Uşağın ilk nəfəsi bir ailənin sevincinə, ilk təbəssümü isə bütöv bir dünyanın gözəlliyinə çevrilir. Hər bir valideyn üçün övladının sağlam böyüməsindən, xəstələndikdə yenidən gülümsəməsindən böyük xoşbəxtlik yoxdur. Bu xoşbəxtliyin qorunmasında isə xüsusi bir peşənin – pediatriyanın və uşaqların sağlamlığını öz həyat amalına çevirən həkimlərin əvəzsiz rolu var. 20 noyabr Beynəlxalq Pediatr Günü kimi də qeyd olunur. Bu tarix uşaqların sağlamlığının qorunması, onların xəstəliklərdən müdafiəsi və gələcək nəsillərin sağlam yetişməsi naminə çalışan tibb işçilərinin fədakar əməyinə ehtiramın ifadəsidir.
Günün tarixi Ümumdünya Uşaq Günü ilə sıx bağlıdır. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 1954-cü il dekabrın 14-də qəbul etdiyi 836 (IX) saylı qətnamə ilə bütün ölkələrə Ümumdünya Uşaq Gününün təsis edilməsini tövsiyə edib. Sonradan 20 noyabrın seçilməsi təsadüfi olmadı. Məhz 1959-cu il noyabrın 20-də BMT Baş Məclisi Uşaq Hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq Hüquqları haqqında Konvensiyanı qəbul etdi. Beləliklə, bu tarix uşaqların hüquqlarının, sağlamlığının, təhlükəsizliyinin və ləyaqətinin qorunması ideyasını özündə birləşdirən beynəlxalq əhəmiyyətli günə çevrildi.
Pediatrların peşə gününün də bu tarixdə qeyd olunması uşaqların sağlamlığı ilə onların hüquqları arasında möhkəm mənəvi bağın ifadəsidir. Çünki sağlam yaşamaq hüququ uşağın ən fundamental hüquqlarından biridir. Uşağın dünyaya göz açdığı ilk gündən onun sağlamlığının izlənilməsi, fiziki və zehni inkişafının qiymətləndirilməsi, xəstəliklərin vaxtında aşkarlanması və qarşısının alınması pediatrın əsas vəzifələrindəndir. Pediatr yalnız xəstəlikləri müalicə edən həkim deyil, həm də uşağın sağlam böyümə yolunun bələdçisi, valideynlərin etibar etdiyi məsləhətçi və gələcək nəslin sağlamlığının keşiyində dayanan mütəxəssisdir.
Azərbaycanda uşaq sağlamlığının qorunması ənənələri uzun tarixə malikdir. Ölkəmizdə pediatriyanın inkişafı ötən əsrin əvvəllərindən etibarən formalaşan elmi və ictimai təşəbbüslərlə bağlıdır. 1907-ci ildə Bakıda körpələrə pulsuz tibbi məsləhət xidmətlərinin göstərilməsi, uşaq ölümünə qarşı mübarizə təşəbbüslərinin həyata keçirilməsi bu sahədə mühüm addımlardan olub. 1913-cü ildə isə Bakıda Uşaq Xəstəxanalarının Elmi Cəmiyyəti yaradılıb. Bu təşəbbüslər ana və uşaqların sağlamlığının qorunmasının cəmiyyət üçün nə qədər vacib olduğunu göstərirdi.
Azərbaycan pediatriyasının inkişafında görkəmli alim və həkimlərin xidmətləri xüsusi yer tutur. İlk azərbaycanlı pediatr kimi tanınan professor Əbülfəz Qarayev ölkəmizdə ana və uşaqların mühafizəsi sisteminin formalaşmasına, uşaq xəstəliklərinin öyrənilməsinə və pediatriya xidmətinin təşkilinə mühüm töhfələr verib. Akademik Adilə Namazova isə fundamental elmi araşdırmaları, pedaqoji fəaliyyəti və yetişdirdiyi mütəxəssislərlə Azərbaycan pediatriyasının inkişafına böyük xidmət göstərib. Onun adı milli tibb elminin və uşaq sağlamlığının qorunması tarixində xüsusi ehtiramla çəkilir.
1920-ci illərdən etibarən səhiyyə sisteminin təşkilində uşaqların tibbi xidmətlə təmin olunması istiqamətində işlər genişləndi. 1930-cu ildə Azərbaycan Tibb Universitetinin yaradılması ölkəmizdə tibb elminin və milli həkim kadrlarının hazırlanmasının inkişafında mühüm mərhələ oldu. 1936-cı ildə isə universitetdə müstəqil pediatriya fakültəsinin açılması uşaq xəstəlikləri üzrə ixtisaslaşmış mütəxəssislərin yetişdirilməsi üçün yeni imkanlar yaratdı.
Müstəqil Azərbaycanda uşaqların sağlamlığının qorunması dövlət sosial siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə infrastrukturunun yenilənməsi, müasir tibb müəssisələrinin yaradılması, ana və uşaq sağlamlığının mühafizəsi, profilaktik müayinələrin və ixtisaslaşmış tibbi xidmətlərin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri də xüsusi əhəmiyyət daşıyır. Fondun “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi və “Talassemiyasız həyat naminə” proqramı xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsinə, tibbi təminatına və onların həyat şəraitinin yaxşılaşdırılmasına mühüm dəstək verib.
Dövlət qayğısının və bu istiqamətdə aparılan işlərin davamlılığını göstərən mühüm hadisələrdən biri də 2026-cı il avqustun 26-da Mehriban Əliyevanın K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna səfəri olub. Səfər zamanı müəssisənin fəaliyyəti, tibbi imkanları və yenidoğulmuşlara göstərilən xidmətlərlə tanışlıq keçirilib, institutun ehtiyacları və gələcək inkişafı diqqət mərkəzində saxlanılıb. Bütün bunlar uşaqların sağlamlığının qorunmasının dövlət və cəmiyyət üçün prioritet məsələ olduğunu bir daha nümayiş etdirir.
Bu gün Azərbaycanda uşaqların sağlamlığının qorunması ilkin tibbi xidmət, profilaktik müayinələr, peyvəndləmə, ana və körpə sağlamlığının mühafizəsi, ixtisaslaşmış tibbi yardım sisteminin inkişafı ilə əlaqələndirilir. Dövlət Statistika Komitəsinin uşaqlarla bağlı statistik nəşrlərində uşaqların xəstələnməsi, profilaktik müayinələri, peyvəndlə əhatə olunması, körpə və uşaq ölümü kimi göstəricilər ayrıca izlənilir. Bu məlumatlar göstərir ki, uşaq sağlamlığının qorunması yalnız tibbi məsələ deyil, həm də sosial inkişafın, demoqrafik təhlükəsizliyin və milli gələcəyin əsas şərtlərindəndir.
Beynəlxalq göstəricilər də bu sahədə əldə olunan irəliləyişlərin əhəmiyyətini ortaya qoyur. UNICEF-in Azərbaycan üzrə məlumatlarına əsasən, ölkəmizdə beş yaşadək uşaqlar arasında ölüm göstəricisi 2000-ci ildə hər 1000 diri doğulana 74,3 olduğu halda, 2024-cü ildə 17,9-a enib. Bu azalma ana və uşaq sağlamlığının qorunması, tibbi xidmətlərin əlçatanlığının genişləndirilməsi və profilaktik tədbirlərin əhəmiyyətini göstərən mühüm göstəricidir.
Uşaq sağlamlığına münasibət, əslində, cəmiyyətin öz gələcəyinə münasibətidir. Vaxtında aparılan müayinə, düzgün verilən tibbi məsləhət, qarşısı alınan bir xəstəlik bəzən bir uşağın deyil, bütöv bir ailənin taleyini dəyişir. Pediatrın müayinə otağında eşidilən hər bir uşaq səsi, valideynin nigaran baxışları, həkimin diqqətlə dinlədiyi hər bir şikayət böyük məsuliyyətin ifadəsidir. Bu peşənin arxasında təkcə tibbi bilik deyil, səbir, mərhəmət, insan sevgisi və yüksək mənəvi məsuliyyət dayanır.
Bu gün Azərbaycan pediatrlarının əməyini dəyərləndirərkən onların yalnız xəstəliklərlə mübarizəsini deyil, sağlam nəslin formalaşmasına verdikləri töhfəni də xüsusi qeyd etməliyik. Çünki bu gün müalicə olunan uşaq sabahın alimi, müəllimi, mühəndisi, əsgəri, dövlət xadimi ola bilər. Onun sağlamlığına göstərilən qayğı Azərbaycanın gələcəyinə qoyulan sərmayədir.
20 noyabrın mənası da məhz bundadır: hər bir uşağın sağlam böyümək, sevinmək, öyrənmək və arzularına çatmaq haqqı var. Bu haqqın qorunması isə ailənin, cəmiyyətin, dövlətin və hər şeydən əvvəl, uşaqların sağlamlığı uğrunda çalışan həkimlərin ortaq məsuliyyətidir. Uşağın üzündəki təbəssümün arxasında bəzən bir pediatrın gecə-gündüz bilməyən zəhməti, bir həkimin diqqəti və şəfqəti dayanır. Həmin təbəssümü qorumaq isə gələcəyimizi qorumaq deməkdir.
Nurəngiz Adilqızı


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Zamanın sınağından keçən siyasi iradə: Yeni Azərbaycan Partiyasının tarixi missiyası
Leyla və Arzu Əliyevalar Vyetnam qəhvəsi hazırlayıblar
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Culfada vətəndaşları qəbul edəcək
Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Azərbaycan-NASDA əməkdaşlığının perspektivləri müzakirə edilib
Günün fotosu
Alyona Əliyeva mükafatlandırma mərasimində
Qaxda aqrar sahə üzrə investisiya layihələrinin icra vəziyyəti ilə tanışlıq olub
Diplomatlar Böyük Qayıdış prosesi haqqında məlumatlandırılıblar
Süni intellekt əsaslı “iDOST” layihəsi beynəlxalq platformada təqdim olunub
XƏBƏRDARLIQ
“Aqronomiya və bitki sağlamlığı: elmi biliklərdən praktiki təcrübəyə” mövzusunda konfrans keçirilib
Aqrar Sığorta Fondu İmişlidə fermerə aqrar sığorta ödənişi edib
Prezidentin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində müasir peşə hazırlığı mərkəzi istifadəyə verilib
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Qubadlıdan olan vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib

Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı