Türkiyənin turizm tanıtımı layihələri ABŞ-da nüfuzlu mükafatlar qazandı



GoTürkiye layihələri ABŞ-da keçirilən US International Awards 2026-da yüksək mükafatlar qazandı
Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin (TGA) GoTürkiye brendi çərçivəsində həyata keçirdiyi yaradıcı layihələr ABŞ-da keçirilən US International Awards 2026 müsabiqəsində yüksək mükafatlara layiq görülüb. "So Turkish, Go Turkish" kampaniya filmi, eləcə də "Antalya Gambit" və "İstanbul My Love" mini-serialları dünyanın nüfuzlu yaradıcılıq və kommunikasiya müsabiqələrindən birində Türkiyənin turizm tanıtımında tətbiq etdiyi innovativ yanaşmanın uğurunu təsdiqləyib.
GoTürkiye klassik reklam kampaniyalarından fərqli olaraq, kino dili və rəqəmsal hekayəçilik vasitəsilə Türkiyənin zəngin mədəni irsini, təbiətini və həyat tərzini beynəlxalq auditoriyaya təqdim edir. Məhz bu yanaşma layihələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinə səbəb olub.
US International Awards 2026 müsabiqəsində korporativ videolar, onlayn media, sənədli və müstəqil filmlər üzrə 25 ölkədən 100-dən çox finalçı yarışıb. GoTürkiye layihələri bir neçə nominasiya üzrə ən yüksək mükafatlara layiq görülüb.
"So Turkish, Go Turkish" – kateqoriyasının ən yüksək mükafatı
TGA və Türk Hava Yollarının birgə hazırladığı "So Turkish, Go Turkish" filmi "Korporativ videolar – Ölkə tanıtımı" kateqoriyasında Gümüş mükafat qazanıb. Bu kateqoriyada 2026-cı ildə Qızıl mükafat təqdim edilmədiyindən, film öz nominasiyası üzrə ən yüksək nəticəni göstərmiş hesab olunur.
Film Ayasofya, Kapadokya, Bosfor, Egey sahillərindəki ənənəvi süfrələr və digər simvolik məkanları təsirli vizual həllər və hekayəçilik vasitəsilə təqdim edərək Türkiyənin turizm potensialını nümayiş etdirir.
Mini-seriallar da beynəlxalq uğur qazandı
GoTürkiye-nin kino keyfiyyətində çəkilən mini-serialları da müsabiqədə yüksək qiymətləndirilib. Bu günədək təqdim olunan beş mini-serial beynəlxalq rəqəmsal platformalarda 7,69 milyard reklam nümayişi və 4,4 milyard baxış toplayıb. Layihənin sonuncu işi olan "Turquoise Summer" da yaxın vaxtlarda tamaşaçılara təqdim olunub.
Seriyanın ilk layihəsi "Antalya Gambit" "Onlayn və sosial media – Şəhər tanıtımı" kateqoriyasında Gümüş mükafata layiq görülüb. "İstanbul My Love" isə eyni kateqoriyada Finalçı mükafatı qazanıb.
Detektiv süjet üzərində qurulan "Antalya Gambit" izləyiciləri Türkiyə Rivyerasının mərkəzi sayılan Antalyaya aparır. Hər biri iki dəqiqə davam edən on bölümdən ibarət serialda şəhərin firuzəyi sahilləri, tarixi abidələri, kurortları və zəngin mədəni irsi kino dili ilə təqdim olunur.
Romantik süjet xətti üzərində qurulan "İstanbul My Love" isə İstanbulu sadəcə hadisələrin fonu deyil, hekayənin əsas qəhrəmanlarından birinə çevirir. Çırağan Sarayı, Galataport, Bosfor və Beyoğlu kimi məşhur məkanlarda çəkilən serial şəhərin dinamik atmosferini tamaşaçıya fərqli rakursdan təqdim edir və turizm tanıtımını əyləncə məzmunu ilə birləşdirir.