lider-media.az

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Baxış: 1144 Tarix: Вчера, 15:22

Azərbaycan Respublikası Auditorlar Palatası, Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları Qurumu, Qazaxıstan Auditorlar Palatası və Özbəkistan Auditorlar Palatasının rəhbərlərinin iştirakı ilə “Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin yaradılmasına dair Saziş imzalanıb.

Auditorlar Palatasının sədri Vahid Novruzov bu birliyin yaradılması zərurəti, vəzifələri, əhəmiyyəti barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

- Birliyin yaradılmasına nə üçün zərurət yarandı?

- Türk dövlətləri arasında əlaqələrin son illərdə bütün istiqamətlərdə sürətlə inkişaf etməsi maliyyə, mühasibat və audit sahələrində də əməkdaşlığın genişləndirilməsini və qarşılıqlı inteqrasiyasını zəruri edirdi. Hazırda qlobal iqtisadi çağırışlar, maliyyə şəffaflığının təmin edilməsi, beynəlxalq audit standartlarının tətbiqi və rəqəmsal transformasiya prosesləri türk dövlətləri arasında mühasibat və audit sahəsində koordinasiyalı əməkdaşlığın daha da genişlənməsini zəruri edir. Bu baxımdan Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması xüsusi aktuallıq kəsb edir. Birlik məhz bu ehtiyacdan irəli gələn mühüm və perspektivli platformadır. Birliyin əsas üstünlüyü ondan ibarətdir ki, o, türkdilli ölkələrin peşə və tənzimləyici qurumlarını təcrübə mübadiləsi, qarşılıqlı öyrənmə və ortaq təşəbbüslərin həyata keçirilməsi üçün bir araya gətirir.

- Birliyin əhəmiyyəti nədən ibarətdir?

- Birliyin yaradılması türk dövlətləri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsinə, maliyyə hesabatlılığında şəffaflığın artırılmasına, beynəlxalq investorların etimadının möhkəmləndirilməsinə, vahid peşəkar və etik standartların formalaşdırılmasına, auditor və mühasiblərin regional əmək bazarında rəqabət qabiliyyətinin yüksəldilməsinə, eləcə də türk dünyasında ortaq iqtisadi idarəetmə mexanizmlərinin inkişafına mühüm töhfə verəcək. Türk Dövlətləri Təşkilatının təsis sənədlərində və “Türk Dünyası - 2040 Vizyonu”nda müəyyən edilmiş əməkdaşlıq, həmrəylik, qarşılıqlı etimad və birgə inkişaf məqsədləri birliyin Nizamnaməsinin əsasını təşkil edir. Mühasibat uçotu, maliyyə hesabatlılığı, dayanıqlılıq üzrə hesabatlılıq, müstəqil audit, digər təsdiqləyici xidmətlər və ictimai nəzarət sahələrində bilik və praktiki təcrübə mübadiləsi böyük əhəmiyyət daşıyır.

- Birliyin məqsədləri və fəaliyyət istiqamətləri barədə nə deyə bilərsiniz?

- Birlik mühasibat uçotu, maliyyə hesabatlılığı və dayanıqlılıq üzrə hesabatlılıq, müstəqil audit, digər təsdiqləyici xidmətlər, peşə etikası, keyfiyyətin idarə edilməsi, auditə ictimai nəzarət və peşəkar təhsil sahələrində üzv dövlətlər arasında əməkdaşlığın və inteqrasiyanın, ümumi təcrübələrin, məlumat mübadiləsinin və qarşılıqlı etimadın inkişaf etdirilməsi məqsədilə bir sıra mühüm fəaliyyətləri həyata keçirməyi hədəfləyir. Birlik, üzvlər arasında məlumatların, praktiki və institusional təcrübənin, statistik göstəricilərin, tənzimləyici yeniliklərin və qabaqcıl təcrübələrin mübadiləsini genişləndirməyi hədəfləyir. Bu məqsədlə qurum, ictimai nəzarət, keyfiyyət təminatı, yoxlama və icra sistemləri sahəsində üzv dövlətlər arasında texniki ekvivalentlik qiymətləndirmələri apararaq çatışmazlıqları müəyyən edir, həmçinin qarşılıqlı ekvivalentlik və tanınma qərarlarının qəbulu üçün təkliflər və yol xəritələri hazırlayır. Eyni zamanda, üzv dövlətlərdə beynəlxalq standartların səmərəli tətbiqini dəstəkləyir, ümumi sertifikatlaşdırma sistemləri və təhsil proqramları yaradır, peşəkar mobilliyi və potensialın gücləndirilməsini təmin edən birgə tədbirlər, seminarlar və rəqəmsal audit üzrə tədqiqatlar həyata keçirir. Birlik, beynəlxalq standartyaratma proseslərinə öz töhfəsini verməklə yanaşı, üzv dövlətlərə texniki yardım, ekspertiza və institusional dəstək göstərir.

- Birliyin təsisçi üzvləri barədə nə deyə bilərsiniz?

- Nizamnamənin məqsədləri üçün aşağıda göstərilən Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanən peşəkar və tənzimləyici qurumları təsisçi üzvlərdir. Aparılmış müzakirələr çərçivəsində Qazaxıstan və Türkiyə tərəfləri tərəfindən birliyin baş ofisinin Bakı şəhərində yerləşməsi ilə bağlı təkliflər də irəli sürülüb. Birliyin qərargahı və daimi katibliyi Bakı şəhərində yerləşir. Birliyin Bakı şəhərindəki qərargahının tam ünvanı Baş Assambleya tərəfindən müəyyən edilir. Qərargahın ünvanının Bakı şəhərinin hüdudları daxilində dəyişdirilməsi Nizamnaməyə dəyişiklik edilməsini tələb etmir.

- Türk Dövlətləri Təşkilatı və beynəlxalq əlaqələr çərçivəsində birliyin rolu nədən ibarətdir?

- Birlik TDT coğrafiyasında mühasibat uçotu, maliyyə hesabatlılığı, dayanıqlılıq üzrə hesabatlılıq, müstəqil audit, ictimai nəzarət, peşəkar ixtisas və əlaqəli sahələrdə institusional və texniki əməkdaşlığın inkişafına töhfə verir və öz fəaliyyətində türk dövlətləri arasında peşəkar və institusional əməkdaşlığın gücləndirilməsinə çalışır. Birlik IFAC, IAASB, IESBA, IFRS Fondu, IASB, ISSB, IPSASB, FATF, Birləşmiş Millətlər Təşkilatının qurumları, çoxtərəfli inkişaf bankları, regional təşkilatlar, akademik institutlar və digər müvafiq təşkilatlarla əməkdaşlıq edə bilər. Birliyin adından ictimaiyyətə açıqlanacaq rəsmi institusional mövqelər və bəyanatlar bu Nizamnamədə müəyyən edilmiş vəzifə bölgüsü çərçivəsində Baş Assambleya və İdarə Heyətinin sədri tərəfindən verilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi