Dostluq həm də xalqlar arasında etimadın və əməkdaşlığın möhkəmlənməsinin əsas dayaqlarından biridir
Baxış: 194
Tarix: Вчера, 11:08
Dünyadahər il 30 iyul Beynəlxalq Dostluq Günü kimi qeyd olunur. Bu əlamətdar gün 2011-ci il iyulun 27-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qəbul etdiyi A/RES/65/275 nömrəli qətnaməyə əsasən təsis edilmişdir. Qətnamənin əsas məqsədi insanlar, xalqlar, ölkələr və mədəniyyətlər arasında dostluq münasibətlərinin təşviq olunması, qarşılıqlı hörmət, həmrəylik və dialoq mühitinin möhkəmləndirilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsinə töhfə verməkdir. Bu təşəbbüs BMT-nin sülh mədəniyyətinin təşviqi istiqamətində həyata keçirdiyi fəaliyyətin mühüm tərkib hissəsi hesab olunur.
Müasir dünyada qlobal çağırışların artdığı, beynəlxalq əməkdaşlığın və qarşılıqlı etimadın xüsusi əhəmiyyət kəsb etdiyi bir dövrdə dostluq anlayışı təkcə fərdlərarası münasibətləri deyil, həm də dövlətlərarası əlaqələri möhkəmləndirən mühüm mənəvi və siyasi dəyər kimi çıxış edir. Dostluq qarşılıqlı anlayışın, etimadın və humanizmin təcəssümü olmaqla yanaşı, sabitliyin və davamlı inkişafın da əsas amillərindən biridir.
Dostluq insan həyatının ayrılmaz mənəvi dəyərlərindəndir. Səmimiyyət, sədaqət, etibar və qarşılıqlı dəstək üzərində qurulan münasibətlər fərdin mənəvi inkişafına, cəmiyyətlərdə birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət edir. İnsanlar arasında sağlam münasibətlərin formalaşması ailədən başlayaraq təhsil müəssisələrində, əmək kollektivlərində və bütövlükdə ictimai həyatda müsbət sosial mühitin yaranmasına zəmin yaradır.
Azərbaycan xalqı tarixən dostluq, tolerantlıq və multikulturalizm ənənələrinə sadiqliyi ilə seçilib. Müxtəlif millətlərin və dini konfessiyaların nümayəndələrinin ölkəmizdə qarşılıqlı hörmət və anlaşma şəraitində yaşaması bu dəyərlərin real həyat nümunəsidir. Azərbaycan dövləti də milli-mənəvi dəyərlərin qorunmasına, mədəniyyətlərarası dialoqun genişləndirilməsinə və xalqlar arasında əməkdaşlığın inkişafına xüsusi önəm verir.
Ölkəmizin xarici siyasətində də dostluq və etibarlı tərəfdaşlıq prinsipləri mühüm yer tutur. Qarşılıqlı hörmətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan münasibətlər Azərbaycanın bir çox dövlətlərlə səmərəli əməkdaşlığını daha da möhkəmləndirib. Bu əməkdaşlıq regional sabitliyin təmin olunmasına, iqtisadi əlaqələrin genişlənməsinə və humanitar sahədə qarşılıqlı fəaliyyətin inkişafına mühüm töhfə verir.
Beynəlxalq Dostluq Günü xüsusilə gənc nəslin humanizm, qarşılıqlı hörmət və həmrəylik ruhunda tərbiyəsi baxımından da mühüm əhəmiyyət daşıyır. Çünki sülhün, təhlükəsizliyin və davamlı inkişafın əsasında məhz insanlar və xalqlar arasında etimad, dialoq və dostluq münasibətləri dayanır.
Dostluq yalnız şəxsi münasibətlərin deyil, həm də xalqlar arasında etimadın və əməkdaşlığın möhkəmlənməsinin əsas dayaqlarından biridir. Tarix göstərir ki, qarşılıqlı hörmətə və etimada söykənən dostluq münasibətləri cəmiyyətlərin inkişafına, sülhün qorunmasına və ümumbəşəri dəyərlərin möhkəmlənməsinə xidmət edir. Bu baxımdan Beynəlxalq Dostluq Günü insanları mehribanlığa, qarşılıqlı anlaşmaya və həmrəyliyə səsləyən mühüm beynəlxalq təşəbbüsdür.
Beynəlxalq Dostluq Günü bir daha xatırladır ki, dostluq sərhəd tanımayan, insanları və xalqları bir-birinə yaxınlaşdıran ən ali mənəvi dəyərlərdəndir. Bu dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi sülhün, sabitliyin və firavan gələcəyin təmin olunmasının mühüm şərtlərindən biridir.