Türkiyənin turizm gəlirləri 9 ayda 51,3 milyard dollara çatıb


Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy İstanbulda keçirdiyi mətbuat konfransında ölkənin 2026-cı ilin üçüncü rübü və yanvar-sentyabr ayları üzrə turizm göstəricilərini açıqlayıb.
Bildirilib ki, ilin ilk doqquz ayında Türkiyənin turizm gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 51,3 milyard dollara yüksəlib. Bu, ölkə tarixində ilk doqquz ay üzrə qeydə alınan ən yüksək göstəricidir.
Təkcə üçüncü rübdə turizm gəlirləri 5 faiz artaraq rekord həddə – 25,5 milyard dollara çatıb.
Nazir Mehmet Nuri Ersoy beynəlxalq turizm sektorunun bu il bir sıra ciddi çətinliklərlə üzləşdiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, regionda baş verən münaqişələr, hava məkanına tətbiq edilən məhdudiyyətlər, enerji daşıyıcılarının və aviabiletlərin bahalaşması səyahət qərarlarına, aviaşirkətlərin uçuş imkanlarına və turizm şirkətlərinin proqramlarına təsir göstərib.
Belə bir şəraitdə Türkiyənin sabit və etibarlı turizm istiqaməti kimi ön plana çıxdığını vurğulayan nazir bildirib ki, 2018-ci ildən etibarən sektorun müxtəlif böhranlara qarşı dayanıqlılığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Türkiyə Turizmin Təşviqi və İnkişafı Agentliyinin (TGA) yaradılması ilə ölkənin beynəlxalq tanıtım fəaliyyəti sistemli və davamlı xarakter alıb, hədəf bazarları genişləndirilib, turizm məhsulları şaxələndirilib.
Mehmet Nuri Ersoy əldə olunan rekord nəticələrin seçilmiş strategiyanın səmərəliliyini təsdiqlədiyini qeyd edib. O, qarşıdakı dövrdə ənənəvi turizm bazarlarında mövqelərin qorunması ilə yanaşı, Amerika qitəsi, Kanada, Şərqi Asiya, Afrika və Okeaniya ölkələrində tanıtım fəaliyyətinin daha da gücləndiriləcəyini bildirib.
Məlumata görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Türkiyədə turistlərin orta qalma müddəti 0,3 faiz artaraq 10,34 gecə, bir gecəlik orta xərcləri isə 4,6 faiz yüksələrək 107,7 dollar təşkil edib.
Hesabat dövründə Türkiyəyə gələn ziyarətçilərin ümumi sayı 49,1 milyon nəfərə çatıb. Rusiya 5,70 milyon, Almaniya 5,17 milyon və Böyük Britaniya 3,20 milyon ziyarətçi ilə ölkənin əsas turizm bazarları sırasında ilk üçlükdə yer alıb.