TÜRKİYƏ-AZƏRBAYCAN BİRLİYİ XALQLARIMIZ ÜÇÜN FƏALİYYƏT İSTİQAMƏTİDİR
İyunun 10-da Ankarada iki dost, qardaş ölkənin liderləri yenidən bir araya gəlib. Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Bakı-Tibilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi xüsusi qeyd edilib. Orta dəhlizin inkişafı ilə əlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyətin əhəmiyyəti vurğulanıb.
Prezident Rəcəb Tayyib Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirib və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Dövlətimizin başçısı Türkiyə Prezidentini COP29-a bir daha dəvət edib.
Bu gün dünyada Azərbaycan Türkiyə qədər bir-birinə yaxın olan, bir-birinə güvənən, qarşılıqlı dəstək verən və regionun gələcək inkişafı naminə birgə çalışan digər iki ölkə yoxdur. Bu, ilk növbədə, təbii ki, mənəvi bağlılığımızdan, ortaq tariximizdən, mədəniyyətimizdən irəli gəlir. Amma etiraf edək ki, dünyada tarixi bağlılıq baxımından bir-birinə çox yaxın olub, amma müasir reallıqlardan irəli gələn hansısa maraqlara görə bir-birinə düşmən kəsilən, hətta qanlı müharibələr aparan xalqlar, dövlətlər də var. Ona görə hazırda Azərbaycan - Türkiyə arasındakı əlaqələrin belə yüksək səviyyədə olmasının bir əsas səbəbi də iki ölkənin dövlət rəhbərlərinin dostluq, qardaşlıq münasibətləridir. Məhz bunun nəticəsidir ki, müasir dünyamızın iki parlaq lideri kimi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan böyük uğura nail olublar. Azərbaycan və Türkiyə birliyi maraqlara deyil, dəyərlərə əsaslanır. Və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyun oynayan, hər cür addımlar atan, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələrin qarşısına da bu iki ölkə lideri həmin dəyərlərin gücü ilə çıxır, onlara öz yerlərini göstərirlər.
Bəli, dövlət başçımızın da dediyi kimi, bu gün Türkiyə -Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Türkiyə və Azərbaycan bir yerdə nə qədər inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər möhkəm olacaqdır. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana mənəvi güc, ruh, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Tariximizin ən önəmli anlarında biz bir yerdə idik. 2020-ci ildə Zəfər bayramına həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanına çıxması da bu birliyimizin təntənəsi idi.
Qürurverici haldır ki, tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə siyasət, iqtisadi əlaqələr, enerji , mədəniyyət, təhsil, ordu quruculuğu və digər sahələrdə göstərir. Şuşa Bəyannaməsi qardaşlıq əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinə çatdırdı. Enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar quruldu. İkitərəfli əlaqələrimiz təkcə bölgədə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə yüksəldi. Şuşa Bəyannaməsinin siyasi əhəmiyyəti Azərbaycan üçün daha vacibdir. Belə ki, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.
Sentyabrın 19-20-də ordumuzun Qarabağ ərazisində keçirdiyi lokal antiterror tədbirləri zamanı da Türkiyə birmənalı olaraq dövlətimizə dəstək verdi. Antiterror tədbirlərinin başladığı gün Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, “Biz Ermənistandan başda Zəngəzur koridorunun açılması olmaqla, verdiyi sözləri yerinə yetirməsini gözləyirik. Artıq hər kəsin qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır və bundan başqa bir status qəbul edilməyəcək. Ermənilər də daxil, hər kəsin Azərbaycan torpaqlarında sülh şəraitində yan-yana yaşaması birinci hədəfimiz olmalıdır. Tək millət-iki dövlət şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünə dair attığı addımları dəstəkləyirik”.
Göründüyü kimi, regionda baş verən proseslər daim Türkiyənin diqqətindədir və qardaş ölkə hər zaman birmənalı olaraq Azərbaycanı dəstəkləyir. Bu isə dünyada Türkiyə-Azərbaycan münasibətlərinin uğurlu regional və beynəlxalq əməkdaşlıq nümunəsi olmaqla yanaşı, həm də dostluq və qardaşlıq örnəyi kimi xarakterizə edilir.
Bu gün böyük fəxarətlə deyə bilərik ki, Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə dünya miqyasında güc mərkəzinə çevrilir. Prezident İlham Əliyevin Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda da bildirildiyi kimi: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı xalqlarımızın qardaşlığını, birliyini, həmrəyliyini ifadə etməklə yanaşı, ikitərəfli münasibətlərimizin əsl mahiyyətini əks etdirir. Fəxrlə qeyd etmək istəyirəm ki, bu fəlsəfənin sübutu olaraq hazırda Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr və müttəfiqlərdir”.
Bəli, Azərbaycan-Türkiyə birliyi, dostluğu, qardaşlığı güclənir. İki ölkənin liderinin qardaşlıq münasibətləri bu birliyə yeni impuls verir. Qarşılıqlı səfərlər onu göstərir ki, çətin və yaxşı günlərin dostları bundan sonra da bir-birinə dəstək olacaq. Ankarada keçirilən görüşdə iki liderin müzakirə etdikləri məsələlər, onların həlli istiqamətində aparılan fikir mübadiləsi, dövlət başçılarının səmimiyyəti deməyə əsas verir ki, bir ananın iki övladı Azərbaycan-Türkiyə hər zaman qoşa addımlayacaq.
Nurəngiz Adilqızı.