lider-media.az

Kamilə Əliyeva: "Azərbaycan dili – milli kimliyimizin və dövlətçiliyimizin sarsılmaz dayağı"

Baxış: 112 Tarix: Сегодня, 14:22

Dünyada minlərlə dil mövcuddur və hər bir xalqın dili onun milli kimliyini, tarixini və mənəvi dəyərlərini yaşadan ən böyük sərvətdir.

Azərbaycan dili də dünyanın qədim, zəngin və ifadə imkanları geniş olan dillərindən biridir.

Əsrlər boyu dahi mütəfəkkirlərimiz ana dilində yaratdıqları ölməz əsərlərlə Azərbaycan dilini dünyaya tanıtmış, onun zənginliyini və qüdrətini nümayiş etdirmişlər.

Əcdadlarımızın bizə miras qoyduğu ana dilini qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə saf şəkildə ötürmək hər bir azərbaycanlının mənəvi borcudur. Çünki ana dili millətin varlığını və milli-mədəni irsini yaşadan əsas amildir.

Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.

Ötən əsrin 70-ci illərində SSRİ-də milli dillərin sıxışdırıldığı, onların istifadəsinin məhdudlaşdırıldığı bir dövrdə Heydər Əliyev

Azərbaycan dilinin müdafiəsində qətiyyətli mövqe nümayiş etdirdi. Onun 1969-cu ildə Azərbaycan rəhbəri kimi fəaliyyətə başladıqdan az sonra Bakı Dövlət Universitetinin 50 illik yubileyində

Azərbaycan dilində çıxış etməsi həmin dövr üçün böyük cəsarətin və milli iradənin ifadəsi idi.

Ümummilli Liderin təşəbbüsü ilə 27 aprel 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasına "Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir" müddəasının daxil edilməsi ana dilimizin hüquqi statusunun möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisə oldu.

Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan dilinin inkişafı naminə yazıçı və şairlərə, dilçi alimlərə, ziyalılara daim diqqət göstərir, ana dilində kitabların nəşrinə və milli-mədəni irsin təbliğinə hərtərəfli dəstək verirdi.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasına keçid milli inkişafın mühüm istiqamətlərindən biri oldu.

Ümummilli Lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis edildi.

Eyni zamanda, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili olması təsbit edildi.

Bu gün Prezident cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı siyasi kursunu uğurla davam etdirir. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar ana dilimizin zənginləşdirilməsi, müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi və saflığının qorunmasına xidmət edir.

 Prezident cənab İlham Əliyevin "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir" fikri milli-mənəvi dəyərlərimizin mahiyyətini dolğun şəkildə ifadə edir.

Ana dilimizin gələcəyi bugünkü gənc nəslin üzərinə böyük məsuliyyət qoyur. Gənclər Azərbaycan dilini sevərək öyrənməli, onu düzgün və zəngin şəkildə işlətməli, dilimizin saflığını qoruyaraq gələcək nəsillərə ötürməlidirlər.

Çünki Azərbaycan dilini yaşatmaq milli kimliyimizi, tariximizi və dövlətçiliyimizi yaşatmaq deməkdir.

Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi