Azərbaycan Respublikasının Prokurorluğu nüfuzlu beynəlxalq təşkilat və xarici ölkələrin səlahiyyətli qurumları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri davam etdirilir
Prokurorluq əməkdaşlarının beynəlxalq təcrübəni öyrənməklə peşə hazırlığının yüksəldilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılır.
Bu məqsədlə prokurorluq əməkdaşlarının təlim kurslarında, o cümlədən beynəlxalq tədbirlərdə iştirakı təmin olunur.
Cari ilin 08-20 iyun tarixlərində Koreya Respublikasının paytaxtı Seul şəhərində həmin ölkənin Korrupsiyaya qarşı mübarizə və Vətəndaş Hüquqları Komissiyası (ACRC) tərəfindən Azərbaycan, Özbəkistan və Tacikistan respublikalarının hüquq mühafizə orqanlarının əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə sahəsində təlim təşkil edilib.
Tədbirdə ölkəmizi Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Murad Bayramlı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Kamil Kamilli, Bakı Apelyasiya Məhkəməsinin hakimi Səməd Cəfərov, Məhkəmə-Hüquq Şurasının əməkdaşları Arzu Məmmədov və Seymur Həmidovdan ibarət nümayəndə heyəti təmsil edib.
Korrupsiyaya qarşı mübarizə siyasətinin həyata keçirilməsi, müvafiq sahədə maraqlar toqquşması hallarının qarşısının alınması, məlumatverən şəxslərin müdafiəsinin təmin edilməsi, bu qəbildən olan cinayət işlərinin istintaqının xarakterik xüsusiyyətləri, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı effektiv mübarizə, aktivlərin bərpası və idarə olunması, korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi yardım və ekstradisiya mövzularında qarşılıqlı müzakirələr keçirilib.
Tədbir çərçivəsində nümayəndə heyətini qəbul edən Komissiyanın sədri cənab Yu Çul Van seminarın qarşılıqlı münasibətlərin inkişafında vacib rol oynadığını qeyd edərək, korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın genişlənməsinin və birgə səylər göstərilməsinin əhəmiyyətini vurğulayıb.
Heyət tərəfindən ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər, bu sahədə mövcud müsbət təcrübə və əldə olunmuş nailiyyətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Tədbirin sonunda təlimi uğurlu şəkildə başa vurmuş Azərbaycan Respublikasının nümayəndə heyətinin üzvləri müvafiq sertifikatlarla mükafatlandırılıb.