İİV haqqında tez-tez soruşulan suallar – Səhiyyə Nazirliyinin mütəxəssisi cavablandırır
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində Təşkilati-metodiki şöbənin həkim-metodisti Səbinə Nəbizadə ilə müsahibə


- İİV-lə yaşayan şəxs uzun illər heç bir simptom hiss etməyə bilərmi və bu dövrdə o, yoluxucudurmu?
- İİV infeksiyasının xarakterik xüsusiyyətlərindən biri onun uzun müddət klinik əlamətlər olmadan, latent mərhələdə davam edə bilməsidir. Yoluxmadan sonra xəstəlik illərlə simptomsuz gedə və şəxs özünü tam sağlam hiss edə bilər. Lakin bu müddət ərzində virus orqanizmdə xüsusi aktivliyə malik olur, immun sisteminə, xüsusilə CD4 limfositlərinə təsir göstərərək onların sayını tədricən azaldır. Simptomların olmaması infeksiyanın təhlükəsiz və ya qeyri-yoluxucu olması demək deyil. Şəxs öz statusunu bilmədikdə yoluxdurma riski daha da artır, çünki infeksiyanın mövcudluğundan xəbərsiz olmaq profilaktik tədbirlərin tətbiqini zəiflədir. Odur ki, vaxtında başlanılmış və müntəzəm qəbul edilən antiretrovirus terapiya (ART) qanda virus yükünü təyin olunmayan səviyyəyə qədər endirə bilir və infeksiyanın ötürülmə riskini minimuma endirir. Beləliklə, erkən diaqnostika, müntəzəm laborator müayinələr və müalicəyə sadiqlik həm fərdi sağlamlığın qorunması, həm də epidemioloji təhlükəsizliyin təmin olunması baxımından əsas strateji tədbirlər hesab olunur.
- Tibb işçiləri peşə fəaliyyəti zamanı təhlükəsizliklərini necə təmin etməlidirlər?
- İİV-in parenteral yolla ötürülməsini nəzərə alaraq, tibb işçiləri xüsusilə tibbi prosedurlar və digər invaziv müdaxilələr zamanı təhlükəsizlik tədbirlərini gözləməlidirlər. Xüsusilə kəsilmiş və ya dərin zədələr yüksək riskli yoluxma mənbəyi hesab olunur, çünki belə hallarda İİV-lə yaşayan şəxsin qanı birbaşa sağlam şəxsin qanına keçə bilər. Bu səbəbdən hər bir pasiyent potensial yoluxma mənbəyi kimi qəbul edilməli və onlarla işləyərkən müvafiq təhlükəsizlik tədbirləri tətbiq olunmalıdır. Bu məqsədlə işçilər əlcək, maska, qoruyucu geyim və eynəkdən istifadə etməli, iynə və digər kəsici alətlərlə diqqətlə işləməlidirlər. Tibbi alətlərin düzgün dezinfeksiya və sterilizasiyası infeksiyanın yayılma riskini minimuma endirir. Tibb işçisinin peşə fəaliyyəti zamanı təsadüfi zədələnmə baş verdikdə və İİV-lə yoluxma riski olan vəziyyətlərdə dərhal təmasdan sonra profilaktika (PEP) üçün müraciət etməlidir. Tibbi xidmət göstərərkən təhlükəsizlik tədbirlərinə riayət etmək həm tibb işçilərinin, həm də pasiyentlərin qorunmasını təmin edir. Bu məqsədlə, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən tibb işçiləri üçün “Tibb müəssisələrində İİV infeksiyasının profilaktikasına aid universal təhlükəsizlik qaydaları” adlı vəsait çap olunaraq tibb işçiləri arasında paylanıb.
- İİV-lə yaşayan şəxslərdə opportunistik infeksiyaların inkişaf riski nə üçün daha yüksəkdir?
