İspaniya futbolunun dörd nəhəngi Superkubok uğrunda İstanbulda mübarizə aparacaq



2027-ci il Turkish Airlines İspaniya Superkubokunun biletləri satışa çıxarılıb
2027-ci il Turkish Airlines İspaniya Superkuboku (Supercopa de España) fevralın 2-dən 6-dək İstanbulda keçiriləcək. İspaniyanın dörd aparıcı klubu – “Real Sociedad”, “Real Madrid”, “Barcelona” və “Atlético Madrid” turnirin qalibi olmaq uğrunda mübarizə aparacaq.
İstanbulun 2027-ci il beynəlxalq idman tədbirləri təqvimində xüsusi yer tutan yarış dünyanın müxtəlif ölkələrindən futbol azarkeşlərini bir araya gətirəcək. Turnirin qarşılaşmalarını canlı izləmək istəyənlər üçün biletlərin satışı artıq başlayıb. Biletləri www.supercopa2027.com saytından əldə etmək mümkündür.
Dörd komandanın iştirakı ilə keçiriləcək turnirdə yarımfinal mərhələsinin ilk oyununda fevralın 2-də “Barcelona” və “Atlético Madrid” klubları Şükrü Saracoğlu İdman Kompleksində qarşılaşacaqlar.
Fevralın 3-də Beşiktaş Stadionunda “Real Sociedad” və “Real Madrid” komandaları finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Yarımfinalın qalibləri fevralın 6-da Ali Sami Yen İdman Kompleksində keçiriləcək final oyununda turnirin qalibini müəyyənləşdirəcəklər.
Beləliklə, beş gün ərzində İstanbul üç yüksək səviyyəli qarşılaşmaya ev sahibliyi edəcək. Turnir çərçivəsində şəhərin üç aparıcı stadionunda ümumilikdə 150 mindən çox azarkeşin iştirakı gözlənilir.
İstanbul beynəlxalq idman mərkəzi kimi mövqeyini möhkəmləndirir
Beynəlxalq futbol yarışlarının təşkili sahəsində zəngin təcrübəyə malik İstanbul 2005 və 2023-cü illərdə UEFA Çempionlar Liqasının, 2026-cı ildə isə UEFA Avropa Liqasının finalına ev sahibliyi edib. 2027-ci ildə İspaniya futbolunun dörd aparıcı klubunu qəbul edəcək şəhər bu ənənəni davam etdirərək beynəlxalq idman turizmində mövqeyini daha da gücləndirəcək.
Superkubokun İstanbulda keçirilməsi futbol azarkeşləri üçün yalnız idman həyəcanı deyil, həm də şəhərin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı yaradacaq.
Qonaqlar səfərləri zamanı Bosfor boğazında gəmi turlarına qoşula, İstanbulun tarixi abidələrini ziyarət edə, alış-veriş imkanlarından yararlana və şəhərin Avropa və Asiya hissələrinin özünəməxsus atmosferini kəşf edə biləcəklər.
Zəngin mətbəxi və qastronomik imkanları ilə də seçilən İstanbul MICHELIN Guide bələdçisində yer alan restoranları ilə ziyarətçilərə fərqli kulinariya təcrübələri təqdim edir.
Turkish Airlines İspaniya Superkubokunun təşkili Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səudiyyə Ərəbistanı Krallığının Əyləncə Baş İdarəsi, İspaniya Kral Futbol Federasiyası (RFEF), Türkiyə Futbol Federasiyası (TFF), Sela Events və Hezarfen Ajansın əməkdaşlığı çərçivəsində həyata keçirilir.