Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 4 qanun layihəsi müzakirə edildi


Sentyabrın 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilib. Komitə sədri Azər Əmiraslanov gündəliyə 4 məsələnin daxil edildiyini bildirib.
İlk olaraq “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirə olunub. Layihəyə əsasən, “İcra haqqında” Qanuna “Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi” adlı yeni 46-1-ci maddənin əlavə edilməsi təklif olunur. Maddə icra prosesi zamanı tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi mexanizmini müəyyən edir. Bununla əlaqədar “Qiymətli kağızlar bazarı haqqında” Qanuna da dəyişikliklər nəzərdə tutulur.
İkinci məsələ Mülki Məcəllədə, Gömrük Məcəlləsində, “Xidməti və mülki silah haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Ovçuluq haqqında”, “İxrac nəzarəti haqqında” və “Telekommunikasiya haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Dəyişikliklər terminoloji unifikasiya məqsədi daşıyır və “xüsusi icazə” ifadəsinin “icazə” ifadəsi ilə əvəzlənməsini nəzərdə tutur.
Üçüncü məsələ Azərbaycan Respublikası Prezidentinin təklif etdiyi dəyişikliklərlə geri qaytarılmış “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Qanunla bağlı olub.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov bildirib ki, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 2026-cı il iyulun 14-də qəbul edilmiş və Prezident tərəfindən imzalanmadan dəyişikliklərlə geri qaytarılmış sənəddə rəqəmsal iqtisadiyyatın, İKT-nin, innovasiya ekosisteminin və startapların inkişafına yönəlmiş genişmiqyaslı təkliflər yer alıb.
Dəyişikliklər dövlət payı 51 faizdən az olan qeyri-dövlət sektoruna aid özəl texnologiya subyektlərini əhatə edir. İri sahibkarlıq subyektlərinin vergi güzəştlərindən yararlanması üçün onların ümumi gəlirlərində ixracın xüsusi çəkisinin olması və vəsaitlərin yerli banklara gətirilməsi şərti müəyyənləşdirilir.
Yeni rejim 1 yanvar 2027-ci ildən sonra şəhadətnamə alan yeni rezidentlərə şamil ediləcək. Mövcud rezidentlər isə fəaliyyətlərini cari hüquqi statusları çərçivəsində davam etdirəcəklər.
Elnur Əliyev sənəddə nəzərdə tutulan güzəştlərin vahid sistem şəklində təqdim edildiyini, onların uzun müddətə nəzərdə tutulmasının investisiya cəlbediciliyi və rəqabət imkanları baxımından əhəmiyyət daşıdığını bildirib. Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva isə vergi təşviqlərinin subyektləri və əhatə dairəsi barədə məlumat verib.
Müzakirələrdən sonra yenilənmiş qanunun Prezidentin təklif etdiyi dəyişikliklərlə qəbul edilməsi məqsədəuyğun hesab olunub və qərar komitə üzvləri tərəfindən yekdilliklə dəstəklənib.
Gündəliyin dördüncü-sonuncu məsələsi “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olub. Layihəni Mərkəzi Bankın sədr müavini Əli Əhmədov təqdim edib.
Bildirilib ki, qanun layihəsi Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına əsasən korporativ qiymətli kağızlar bazarının dərinləşdirilməsi çərçivəsində yeni investisiya aləti kimi sekyuritizasiyanın hüquqi əsaslarının yaradılması məqsədilə hazırlanıb. Təqdimatda sekyuritizasiyanın mahiyyəti, məqsədləri və predmeti, prosesin iştirakçıları və mərhələləri, eləcə də gözlənilən nəticələr barədə məlumat verilib.
Müzakirələr zamanı komitə üzvləri Azər Əmiraslanov, Azər Badamov, Əlibala Məhərrəmzadə, Rövşən Muradov, Vüqar Bayramov, Ziyad Səmədzadə və Əli Məsimli çıxış edərək sual və təkliflərini səsləndiriblər. Mərkəzi Bankın sədr müavini Əli Əhmədov, Mərkəzi Bankın baş direktorları Tural Feyzullayev və Tərlan Rəsulov deputatların suallarını cavablandırıblar.
İclasın sonunda komitə üzvləri gündəlikdəki məsələlərin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmasını tövsiyə ediblər.
Tədbirdə deputatlar Müşfiq Cəfərov, Aydın Hüseynov, Tahir Mirkişili, Zaur Şükürov və digər rəsmi şəxslər iştirak ediblər.