Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişaf etdiyini, regionda dayanıqlı sülh və əmin-amanlığın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdıran Dövlət Komitəsinin sədri Rövşən Rzayev şanlı Zəfərdən başlanmış Böyük Qayıdışın tarixi əhəmiyyət daşıdığını, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin yüksək templə davam etdiyi və doğma yurduna köçürülən keçmiş məcburi köçkünlərin sayının günbəgün artdığını bildirib. Bununla əlaqədar komitənin üzərinə düşən vəzifələrin vaxtında və tam yerinə yetiriməsinin vacibliyi vurğulanıb.
Qeyd edilib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın azad edilmiş ərazilərə mütəmadi səfərləri, eləcə də Böyük Qayıdış prosesinin icrasını şəxsən nəzarətdə saxlamaları keçmiş məcburi köçkünlər tərəfindən dərin minnətdarlıq və razılıqla qarşılanır.
Kollegiya iclasında Böyük Qayıdışa dair I Dövlət Proqramının 2026-cı il üzrə nəzərdə tutulan tədbirlərinin yekun icra vəziyyəti geniş təhlil olunub. İclasda köçürülmə prosesi çərçivəsində siyahıların dəqiqləşdirilməsi və komissiya tərəfindən aparılan işlər, sorğuların keçirilməsi və protokolların imzalanması, bərpa olunan və yenidən salınan yaşayış məntəqələrinə qayıdışın təşkili, köçürülmüş sakinlərin məskunlaşma və miqrasiya məsələlərinə nəzarət müzakirə edilib. Bununla yanaşı, geri qayıdan əhalinin sosial adaptasiyası, məşğulluğunun təmin olunmasına dəstək və onlar arasında maarifləndirmə-informasiya işinin gücləndirilməsi istiqamətində görülən tədbirlər nəzərdən keçirilib.
Eyni zamanda, məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin səviyyəsi, payız-qış mövsümünə hazırlıq tədbirlərinin yekunlaşdırılması və istilik təchizatının dayanıqlılığı, vahid aylıq müavinətlərin ödənilməsi, Mənzil İstismar Departamentinin balansındakı qəsəbələrdə mövcud vəziyyət, eləcə də vətəndaş müraciətlərinə operativ baxılması, qəbul işinin təşkili və elektron xidmətlərdən istifadənin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Müvafiq struktur bölmələrinin rəhbərlərinin hesabatları dinlənilib, icra intizamının daha da möhkəmləndirilməsi ilə bağlı mövcud nöqsanlar qeyd edilib, rəy və təkliflər dinlənilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərliyinin tapşırıqlarının vaxtında və keyfiyyətlə icrasının hər bir əməkdaşdan yüksək məsuliyyət tələb etdiyini qeyd edərək, məcburi köçkünlərin doğma torpaqlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışını təmin edən kompleks tədbirlərin ardıcıl şəkildə davam etdirilməsinin, həmçinin 2026-cı ilin yekun hesabatlarına hazırlıq işlərinin yüksək səviyyədə aparılmasının vacibliyini bildirib.
Sonda müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib və aidiyyəti üzrə konkret tapşırıqlar verilib.