lider-media.az

18 İyun - Azərbaycanda İnsan Hüquqları Günüdür

Baxış: 236 Tarix: 18-06-2024, 09:00

İnsаn hüquq və аzаdlıqlаrının müdаfiəsi dövlətin ali məqsədidir. 

Azərbaycanda insan hüquqlarının qorunması, insan azadlıqlarının

təmin edilməsi həmişə diqqət mərkəzində olmuşdur.

Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri

Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq cəmiyyətin tamhüquqlu və beynəlxalq hüququn müstəqil subyekti kimi tarixin sınağından uğurla çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçib.

Müasir müstəqil Azərbaycan Respublikasında ilk dəfə 1998-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə məhz həmin tarixi gün – iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü elan edilib.

Lider-media.az Azərbaycan Respublikasında insan hüquqları sahəsində həyata keçirilən tədbirlərə bir daha nəzər salır.

Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda rеspublikаmızdа hakimiyyətə qayıdışındаn sonra ölkəmizdə qanunçuluğun təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən biri elan edib, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli islahatların həyata keçirilməsini daim diqqətdə saxlayıb. Dahi şəxsüiyyətin rəhbərliyi altında ümumbəşəri dəyərlərə, demokratik ənənələrə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi və təminatına əsaslanan vətəndaş cəmiyyəti quruculuğu, demokratik hüquqi dövlət və buna uyğun insan hüquqları sisteminin yaradılması istiqamətində respublikamızda mühüm islahatlar həyata keçirilib, insan hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi elan edilib.

Müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb. Konstitusiyada əksini tapmış bu strateji məqsəd, ilk növbədə, hüquqi islahatları və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri edib. Humanist addımları ilə hər zaman dünya ölkələrinə nümunə olan Azərbaycanda 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq, ölüm cəzası ləğv edilib.

Respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılmasıdır. İnsan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən Ulu Öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərmanı, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında insan hüquqları üzrə müvəkkil təsisatının yaradılması nəzərdə tutulub. Ombudsman təsisatının yaradılması hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı idi.

2001-ci il dekabrın 28-də isə Milli Məclis “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununu qəbul edib. Müvəkkil təsisatının yaradılması və fəaliyyəti üçün maddi və hüquqi baza formalaşdırılıb. 2002-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb. 2002-ci il iyulun 2-də “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Qanun qəbul olunub.

Bu islahatlar dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunması işi bu gün də təkmilləşdirilir, bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir. Azərbaycanda müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli Sərəncamında Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi göstərilib.

Azərbaycanda aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaradıb, bu müddət ərzində ölkəmiz bir çox hüquqi aktlara qoşulub. BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” Memorandum imzalanıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil problemləri üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.

Uşaq hüquqlarının tam həcmdə təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. BMT-nin Uşaq Hüquqları Konvensiyası ilə əlaqədar Azərbaycanda “Uşaq hüquqları haqqında” Qanunun qəbul edilməsi ilə bağlı ötən illər ərzində milli qanunvericilik və normativ hüquqi aktlar mütəmadi olaraq təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsinə yönəlmiş bir çox dövlət proqramları qəbul edilib. Ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş onlarla Dövlət Proqramı həyata keçirilir. Hər il ölkəmizdə iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü yüksək səviyyədə qeyd edilir.

2012-ci ilin dekabrında təsdiq olunmuş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası da insan hüquqlarının səmərəli qorunması üçün yeni imkanlar açır. Son illər ölkəmizdə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin olunması mexanizmlərinin daha da təkmilləşdirilməsini təmin edib. Xüsusilə Azərbaycan Respublikasının 2017-ci il 10 fevral tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı, eləcə də bu sahədə imzalanan digər fərman və sərəncamlar ölkəmizdə insan hüquqlarının təmin olunması işinə mühüm təkan verib. Məhz bu sahədə əsaslı islahatların və proqram xarakterli fərman və sərəncamların imzalanmasının nəticəsidir ki, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaqycan Respublikasında  insan hüquqlarının qorunması, onun aliliyinin təmin edilməsi hər zaman dövlətin diqqət mərkəzində saxlanılır. Hüquqlarımızı bilək və özümüzü müdafiə edək!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi