İmam Qəzali: şöhrəti tərk edib həqiqəti axtaran alim

Elm, ağıl və mənəviyyat arasında öz yolunu axtaran böyük İslam mütəfəkkirinin həyat hekayəsi
Dövrünün ən məşhur alimlərindən biri Bağdadın nüfuzlu Nizamiyyə mədrəsəsində dərs deyir. Ətrafında yüzlərlə tələbə, qarşısında böyük şöhrət və yüksək mövqe var. Lakin bir gün həmin alim daxilində baş qaldıran təlatümə təslim olur və sahib olduğu hər şeyi geridə qoyur...
Bəzən insanın həyatında elə bir məqam yetişir ki, əldə etdiyi bütün uğurlar ona kifayət etməməyə başlayır. Şöhrət, vəzifə, bilik, nüfuz və insanların rəğbəti var, amma insan daxilində izah edə bilmədiyi bir boşluq hiss edir. Belə məqamda insanı bir sual narahat edir - həqiqət nədir və mən onu necə dərk edə bilərəm?

İmam Qəzali də məhz bu sualın ardınca yola çıxdı. 1095-ci ildə Bağdadı tərk etdi.
Bu, məhz elm ilə mənəviyyat, ağıl ilə inam, şöhrət ilə həqiqət arasında seçim qarşısında qalan insanın hekayəsidir.
Tusdan Bağdada – İmam Qəzali
Əbu Həmid Məhəmməd ibn Məhəmməd əl-Qəzali 1058-ci ildə Xorasanın Tus şəhərində anadan olub. İlk təhsilini Xorasanda aldıqdan sonra Nişapurda dövrünün məşhur alimlərindən İmam əl-Cüveyninin yanında təhsil alıb. Fiqh, üsulül-fiqh, kəlam, məntiq və digər elmləri dərindən öyrənib.
Qəzali gənc yaşlarından elm sahəsində böyük şöhrət qazanıb.
Səlcuq vəziri Nizamülmülkün diqqətini cəlb edən alim 1091-ci ildə Bağdaddakı Nizamiyyə mədrəsəsinə professor, yəni baş müdərris təyin edilib. Bu vəzifə dövrün ən yüksək elmi mövqelərindən biri hesab olunurdu.
XI əsrin sonlarında Qəzalinin adı artıq İslam dünyasının ən nüfuzlu alimləri sırasında çəkilirdi. Nizamiyyə mədrəsəsində dərs deyir, çoxsaylı tələbələr yetişdirir, alimlər arasında seçilir, hökmdarların və dövlət adamlarının diqqət mərkəzində olurdu.
Lakin şöhrətin zirvəsində olduğu bir vaxtda onun daxilində tamam başqa bir proses gedirdi.
Qəzali sahib olduğu biliklərin və qazandığı nüfuzun insanın həqiqi məqsədinə çatması üçün kifayət edib-etmədiyini sorğulamağa başlamışdı.
Onun əsas sualı artıq yalnız “Nə bilirəm?” deyildi. Daha mühüm sual belə idi: “Bildiklərimin həqiqət olduğuna nə dərəcədə əminəm?”
Məhz bu sual onun həyatının istiqamətini dəyişdi.
Şöhrətin zirvəsində gələn daxili böhran
Qəzalinin həyatının ən mühüm dönüş nöqtələrindən biri “əl-Münqiz minəd-dəlal” – “Azğınlıqdan qurtuluş” əsərində təsvir etdiyi mənəvi və intellektual böhran oldu.
O, biliklərin həqiqiliyini, hisslərin etibarlılığını və ağlın imkanlarını yenidən nəzərdən keçirməyə başladı. Onun üçün həqiqi əminlik sadəcə inanmaq deyildi. Əminlik yanlışlıq ehtimalını mümkün qədər aradan qaldıran, aydın və əsaslandırılmış bilik demək idi.
Bu yanaşma Qəzalinin düşüncə tarixindəki əhəmiyyətini göstərən əsas məqamlardan biridir. O, yalnız cavab axtarmırdı; cavabın həqiqiliyini müəyyənləşdirən meyarları da axtarırdı.
Qəzali müxtəlif fəlsəfi və teoloji məktəbləri araşdırır, onların əsaslarını öyrənir, fərqli dünyagörüşlərini müqayisə edirdi. Həqiqət axtarışı onun üçün hər hansı bir məktəbə kor-koranə bağlanmaqdan daha vacib idi.
Bu baxımdan onun intellektual həyatının əsas xəttini bir cümlə ilə ifadə etmək mümkündür: həqiqəti hazır cavablarda deyil, araşdırmada, düşüncədə və daxili sınaqda axtarmaq.
Bağdadı tərk edən alim
İllərlə qazandığı mövqedən, şöhrətdən və rahat həyatından uzaqlaşmaq əlbəttə ki, asan deyildi. Həqiqət axtarışına çıxamq qərarı da anidən verən qərar deyildi…
Qəzali Dəməşqdə, Qüdsdə, Məkkədə və Mədinədə olduğu, təfəkkür və ibadətlə məşğul olduğu uzun bir mənəvi axtarış dövrü keçirdi. Bu mərhələ onun dünyagörüşünün formalaşmasında mühüm rol oynadı.
Lakin onun qərarının mahiyyəti yalnız şöhrət və sərvətdən fiziki uzaqlaşmaq deyildi. Əsas məsələ insanın daxilində dünyəvi şöhrətə, mənfəətə və insanların rəğbətinə bağlılığı azaltması idi.

