Hikmət Hacıyev Türkiyənin Kommunikasiya İdarəsinin nümayəndə heyətini qəbul edib


Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi sədrinin müavini, professor doktor Ferhat Pirinççi və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Türkiyə ilə Azərbaycan arasında strateji müttəfiqlik münasibətləri çərçivəsində kommunikasiya, media və ictimai diplomatiya sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər dəyişən qlobal informasiya mühiti, dezinformasiyaya qarşı mübarizə, ictimai diplomatiya və iki ölkənin ortaq mövqelərinin beynəlxalq ictimaiyyətə daha effektiv çatdırılması istiqamətində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunmasında strateji kommunikasiyanın rolu, həmçinin regional əməkdaşlığın inkişafı məsələləri də diqqət mərkəzində olub.
Görüş əsnasında “iki dövlət, bir millət” prinsipi və Şuşa Bəyannaməsi ilə təsbit olunan müttəfiqlik ruhuna uyğun olaraq kommunikasiya sahəsində birgə fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün də iştirak edib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri, professor doktor Burhanettin Duranın Hikmət Hacıyevi Türkiyəyə dəvəti də görüş zamanı çatdırılıb.