Bakı Qara dəniz–Xəzər nəqliyyat forumuna ev sahibliyi edəcək
Sentyabrın 7–9-da Bakıda Qara dəniz–Xəzər regionunda nəqliyyat dəhlizlərinin inkişaf perspektivlərinə həsr olunmuş “Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments” adlı 5-ci Beynəlxalq Konfrans və Sərgi keçiriləcək. Tədbir “Four Seasons” otelində baş tutacaq.
Lider-media.az xəbər verir ki, Forumda dövlət qurumlarının, beynəlxalq maliyyə təşkilatlarının, liman və dəmir yolu şirkətlərinin, nəqliyyat və logistika sektorunun, investisiya dairələrinin, biznes və ekspert təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.
Tədbirin baş təşkilatçısı “RDL Group”, biznes tərəfdaşları isə “CASPIA” Analitik Mərkəzi və “TransConsulting” şirkətidir.
Forumun əsas müzakirə istiqamətlərindən biri Orta Dəhlizin inkişafı və onun Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında nəqliyyat əlaqələrinin genişləndirilməsində rolu olacaq. İştirakçılar dəhlizin inkişaf perspektivləri ilə yanaşı, onun praktiki səmərəliliyinə təsir edən əsas məsələləri – infrastrukturun ötürücülük qabiliyyətini, liman və dəmir yolu şəbəkələrinin mövcud vəziyyətini, müxtəlif nəqliyyat növləri arasında koordinasiyanı, investisiya ehtiyaclarını və logistika proseslərinin rəqəmsallaşdırılmasını müzakirə edəcəklər.
Xəzər dənizi üzərindən yükdaşımaların dinamikası, liman və dəmir yolu infrastrukturunun inkişafı, nəqliyyat operatorları arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də Mərkəzi Asiya və Cənubi Qafqazın nəqliyyat şəbəkələrinin Qara dəniz regionu və Avropa ilə daha sıx inteqrasiyası imkanları da forumun əsas müzakirə mövzuları sırasında olacaq.
Forum çərçivəsində regionda irəli sürülən yeni infrastruktur təşəbbüsləri, o cümlədən TRIPP – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity) layihəsi və onun regional nəqliyyat bağlantılarına mümkün təsiri də ayrıca nəzərdən keçiriləcək.
Bununla yanaşı, nəqliyyat infrastrukturuna investisiyaların cəlb edilməsi, multimodal daşımaların inkişafı, Xəzər və Qara dəniz üzərindən yükdaşımaların genişləndirilməsi, logistika proseslərinin rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.
“Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments” regionun nəqliyyat və logistika gündəliyində mühüm məsələlərin müzakirəsi, yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və investisiya perspektivlərinin nəzərdən keçirilməsi üçün aparıcı platformalardan biri olmağı hədəfləyir.
Səadət