Beləliklə, Bağdadı tərk edən Qəzali əslində yalnız bir şəhəri deyil, özünün əvvəlki həyat tərzini də tərk edirdi.
Qəzalinin qarşısında dayanan ən mühüm suallardan biri bu idi: “Əgər elm insanın həyatını dəyişmirsə, onun həqiqi dəyəri nədir?”
Bu sual sonrakı yaradıcılığının, xüsusilə “İhya ulumid-din” – “Dini elmlərin dirçəldilməsi” əsərinin əsas ruhunu müəyyənləşdirdi.
Qəzali üçün elm insanın daxilində dəyişiklik yaratmalı, bu dəyişiklik isə əmələ çevrilməli idi. Onun düşüncəsində bilik son dayanacaq deyil, insanın özünü və davranışını dəyişməsinə aparan başlanğıcdır.
Bu baxımdan “İhya ulumid-din” yalnız nəzəri dini biliklər toplusu deyil. Əsərdə ibadətlərdən ictimai münasibətlərə, mənəvi xəstəliklərdən insanı kamilləşdirən fəzilətlərə qədər geniş məsələlər araşdırılır.
Qəzali üçün əsas məsələ elm ilə həyat arasındakı əlaqədir. İnsan yalnız bilməməli, bildiyi həqiqəti öz həyatında yaşamalıdır.
Çünki bilik xarakterə, xarakter isə davranışa çevrilmədikdə onun insanı dəyişdirən gücü məhdud qalır.

Qəlb – insanın daxili aynasıdır
Qəzalinin düşüncəsində insanın daxili aləmi xüsusi yer tutur. O, qəlbi həqiqəti əks etdirə bilən aynaya bənzədir. Güzgü çirkləndikdə görüntü necə bulanıqlaşırsa, insanın qəlbi də ehtiras, tamah, təkəbbür, paxıllıq və digər mənəvi qüsurlarla örtüldükdə həqiqəti düzgün dərk etmək qabiliyyətini itirə bilər.
Bu yanaşma Qəzalinin mənəvi dünyasını anlamaq üçün mühüm açarlardan biridir. Deməli, həqiqət yalnız insanın xaricində axtardığı bir obyekt deyil. İnsan əvvəlcə öz daxilindəki pərdələri aradan qaldırmalıdır.
Bu isə özünütənqid, nəfsin tərbiyəsi, niyyətin saflaşdırılması və daxili intizam tələb edir.
Söz yox, təcrübə
Qəzalinin təsəvvüfə münasibətində də eyni yanaşmanı görmək mümkündür.
O, mənəvi yolu araşdırarkən yalnız kitab oxumağın kifayət etmədiyini düşünürdü. Bəzi mənəvi həqiqətlərin yalnız şəxsi təcrübə yolu ilə dərk edilə biləcəyini vurğulayırdı.
Qəzali bu nəticəyə öz həyat təcrübəsi ilə gəlmişdi. Müxtəlif məktəbləri oxumuş, onların arqumentlərini araşdırmış, fəlsəfi və teoloji mübahisələri dərindən öyrənmişdi. Lakin müəyyən mərhələdə anladı ki, insanın mənəvi həyatında yalnız nəzəri biliklə əldə edilə bilməyən təcrübə qatları da mövcuddur.
Beləliklə, onun düşüncəsində elm və əməl, ağıl və mənəviyyat, nəzəriyyə və təcrübə bir-birini tamamlayan anlayışlara çevrildi.
Ağıl və mənəviyyatın kəsişdiyi yerdə
İmam Qəzalini yalnız filosof, ilahiyyatçı və ya yalnız sufi kimi təqdim etmək olmaz. O, fiqh və kəlamı, məntiq və fəlsəfəni, əxlaq və mənəviyyatı bir-biri ilə əlaqələndirməyə çalışan mürəkkəb və çoxşaxəli düşüncə sahibidir.
Qəzali fəlsəfəni sadəcə kənardan tənqid etmirdi. Əvvəlcə onun əsaslarını öyrənir, arqumentlərini təhlil edir, daha sonra qəbul etdiyi və etiraz etdiyi müddəaları müəyyənləşdirirdi.
“Filosofların təkzibi” – “Təhafütül-fəlasifə” əsərində İslam fəlsəfəsinin bəzi əsas müddəalarını tənqid etdi. Onun bu əsəri sonralar İbn Rüşdün “Təhafüt ət-təhafüt” – “Təkzibin təkzibi” əsəri ilə cavablandırıldı.
Beləliklə, Qəzalinin adı yalnız dini düşüncə tarixində deyil, ümumilikdə fəlsəfə tarixində mühüm mübahisələrin mərkəzinə çevrildi.
Qəzali yalnız həqiqəti tapmaq və həmin həqiqətlə yaşamaq istəyirdi.

