Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin və yerli bölmələrinin əməkdaşlarının, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə Ağstafa, Yevlax rayonlarının meşə sahələrində və Şahdağ Milli Parkının Quba bölməsində “Yanğın təhlükəsizliyi” mövzusunda növbəti praktiki təlimlər təşkil olunub.
Meşə və yaşıllıq ərazilərində baş verə biləcək yanğınların qarşısının alınması məqsədilə keçirilən təlimlər zamanı profilaktik tədbirlərin effektivliyinin artırılması, yanğınların vaxtında aşkar edilərək operativ şəkildə qarşısının alınması, eləcə də aidiyyəti dövlət qurumları arasında koordinasiya və əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.
Təlim zamanı yanğınların söndürülməsi üsulları, ilkin müdaxilə qaydaları və fövqəladə hallarda operativ fəaliyyət mexanizmləri iştirakçılara əyani şəkildə nümayiş etdirilib. Bu cür tədbirlərin keçirilməsi meşə və yaşıllıq ərazilərinin yanğınlardan qorunmasına, həmçinin əhalinin maarifləndirilməsinə mühüm töhfə verir.