2024, 13:13

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə istehsal edilən və idxal olunan bioloji aktiv qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, görülən tədbirlər çərçivəsində son vaxtlar ölkəyə idxal olunan bir sıra bioloji aktiv qida məhsullarının laborator müayinələri zamanı ciddi uyğunsuzluqlar aşkarlanıb. Bununla bağlı olaraq zəruri tədbirlər həyata keçirilib və həmin proses hazırda davam edir.

Bu sahədə aparılan təhlillər nəticəsində məlum olub ki, bəzi sahibkarlar tərəfindən asan qazanc əldə etmək məqsədilə hər hansı bir effektiv təsirə malik olmayan, həmçinin müxtəlif sosial şəbəkələr və media resurslarında vətəndaşlara geniş reklam kampaniyaları ilə təqdim olunan bioloji aktiv qida məhsullarının ölkəmizə idxalına cəhd göstərilir.

Qeyd edək ki, ölkəmizə idxal olunan bioloji aktiv qida məhsullarının böyük hissəsi Türkiyə Respublikasından gətirilir. Həyata keçirilən nəzarət və tənzimləmə tədbirləri zamanı Türkiyədən ölkəmizə idxal edilən bir çox bioloji aktiv qida məhsullarının istehsalçı ölkədə qeydiyyatdan keçmədiyi və satış dövriyyəsində olmadığı müəyyən edilib.

Bütün bunlar nəzərə alınaraq son illərdə bu sahədə nəzarət və tənzimləmə fəaliyyətləri daha da genişləndirilib. Məqsəd ölkə ərazisində istehsalı, emalı həyata keçirilmədən və dövriyyəyə buraxılmadan əvvəl həmin məhsulların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, eləcə də təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktlarla uyğunluğunun müəyyən edilməsidir.

AQTA bəyan edir ki, Agentlik tərəfindən əhalinin həyat və sağlamlığının yüksək səviyyədə təmin olunması məqsədilə istər yerli, istərsə də ölkə ərazisinə idxal olunan, qanunvericiliyin tələblərinə uyğun olmayan bioloji aktiv qida məhsullarının ölkəmizdə dövriyyəsinə icazə verilməyəcək. Eyni zamanda nəzərə almaq lazımdır ki, qanunvericiliklə dövlət qeydiyyatına alınmamış bioloji aktiv qida məhsullarının istehsalı, emalı və dövriyyəsi ölkə ərazisində qadağandır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi