Türkiyəli jurnalistlərin "Sülhün coğrafiyası: Qarabağ" proqramı çərçivəsində ölkəmizə səfəri başa çatıb



Türkiyə heyətinin Azərbaycana səfəri ilə bağlı "Zəfərdən sülhə" yekun bəyanatı ictimaiyyətə təqdim olunub
Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və Kültürlerarası Ağ Dərnəyinin birgə təşkilatçılığı ilə "Sülhün coğrafiyası: Qarabağ – Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq" proqramı həyata keçirilib.
Avqustun 3-dən 6-dək davam edən proqram çərçivəsində Türkiyənin aparıcı media qurumlarını və qeyri-hökumət təşkilatlarını təmsil edən jurnalistlər, ictimai xadimlər və təşkilat rəhbərlərindən ibarət 20 nəfərlik nümayəndə heyəti ölkəmizə səfər edib.
Səfərin məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və məskunlaşma prosesini yerində izləmək, "Böyük Qayıdış" proqramının nəticələri ilə tanış olmaq, Qarabağda baş verən dəyişiklikləri Türkiyə və beynəlxalq ictimaiyyətə birbaşa müşahidələr əsasında çatdırmaq olub. Proqram çərçivəsində Azərbaycanın regional sülh siyasəti, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı, eləcə də Zəngəzur dəhlizinin Azərbaycan, Türkiyə və bütövlükdə Türk dünyası üçün strateji əhəmiyyəti barədə geniş məlumat verilib.
Proqramın ilk günü nümayəndə heyəti Bakıda Ümummilli Lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını, Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib. Daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə keçirilən görüşdə Qarabağda bərpa prosesi, Cənubi Qafqazda davamlı sülh perspektivləri və müharibədən sonrakı regional vəziyyət müzakirə olunub.
Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən məlumatlandırma toplantısında isə sülh prosesi, Zəngəzur dəhlizi və Azərbaycan–Türkiyə əməkdaşlığının yeni imkanları ətrafında fikir mübadiləsi aparılıb. Proqramın uğurla təşkilinə və media fəaliyyətinin səmərəli əlaqələndirilməsinə verdiyi dəstəyə görə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Mətbuat müşavirliyinə təşəkkür ifadə olunub.
Qarabağ proqramı Ağdamdan başlayıb. Nümayəndə heyəti şəhərdə işğalın izlərini, bərpa olunan Ağdam Cümə məscidini, yeni yaşayış məhəllələrini və Ağdam Sənaye Parkını ziyarət edib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri minalardan təmizləmə işləri, təhlükəsiz məskunlaşma və qayıdan sakinlərin təhlükəsizliyi barədə məlumat veriblər. Qonaqlar Ağdama köçən ailələrlə görüşərək onların doğma yurda qayıdış təəssüratları ilə tanış olublar.
Xankəndidə şəhərdə həyata keçirilən infrastruktur layihələri, yaşayış və sosial obyektlərin tikintisi barədə məlumat təqdim olunub. Şuşada Cıdır düzü, Şuşa qalası, Yuxarı Gövhər ağa məscidi, Molla Pənah Vaqifin məqbərəsi, Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstləri ziyarət edilib.
Laçında Zabux və Sus kəndlərində aparılan quruculuq işləri, yeni yol və enerji infrastrukturu, eləcə də məskunlaşma layihələri ilə tanışlıq olub. Səfərin sonunda nümayəndə heyəti Bakıda Hərbi Qənimətlər Parkını və İçərişəhəri də ziyarət edib.
Proqram Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən yekun iclasla başa çatıb. Müzakirələr zamanı Qarabağda bərpa prosesi, regional sabitlik, Zəngəzur dəhlizinin geosiyasi və iqtisadi əhəmiyyəti, Azərbaycan–Türkiyə əməkdaşlığının perspektivləri, nəqliyyat və enerji layihələri, həmçinin səfər təəssüratlarının mediada işıqlandırılması məsələləri müzakirə olunub.
Yekunda nümayəndə heyətinin ortaq mövqeyini əks etdirən "Zəfərdən sülhə" adlı yekun bəyanat qəbul edilərək ictimaiyyətə təqdim olunub.
Proqram Qarabağ həqiqətlərinin birbaşa müşahidələr və faktlar əsasında beynəlxalq media məkanına çatdırılması baxımından mühüm platforma oldu. Türkiyəli jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri Ağdam, Xankəndi, Şuşa və Laçında aparılan bərpa işlərini, minalardan təmizləmə prosesini, yeni yaşayış məntəqələrinin qurulmasını və "Böyük Qayıdış" proqramı çərçivəsində doğma yurdlarına qayıdan insanların həyatını yerində müşahidə etdilər.
Səfər işğaldan sonra Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa siyasətini, regionun iqtisadi potensialını və formalaşan yeni inkişaf modelini əyani şəkildə nümayiş etdirdi. Eyni zamanda, proqram Türkiyə mediasında Qarabağ mövzusunun birbaşa müşahidələrə, insan hekayələrinə və faktlara əsaslanan daha dolğun şəkildə işıqlandırılmasına töhfə verdi.
Bu formatda proqramların davam etdirilməsi Azərbaycan–Türkiyə media əməkdaşlığının güclənməsinə, Qarabağda aparılan quruculuq işlərinin beynəlxalq auditoriyaya daha dolğun çatdırılmasına və Cənubi Qafqazda formalaşan sülh gündəliyinin obyektiv təqdim olunmasına mühüm töhfədir.