Professor: "Azərbaycan–Qırğızıstan strateji tərəfdaşlığı Türk dünyasının birliyini daha da möhkəmləndirir"

Prezident cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas prioritet istiqamətlərindən biri Mərkəzi Asiya dövlətləri ilə siyasi, iqtisadi və humanitar əlaqələrin daha da möhkəmləndirilməsidir. Son illərdə bu istiqamətdə atılan ardıcıl addımlar Azərbaycanın Türk dünyasında strateji mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib.
2003-cü ildən etibarən Prezident cənab İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə 16 dəfə səfər etməsi, həmin dövlətlərin prezidentlərinin isə 26 dəfə Azərbaycana rəsmi və işgüzar səfərləri ölkələrimiz arasında qarşılıqlı etimada və yüksək səviyyəli tərəfdaşlığa əsaslanan münasibətlərin göstəricisidir. Ötən il Özbəkistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycanın bu formata tamhüquqlu iştirakçı kimi qəbul edilməsi ölkəmizin beynəlxalq nüfuzunun və regional əməkdaşlıqdakı rolunun daha da artdığını nümayiş etdirir.
Prezident cənab İlham Əliyevin Qırğızıstana son dövlət səfəri iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqlədi. Səfər çərçivəsində imzalanan sənədlər, xüsusilə dövlətimizin başçısının Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qəbul edilən Strateji Tərəfdaşlıq Bəyannaməsi dövlətlər arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir. Bu sənəd Azərbaycan və Qırğızıstan arasında dostluq və qardaşlıq münasibətlərinin uzunmüddətli strateji əsaslar üzərində inkişaf etdirilməsinə xidmət edir. Eyni zamanda, bu əməkdaşlıq yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə Türk dünyasının inteqrasiyasının möhkəmlənməsinə mühüm töhfə verir.
Səfər zamanı iqtisadiyyat, investisiya, nəqliyyat, logistika, kənd təsərrüfatı, energetika və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair mühüm sənədlər imzalandı. Xüsusilə Azərbaycan–Qırğızıstan İnvestisiya Fondunun nizamnamə kapitalının 100 milyon ABŞ dollarından 200 milyon ABŞ dollarına çatdırılması gələcəkdə birgə investisiya layihələrinin həyata keçirilməsi və iqtisadi əlaqələrin daha da genişlənməsi üçün möhkəm zəmin yaradır.
İssık-Kul gölünün sahilində Azərbaycanın inşa etdiyi beşulduzlu "Baku Resort & SPA" hoteli, eləcə də Qırğızıstanın Ağdam şəhərində tikdirdiyi "Manas" adına məktəb xalqlarımız arasındakı dostluğun və qardaşlığın rəmzinə çevrilib. Bununla yanaşı, Çingiz Aytmatovun Bakıda abidəsinin ucaldılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının salınması və qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi ortaq tarixə, dilə və mədəni irsə malik xalqlarımız arasında mənəvi bağların daha da möhkəmlənməsinə xidmət edir.
Prezident cənab İlham Əliyevin Qırğızıstanın birinci dərəcəli "Manas" ordeni, Prezident Sadır Japarovun isə Azərbaycanın ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edilməsi dövlətlərimiz arasında mövcud olan yüksək etimadın, qarşılıqlı hörmətin və liderlər arasında formalaşmış səmimi dostluğun bariz ifadəsidir.
Azərbaycan bu gün təkcə Qırğızıstanın deyil, ümumilikdə Mərkəzi Asiya dövlətlərinin Avropa ilə əlaqələrinin inkişafında mühüm körpü rolunu oynayır. Xüsusilə ölkəmizin təşəbbüsü ilə inkişaf etdirilən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz Mərkəzi Asiya ilə Avropa arasında ticarət, logistika və iqtisadi əməkdaşlığın genişlənməsində strateji əhəmiyyət daşıyır.
Dövlətimizin başçısının Qırğızıstana bu səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində daha da möhkəmləndiyini bir daha nümayiş etdirdi. Bu səfər eyni zamanda Türk dünyasında həmrəyliyin, qarşılıqlı etimadın və ortaq gələcəyə hesablanmış əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verən əlamətdar siyasi hadisə kimi qiymətləndirilə bilər.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor