Baş Prokurorluğun əməkdaşı BMT tərəfindən təşkil olunan tədbirdə iştirak edib
Vyana şəhərində cari ilin 3-4 iyun tarixlərində BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasının (UNTOC) İştirakçılar Konfransının Texniki dəstək üzrə hökumət ekspertlərinin işçi qrupunun 15-ci sessiyası, 5-6 iyun tarixlərində Beynəlxalq əməkdaşlıq üzrə işçi qrupunun 15-ci sessiyası, 7 iyun tarixində isə sözügedən işçi qruplarının birgə konstruktiv dialoqu keçirilib.
Tədbirdə ətraf mühitə təsir edən cinayətlərin kriminallaşdırılması, mütəşəkkil dələduzluq, cinayətkarlıq məsələləri üzrə beynəlxalq əməkdaşlıqda texnologiyaların rolu və təsiri, ekstradisiya prosesində yaranan çətinliklərlə bağlı hüquqi və praktiki məsələlər mövzuları üzrə çıxışlar edilib və fikir mübadiləsi aparılıb.
Sessiyalarda və konstruktiv dialoqda Azərbaycan Respublikasının Baş Prokurorluğunu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru vəzifəsini icra edən Fuad Hüseynov təmsil edib.
Sessiyalar zamanı Fuad Hüseynov çıxış edərək ölkəmiz tərəfindən ekoloji cinayətlərlə mübarizə sahəsində görülən tədbirlər, o cümlədən ərazilərimizin işğaldan azad olunması ilə həmin ərazilərdə işğal dövründə törədilən ekoloji cinayətlərə son qoyulması, həmçinin ölkəmizdə cinayət prosesində istifadə olunan informasiya kommunikasiya texnologiyalarının, o cümlədən elektron prokurorluq informasiya sisteminin üstünlükləri barədə məlumat vermişdir.
Hər iki sessiyanın nəticəsində ölkəmizin mövqeyi nəzərə alınmaqla Konvensiya İştirakçılarının Konfransına təqdim ediləcək tövsiyələr qəbul edilmişdir.