Türkiyə yarım ildə 25,8 milyon xarici turist qəbul edib



Türkiyə 2026-cı ilin ilk yarısında 25,8 milyon xarici ziyarətçi qəbul edib. Bu barədə ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy iyulun 31-də İstanbulda keçirdiyi mətbuat konfransında məlumat verib.
Nazirin sözlərinə görə, yanvar–iyun aylarında Türkiyənin turizm gəlirləri ötən ilin eyni dövrünün səviyyəsini qoruyaraq 25,8 milyard ABŞ dolları təşkil edib.
Mehmet Nuri Ersoy bildirib ki, Yaxın Şərqdə davam edən regional gərginlik və qlobal qeyri-müəyyənliklər 2026-cı ilin ilk yarısında turizm tələbinə müəyyən təsir göstərib. O qeyd edib ki, Türkiyə münaqişənin tərəfi olmasa, ölkənin hava limanları və aviaşirkətləri fasiləsiz fəaliyyət göstərsə də, Yaxın Şərq hava məkanının bağlanması turist axınının müəyyən qədər azalmasına səbəb olub.
Nazir xatırladıb ki, 2025-ci ilin ilk altı ayında Türkiyə 26,4 milyon xarici ziyarətçi qəbul etmişdi. Cari ilin eyni dövründə isə bu göstərici 25,8 milyon olub.
“Bununla belə, ilin ikinci yarısına uğurlu başlanğıc etmişik və mövcud proqnozlarımız qarşıdakı aylarda daha güclü nəticələr əldə olunacağını göstərir. Həyata keçirdiyimiz strateji addımlar sayəsində turizm gəlirlərini ötən ilin səviyyəsində saxlamağa nail olduq və ilin ilk yarısını 25,8 milyard ABŞ dolları gəlirlə başa vurduq”, – deyə Mehmet Nuri Ersoy vurğulayıb.
Açıqlanan statistikaya əsasən, 2026-cı ilin ilk yarısında Türkiyədə turistlərin orta qalma müddəti 0,5 faiz artaraq 10,01 gecəyə çatıb. Bir gecə üzrə orta xərcləmə isə 2,6 faiz yüksələrək 109 ABŞ dolları olub.
İlk altı ayda Türkiyəyə ən çox turist göndərən ölkələr sırasında Rusiya Federasiyası 2,65 milyon nəfərlə birinci, Almaniya 2,44 milyon nəfərlə ikinci, Böyük Britaniya isə 1,58 milyon nəfərlə üçüncü yerdə qərarlaşıb.