Abituriyentlərlə Qarabağ Universiteti ilə bağlı görüş keçirilib
Paytaxtdakı Məktəb-Lisey Kompleksində Xankəndi şəhərində yaradılmış Qarabağ Universiteti ilə bağlı görüş keçirilib.
Bu barədə Lider-media.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, görüşdə Qarabağ Universitetinin Pedaqoji fakültəsinin dekanı Kəklik Gözəlova, Sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev, BŞTİ-nin müvafiq struktur bölmə əməkdaşları, paytaxtdakı lisey və gimnaziyaların builki məzunları iştirak ediblər.
Tədbirdə çıxış edənlər işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində doğma yurd yerlərimizin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsindən danışıblar. Vurğulanıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası istiqamətində aparılan uğurlu siyasətin çox önəmli addımlarından biridir. Qarabağ Universiteti Azərbaycan təhsilinin və elminin inkişafında müsbət nəticələrə səbəb olacaq.
Görüşdə təhsil müəssisəsinin şagirdləri və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərlə Qarabağ Universitetinə tələbə qəbulu ilə bağlı maarifləndirici söhbət aparılıb, universitetin üstünlükləri, ixtisasları, tədris prosesi, müəllim heyəti, təqaüd imkanları, yataqxanası və digər müvafiq məsələlər barədə ətraflı məlumat verilib.