1 oktyabr – Beynəlxalq Ahıllar günüdür
Bir vaxtlar bizi gecələr yuxusuz qalan gözlərlə qoruyan insanlar indi pəncərənin önündə yol gözləyirlər... Bir vaxtlar əlimizdən bərk-bərk tutub ilk addımlarımızı atan əllər indi asta-asta titrəyir. O əllər ki, uşaqlığımızın bütün ağırlığını daşıyıb, xəstələnəndə alnımızı sığallayıb, süfrədə öz payından bizə verib. İndi isə həmin əllərin sahibinin bəzən ehtiyacı olan ən böyük şey bir stəkan su, bir xoş söz, bir telefon zəngi, bir də “Mən yanındayam” deyən doğma nəfəsdir.
İnsan ömrünün payızı belə başlayır. Saçlara ağ düşür, addımlar yavaşlayır, səs əvvəlki kimi gur çıxmır. Amma xatirələr daha da çoxalır. Ahıl insanın gözlərində bir ailənin, bir nəslin, bəzən bütöv bir dövrün hekayəsi yaşayır. Ona görə də 1 oktyabr – Beynəlxalq Ahıllar Günü sadəcə təqvimdə qeyd olunan tarix deyil. Bu gün bizi həyata gətirən, böyüdən və öz ömründən bizim gələcəyimiz üçün pay ayıran insanlara borcumuzu xatırladan mənəvi çağırışdır.
Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 14 dekabr 1990-cı ildə qəbul etdiyi 45/106 saylı qətnamə ilə 1 oktyabrı Beynəlxalq Ahıllar Günü elan edib. Bu qərarın əsas məqsədi yaşlı insanların sosial, iqtisadi və mənəvi ehtiyaclarına diqqəti artırmaq, onların hüquqlarını və ləyaqətini qorumaq, cəmiyyət həyatında fəal iştirakına şərait yaratmaqdır. 1991-ci ildə isə BMT Baş Məclisi Ahıl İnsanlara dair Prinsipləri qəbul edib. Həmin prinsiplərdə ahılların müstəqillik, iştirak, qayğı, özünüreallaşdırma və ləyaqət hüquqları xüsusi vurğulanır.
Azərbaycan xalqının mənəvi dünyasında isə ahıl insanın yeri çox qədimdən bəri ayrıdır. Ağsaqqalın sözü məsləhət, ağbirçəyin duası xeyir-bərəkət sayılıb. Böyüyə hörmət ailədən başlayaraq cəmiyyətin bütün təbəqələrinə yayılan mühüm mənəvi dəyər olub. Bu dəyər bu gün dövlət siyasətində də öz ifadəsini tapır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətdə ahıl insanların sosial müdafiəsi və onların layiqli həyat şəraitinin təmin edilməsi xüsusi diqqətdə saxlanılır. Rəsmi məlumatlara görə, ölkədə ahıl şəxslərin sosial təminat sistemi ilə əhatə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində dövlət himayəsində olan ahıllara sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlər göstərilir.
Qayğıya ehtiyacı olan ahılların öz evlərində də diqqətdən kənarda qalmaması üçün sosial xidmətlər təşkil olunur. Gün ərzində fəaliyyət göstərən qayğı mərkəzlərində ailə üzvləri ilə birgə yaşamayan ahıllara müxtəlif xidmətlər göstərilir. Bütün bunlar dövlətin ahıl nəslə münasibətinin yalnız sözlə deyil, konkret sosial mexanizmlərlə də ifadə olunduğunu göstərir.
Amma ahıl insana qayğının ölçüsü yalnız göstərilən xidmətlər, yaradılan şərait və sosial təminatla müəyyənləşmir. Çünki insanın qəlbinin ehtiyacı bəzən heç bir rəqəmə sığmır.
Yaşlı bir ananın qapıya dikilən gözlərini heç bir statistika ifadə edə bilməz. Övladının səsini eşitmək üçün telefonun zəngini gözləyən bir atanın həsrətini heç bir rəqəm ölçə bilməz. Bir vaxtlar gecə-gündüz bizim yolumuzu gözləyən valideynlərin indi bizim yolumuzu gözləməsi həyatın ən kövrək həqiqətlərindən biridir.
Bəzən biz böyüdükcə onların da bizim kimi dəyişdiyini düşünürük. Halbuki dəyişən onlar deyil, zamandır. Bizim uşaqlığımız keçib, onların gəncliyi isə artıq xatirəyə çevrilib. Biz həyata tələsərkən onlar yavaşlamağa başlayıblar. Biz sabahı düşünərkən onlar dünəni xatırlayırlar. Və həmin “dünən”in içində bizim adımız var...
Bəlkə də 1 oktyabrın ən böyük mənası elə budur: bir anlıq dayanmaq və arxaya baxmaq. Bizi böyüdən insanları xatırlamaq. Onların səsini eşitmək. Əllərindən tutmaq. Yanlarında oturmaq. Çünki bir gün bizim də addımlarımız yavaşlayacaq, bizim də saçlarımıza ağ düşəcək, bizim də qapıya dikilən gözlərimiz olacaq. O gün gələndə yanımızda kimin dayanacağını bu gün etdiklərimiz müəyyən edəcək.
Ahıl insanın əlindən tutmaq, əslində, qocalmış bir əldən tutmaq deyil. Bir ömrün zəhmətindən, bir ailənin yaddaşından, öz keçmişimizdən tutmaqdır.
Bu gün bizi qoruyan, sabahımızı qurmaq üçün öz ömründən pay verən insanların qarşısında dayanıb yalnız bir şeyi düşünmək lazımdır: onlar bir vaxtlar bizim uşaqlığımızın dayağı oldular. İndi onların ömrünün payızında biz dayaq olmalıyıq. Çünki insanın qocalığına göstərdiyi mərhəmət, əslində, onun öz insanlığına verdiyi ən böyük qiymətdir.
Nurəngiz Adilqızı


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Pərakəndə ticarət dövriyyəsi haqqında
Fuad Hüseynov BMT QAK-ın sessiyasında Böyük Qayıdış prosesi barədə danışıb
2026-cı ilin yanvar-sentyabr aylarında informasiya və rabitə xidmətləri haqqında
Kənd Təsərrüfatı Nazirliyində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
YAP-dan türkiyəli rəsmilərin Azərbaycanla bağlı açıqlamalarına - Etiraz
Laos Prezidenti Zəfər parkı və Fəxri xiyabanda
2026-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat və anbar təsərrüfatı xidmətləri haqqında
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib
Oktyabrın 14-də gözlənilən hava şəraiti
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib
Kənd təsərrüfatı məhsulu istehsalı haqqında
Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub
Türkiyə mədəni irsin qorunmasında dron texnologiyasından istifadə edir
Bakı, Sumqayıt və Abşerondakı pensiyaçılara şad xəbər
İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər