Bakıda Azərbaycan-Türkiyə ortaq oxu proqramının açılış paneli keçirilib




Bakıda İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” düsturundan ilhamlanaraq hazırlanmış Azərbaycan-Türkiyə ortaq oxu proqramının açılış paneli keçirilib.
Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik Kampusunda təşkil olunan tədbirdə diplomatiya, ədəbiyyat və akademik ictimaiyyətin nümayəndələri, müəllimlər və tələbələr iştirak ediblər.
Türk dünyasının ədəbi irsinin qarşılıqlı öyrənilməsi və daha dərindən anlaşılması məqsədi daşıyan layihə 2025-ci ilin oktyabrında Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə həyata keçirilməyə başlayıb.
Layihə çərçivəsində Türkiyənin 90 məktəbindən şagirdlər və 27 universitetin tələbələri Cəlil Məmmədquluzadə, Bəxtiyar Vahabzadə, Anar Rzayev və Elçin Əfəndiyev kimi tanınmış Azərbaycan ədiblərinin əsərlərini oxuyaraq əldə etdikləri fikir və qənaətləri yazılı mətnlər şəklində təqdim ediblər.
Azərbaycanda fəaliyyət göstərən dörd müxtəlif oxu qrupunun 37 şagird və tələbəsi isə Yunus Əmrə, Mövlana Cəlaləddin Rumi, Mehmet Akif Ərsoy, Əhməd Həmdi Tanpınar və Mustafa Kutlu kimi türk ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığını araşdırıb.
Tədbirin açılış nitqi Maarif Məktəblərinin Azərbaycan üzrə nümayəndəsi Tabip Gülbay tərəfindən səsləndirilib. Daha sonra Maarif Məktəblərinin şagirdlərindən ibarət xor kollektivi müəllimlərin müşayiəti ilə Azərbaycan xalq mahnılarını ifa edib.
Əsas panelin moderatoru Xəzər Universitetinin magistr tələbəsi Gülçöhrə Abbasova olub. Paneldə layihəyə Türkiyənin müxtəlif şəhərlərindən qoşulan şagird və tələbələr – Ankaradan Masal Özhekim və Fatih Əmrə Oğur, Kayseridən Sevda Orhan, Eskişehirdən isə Tülay Balıtatlı çıxış ediblər.
Şagirdlərin ədəbi məruzə və təqdimatlarından sonra tədbirdə protokol çıxışları dinlənilib.
Anadolu Məktəbi Müvəkkillər Heyətinin üzvü Məhəmməd Hakan Tanrıöver, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün, tanınmış yazıçı Elçin Əfəndiyevin qızı, Milli Məclisin deputatı Günay Əfəndiyeva, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Səlim Babullaoğlu, Azərbaycanın tanınmış yazıçısı Sabir Rüstəmxanlı və Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin Mədəniyyət Mərkəzinin nümayəndəsi Dr.Şəhlə İbişova çıxış edərək layihənin Azərbaycan-Türkiyə mədəni və ədəbi əlaqələrinin inkişafındakı əhəmiyyətindən danışıblar.
Tədbirin yekun qiymətləndirmə çıxışını “Türk Ədəbiyyatı” jurnalının baş redaktoru, yazıçı və tərcüməçi İmdat Avşar edib.
Sonda tədbir iştirakçılarına və layihədə iştirak edən şagirdlərə hədiyyə və sertifikatlar təqdim olunub. Proqram iştirakçıların birgə xatirə fotosunun çəkilməsi ilə başa çatıb.
Qeyd edək ki, layihə Azərbaycan və Türkiyə gənclərinin bir-birinin ədəbi irsi ilə daha yaxından tanış olmasına imkan yaratmaqla yanaşı, iki qardaş ölkə arasında mədəni və mənəvi bağların daha da möhkəmləndirilməsinə xidmət edir.