- Opportunistik (fürsətcil) infeksiyalar İİV-lə yaşayan şəxslərdə immun sistemin zədələnməsi ilə əlaqədar orqanizmin patogen və şərti patogen mikroorqanizmlərə qarşı müdafiə qabiliyyətinin zəifləməsi səbəbindən meydana çıxan infeksiyalardır. Bu infeksiyalar tənəffüs yolları, həzm sistemi, dəri və yumşaq toxumalarda, eləcə də mərkəzi sinir sistemi və digər orqanlarda özünü büruzə verə bilər. İİV immun sisteminin əsas hüceyrələri olan CD4 limfositlərini hədəf aldığından, bədən normal müdafiə mexanizmlərini itirir və beləliklə, infeksiyalara qarşı həssaslıq xeyli artır. Opportunistik infeksiyaların erkən aşkarlanması, müvafiq diaqnostikası və müalicənin vaxtında tətbiqi İİV-lə yaşayan şəxslərin sağlamlığının qorunması və həyat keyfiyyətinin yüksəldilməsi üçün çox vacibdir. Həmçinin, profilaktik tədbirlər və daimi tibbi nəzarət bu infeksiyaların yaranma riskini azaldır. Bu baxımdan, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyatda olan İİV-lə yaşayan bütün şəxslər monitorinq planına uyğun olaraq, opportunistik infeksiyalara görə müayinə olunur, həmin infeksiyaların profilaktikasına cəlb olunurlar.
- İİV-lə yaşayan şəxslərdə ART preparatlarına qarşı rezistentlik hansı səbəbdən inkişaf edir və müalicəyə təsiri necə qiymətləndirilir?
- Rezistentlik, İİV-lə yaşayan şəxslərdə müalicədə istifadə olunan ARV preparatlarına qarşı virusun müqavimət göstərməsi nəticəsində yaranan vəziyyətdir. Bu vəziyyət müalicənin effektivliyinə mənfi təsir göstərir. Daha dəqiq desək, dərmanlar virusun çoxalmasını kifayət qədər dayandıra bilmir, nəticədə immun sistemi zəifləyir, yoluxduruculuq və opportunistik infeksiyaların yaranma riski artır. Antiretrovirus terapiyasının əsas şərtlərindən biri müalicəyə sadiqliyin olmasıdır. Rezistentlik əksər hallarda ART-nin özbaşına dayandırılması, preparatların müntəzəm olaraq qəbul edilməməsi və müalicə rejiminə düzgün riayət olunmaması səbəbindən ortaya çıxır. Antiretroviral preparatlara qarşı rezistentlik qeyd olunan zaman həkim tövsiyələrinə və Ekspert Komissiyasının qərarı əsasında müalicə sxemində dəyişiklik edilir. Bu o deməkdir ki, artıq effektiv olmayan preparatlar dayandırılır və virusu daha yaxşı nəzarətdə saxlaya biləcək alternativ dərmanlar və ya dərman kombinasiyaları tətbiq olunur. Müalicə sxeminin dəyişdirilməsi fərdi yanaşma tələb edir və kliniki-laboratoriya müayinələrin nəticələrinə əsaslanır. Belə ki, hər bir şəxsin virus yükü, CD4 limfositlərin sayı və əvvəlki dərmanlara qarşı cavab nəzərə alınır. Həmçinin, dərmanların düzgün qəbulu, müalicə sxeminə sadiq qalmaq və mütəmadi tibbi nəzarət bu prosesi daha da uğurlu edir.
- İİV-lə bağlı stiqma diaqnostika və müalicəyə necə təsir göstərir?
- İİV-lə bağlı stiqma, yəni cəmiyyətdə İİV-lə yaşayan şəxslərə qarşı ayrı-seçkiliyin olması, diaqnostika və müalicə proseslərinə əhəmiyyətli təsir göstərir. İnsanlar stiqmanın təsirindən səhiyyə xidmətlərinə müraciət etməkdən çəkinir, nəticədə virusun erkən aşkarlanması gecikir və müalicəyə başlama müddəti uzanır. Həmçinin, stiqma antiretrovirus terapiyasına riayət etməyə mane olur, çünki şəxslər bəzən dərmanlarını gizlətmək və tibbi məsləhətlərdən çəkinmək məcburiyyətində qala bilirlər. Bu vəziyyət virus yükünün artmasına, immun sistemin zəifləməsinə və opportunistik infeksiyaların yaranma riskinin artmasına gətirib çıxarır. Stiqmanın aradan qaldırılması və İİV-lə bağlı əhali arasında maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən ölkədə silsilə maarifləndirmə tədbirləri həyata keçirilir. Bu tədbirlərə ümumi əhali və risk qrupları arasında maarifləndirmə, tibb işçiləri arasında təlimlərin təşkili, həmçinin İİV-lə yaşayan şəxslərə dəstək proqramlarının təşkili daxildir.