900 il sonra Qəzali
İmam Qəzalinin əxlaq fəlsəfəsinin əsas xüsusiyyətlərindən biri budur ki, bilik istəyə, niyyətə və nəhayət, əmələ çevrilməlidir.
Təxminən 900 il əvvəl yaşamış Qəzalinin insanın daxili dünyası ilə bağlı sualları bu gün də aktuallığını qoruyur:
İnsan nə üçün yaşayır?
Elm insanı tam kamil edirmi?
Maddi uğur insanı xoşbəxt edə bilərmi?
İnsan öz nəfsinə və istəklərinə necə hakim ola bilər?
Həqiqi zənginlik nədir?
Bu sualların maraqlı tərəfi ondadır ki, zaman dəyişsə də, insanın daxili problemləri dəyişmir.
Bu gün insan tarixdə heç vaxt olmadığı qədər çox məlumat əldə edə bilir. Bir neçə saniyə ərzində dünyanın müxtəlif yerlərindəki informasiyaya çıxış mümkündür. Süni intellekt, rəqəmsal texnologiyalar və informasiya bolluğu bilik əldə etməyi əvvəlkindən daha asan edib.
Amma Qəzalinin sualı yenə qarşımızda dayanır: “Məlumatın çoxluğu insanı həqiqətin dərinliyinə aparırmı? Daha çox bilmək avtomatik olaraq daha müdrik olmaq deməkdirmi?
Qəzalinin düşüncəsi bu iki anlayış arasındakı fərqi xatırladır:
Bilmək başqadır, dərk etmək başqa.
Məlumat başqadır, hikmət başqa.
İmam Qəzalini dövrünün alimlərindən fərqləndirən əsas cəhətlərdən biri onun elmi və mənəvi axtarışı bir bütöv sistem daxilində birləşdirməsi idi.

Qəzali yalnız həqiqət haqqında danışmaq istəmirdi; həqiqətin insanın həyatını necə dəyişdirməli olduğunu da araşdırırdı.
Şöhrətdən həqiqətə
Qəzalinin həyat hekayəsini yalnız böyük bir alimin bioqrafiyası kimi oxumaq onun əsas mesajını daraltmaq olardı.
Onun həyatı, əslində, bir insanın özünə verdiyi sualların tarixidir.
O, şöhrətin zirvəsinə çatdı – sonra şöhrətin kifayət etmədiyini gördü.
Elm qazandı – sonra elmin insanı dəyişdirməli olduğunu düşündü.
Mübahisələr apardı – sonra həqiqətin yalnız mübahisə yolu ilə əldə edilmədiyini anladı.
Kitablar yazdı – amma insanın daxilində baş verən dəyişimin kitab səhifələrindən daha mühüm olduğunu göstərdi.
Qəzalinin həyatından çıxan ən mühüm nəticələrdən biri budur:
İnsanın həqiqəti axtarması kifayət deyil; o, tapdığı həqiqətin qarşısında özünü də dəyişməyə hazır olmalıdır.
Bəlkə də İmam Qəzalinin əsrlərdən keçərək bu günə gəlib çatan ən böyük mirası məhz budur.
Bu gün insan daha çox informasiya əldə edir, daha çox uğur qazanmağa çalışır, daha çox görünmək, sosial nüfuz və status əldə etmək istəyir. Lakin bütün bunların içində əsas sual dəyişmir:
İnsan özünü və həyatının mənasını nə qədər tanıyır?
Qəzali 1111-ci ildə doğulduğu Tus şəhərində vəfat etdi. Onun əsərləri əsrlər boyu İslam dünyasında alimlərə, filosoflara və sufilərə təsir göstərdi.
Lakin onun irsinin dəyəri yalnız keçmişə aid olmasında deyil. Qəzali bizə bu gün də eyni sualı verir:
İnsan nə qədər çox bildiyi ilə deyil, bildiklərinin onu necə bir insana çevirdiyi ilə ölçülməlidirmi?
Bəlkə də əsrlərdir Qəzalinin düşüncəsini yaşadan əsas səbəb elə budur: o, insanı yalnız dünyanı anlamağa deyil, əvvəlcə özünü anlamağa çağırırdı.

İmam Qəzalinin dediklərindən:
“Bilik əmələ çevrilmədikcə faydasızdır; əməl isə biliksiz olduqda azğınlığa aparır”.
“Qəlb güzgü kimidir; təmizləndikdə həqiqətləri əks etdirə bilər.”
“Bilik artdığı halda hidayət və doğru istiqamət artmırsa, insan yalnız biliyini artırmış olur, özünü deyil.”
P.S. Görəsən, insan sahib olduqlarının çoxluğu, yoxsa axtardığı həqiqətin dərinliyi ilə zəngindir?
Səadət Hakıyeva